Ssenari müəllifini polisə verən şəxs danışdı: “Kinoya baxan kimi DİN-ə yazdım”

29 İyun 2013 19:45 (UTC+04:00)
Sahə müvəkkili şikayətçinin ərizəsini niyə qəbul etmir?

AzNews.az-ın xəbər verdiyi kimi, "Carçifilm"in 2009-cu ildə istehsal etdiyi "Fosfor adam" filmində polisin təhqir olunması iddiası əsasında Yasamal rayon 29-cu Polis Bölməsində araşdırma aparılır.

Məlumata görə, iddiaçının filmin ssenari müəllifi İmir Məmmədlidən şikayətçi olduğu bildirilib. Əldə etdiyimiz xəbərdə o da deyilir ki, şikayətçi filmlə bağlı etirazını əvvəlcə qaynatasının polis olması ilə izah etsə də, sonradan qərəzli olduğunu, İTV-dən işdən çıxarıldığı üçün şikayəti qisas almaq məqsədi ilə etdiyini polisə etiraf edib. Sonradan şikayət ərizəsini geri götürmək istəsə də, polis araşdırmanı davam etdirir.

"Şikayətimi geri götürmək istəyirəm..."

AzNews.az şikayətçinin İmir Məmmədlinin keçmiş işçisi – Vüqar Şıxəliyev olduğunu öyrənib və onunla əlaqə saxlayıb. Hazırda ATV-də çalışan Vüqar Şıxəliyev AzNews.az-a açıqlamasında hadisələrdən təəssüfləndiyini və peşman olduğunu deyib: "Mən heç bilmirdim ki, filmin ssenari müəllifi İmir Məmmədlidir. İyunun 5-də film efirə gedəndə gördüm. Filmə yarımçıq baxdım. Yəni əvvəlini və sonunu görmədim. Həmin gördüklərim əsasında da Daxili İşlər Nazirinin saytına şikayət yazdım. Sonra məni 29-cu Polis Bölməsinə çağırdılar. Əgər ona mayor demək mümkündürsə, mayor Rəşad məndən izahat aldı. Qayınatamın polis olduğunu da ancaq o bilirdi. Filmə qarşı bu hisslərin haradan qaynaqlandığını soruşanda ona demişdim ki, qayınatam polis olub. Əslində bunun məsələyə dəxli də yoxdu. 15 ildir televiziyada işləyirəm. İmir müəllim mənim kurs rəhbərim olub. İTV-dən də başqa işə keçməyimlə əlaqədar ayrılmışam. Ortada hər hansı qərəz, qisas amili yoxdur. Sadəcə, film haqqında məlumatlı olmamışam. Araşdırmadan rəy bildirmişəm. Bu da mənim səhvimdir. Sonradan rejissorlarla məsləhətləşdim. Səhvimi başa düşəndə şikayətimi geri götürməyimlə bağlı başqa bir ərizə ilə Rəşada müraciət etdim. Ancaq o ərizəmi qəbul etmədi. Dedi ki, mən İTV-dən veriləcək etiraz məktubunu və filmin diskini alıb onlara verməliyəm. Filmi internetdən yükləmək olar. Etiraz məktubunu almaq isə mənim işim deyil ki. Ona görə də arxasınca düşmədim. Ərizəm də cibimdə qaldı".

"Vüqar Şıxəliyev özünü qeyri-ciddi aparır"

AzNews.az şikayət ərizəsinin qəbul edilməməsinin, təhqiqatın davam etdirilməsinin səbəbini də araşdırıb.

Sahə müvəkkili mayor Rəşad Mürşüdov vətəndaşın şikayətini geri götürməsi ilə bağlı ərizəsinin qəbul edilməməsini şikayətçinin qeyri-ciddiliyi ilə əsaslandırıb: "Belə bir fikri olduğunu mən bilmirəm. O özünü qeyri-ciddi aparır. İki telekanal arasında danışıq aparılıb. Vüqar Şıxəliyev öz iş yoldaşları ilə bizim rəisin yanında olub. Ərizəsi vardısa, elə onda rəisin yanında verərdi. Onun iş yoldaşları şahiddir ki, o heç bir ərizə verməyib. Həmin vaxtdan sonra da onu görməmişəm. Bir də ki, ərizəsi varsa, dəftərxanaya da verə bilərdi".

Sahə müvəkkilinin sözlərinə görə, araşdırmanın bağlanması üçün İTV-dən etiraz məktubu və ya şikayətçinin şikayətini geri götürməsi ilə bağlı ərizəsi olmalıdır: "Yalnız bundan sonra ondan daha bir izahat alıb araşdırmanı bağlaya bilərik".

Polis işi bağlamayıb, bunun səbəbini öz təbirincə izah etdi, amma bu bağlanmamış işi niyə araşdırmadığını, hətta şikayət olunan adamı belə dindirmədiyinin səbəblərini demədi.

Davamı olacaq.

Ruhiyyə
AzNews.az