"Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq Anar Əliyev AzNews.az analitik-informasiya portalına açıqlama verib.
O bildirib ki, Azərbaycanın Ermənistana Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi və Cənubi Qafqazda sülh prosesinin davamlılığı ilə bağlı təklif verdiyi 5 maddədən ibarət razılaşma təəssüf ki, Ermənistan cəmiyyəti və siyasi hakimiyyəti tərəfindən müsbət qarşılanmadı.
“Ermənistan təkliflərə münasibət bildirilməsi üçün ATƏT-in Minsk qrupuna müraciət etdi. Hesab edirəm ki, Ermənistanın bu davranışının arxasında bir neçə ciddi məqsədlər dayanır.
Ermənistan bu addımı atmaqla, ikitərəfli münasibətlərin tənzimlənməsi ilə bağlı irəli sürdüyü təkliflərə münasibət bildirə bilməməsi ilə müstəqil siyasət yeritmək bacarığında olmayan bir dövlət olduğunu nümayiş etdirdi.
Bu təkliflərin ATƏT-in Minsk qrupuna göndərilməsi Ermənistan tərəfindən Minsk qrupunun dirildilməsinə növbəti cəhddir. Bu erməni havadarlarının Ermənistana verdiyi sifarişin nəticəsidir. Ancaq Azərbaycan dövləti Vətən müharibəsi ilə yeni reallıqlar yaradıb.
Azərbaycan dəfələrlə ATƏT-ın Minsk qrupu həmsədrlərinə və onların fəaliyyətinə ehtiyac olmadığını bəyan etmişdir.
Xüsusən nəzərə alsaq ki , ATƏT-ın Minsk qrupu həmsədrləri haqda Azərbaycan xalqında dəqiq təsəvvürlər mövcuddur.
30 ilə yaxın dövr ərzində ATƏT-ın Minsk qrupu məhz bir turist funksiyası yerinə yetirib. İki cəmiyyət arasında mövcud olan münaqişənin həlli ilə bağlı heç bir praktik addım atmayıb.
Məhz bu cür fəaliyyətlə “məşhurlaşan” bir təşkilata yenidən Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü təməl prinsipləri özündə əks etdirən təkliflərin göndərilməsi onu deməyə imkan verir ki, Ermənistan Azərbaycanla münasibətlərin tənzimlənməsində o qədərdə maraqlı görünmür”.
Politoloqun sözlərinə görə, Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasının əleyhinə olan revanşist qüvvələr var.
“Onlar Azərbaycanın irəli sürdüyü təklifləri Ermənistanda hakimiyyəti ələ almaq üçün qarşılarına qoyulan ən böyük zərbə kimi qiymətlədirirlər.
Çünki onlar çox gözəl başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimlənərsə, Ermənistan Azərbaycanın müəllifi olduğu bir çox logistik, transmilli ,enerji layihələrində iştirakçıya çevrilərsə, Ermənistan dövləti düşdüyü bataqlıqdan tezliklə xilas ola bilər. Bu Ermənistandakı revanşist düşüncəyə çox böyük zərbə vurmuş olar.
Ona görə də əks qüvvələr Ermənistandakı mövcud hakimiyyəti Azərbaycanın irəli sürdüyü təkliflərə cavab verməməyə məcbur etdilər. Azərbaycanın irəli sürdüyü təkliflər, yəni Ermənistan və Azərbaycanın qarşılıqlı sürətdə ərazi bütövlüyünün, sərhəd toxunulmazlığınını tanınması, dövlət təhlükəsizliyinə, dövlət suverenliyinə hər hansı addımlardan çəkinməklə bağlı öhdəliyin götürülməsi, dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin həyata keçirilməsi istiqamətində addımları atılması, paralel olaraq Ermənistan və Azərbaycan arasında müxtəlif istiqamətli kommunikasiya xətlərinin açılması istiqamətində razılığın verilməsi əks olunub”.
Anar Əliyev Ermənistanla Azərbaycan arasında böyük sülhü özündə əks etdirən bu təkliflər Azərbaycanın maraqları ilə yanaşı daha çox Ermənistanın maraqlarına xidmət etdiyini vurğulayıb.
“Ancaq təəssüf ki, Ermənistan cəmiyyətində siyasi elita Ermənistan dövləti və xalqının maraqlarını düşünməkdən çoxdan uzaqlaşıb.
Ermənistanda həm müxalif düşüncəli insanlar, həm də siyasi elita bu gün , ancaq hakimiyyət uğrunda mübarizəni düşünürlər. Onlar üçün Ermənistan dövlətinin və Ermənistan xalqının düşdüyü vəziyyət əhəmiyyət daşımır. Azərbaycanla münasibətlər normallaşarsa, Türkiyə ilə sərhədlər açılarsa, Ermənistan vətəndaşının sosial rifahının yüksələcəyini , hansı maddi sosial dəyişikliklərin baş verəcəyini dərk edirlər. Ancaq buna baxmayaraq, bu cür addımların atılması onu göstərir ki, Ermənistan siyasi elitası və Ermənistan müxalifəti erməni dövləti və onun taleyini düşünmür.Ermənistan bu addımı atmaqla öz gələcəyini sual altında qoymuş oldu. Ermənistan müstəqil dövlət olmağı deyil, havadarlarının əlinin altında vassal dövlət olmaq yolunu seçib”, - deyə politoloq qeyd edib.
Şəbnəm Zahir