Təhsil naziri müəllimlərlə bağlı əmr verdi

29 İyun 2013 11:25 (UTC+04:00)
Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmr qeyd olunur ki, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilsin və vakant yerlərə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apellyasiya komissiyalarının tərkibi təsdiq edilsin.

Bundan əlavə, yeni əmrin icra işə bağlı ayrı-ayrı şöbələrə müvafiq tapşırıqlar verilib.

Tapşırıqlara əsasən, strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və onların məxfiliyini, o cümlədən müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələrinin Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin edəcək.

Yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin vaxtında bağlanılmasını, onlara xüsusi diqqət və qayğı ilə yanaşılmasını təmin etsinlər. Müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan, hər hansı bir səbəbdən işindən imtina edən müəllimlər, həmçinin dərs ili başladıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etsinlər. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə həvalə edilib.

AzNews.az