“Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsi o deməkdir ki, biz tezliklə Qarabağın ermənilərin yaşadığı ərazilərimizdə də nəzarətimizi bərpa edəcəyik. Çünki, bu gün Azərbaycanın kifayət qədər gücü vardır ki, yarımçıq qalmış bütün məsələlərini həll etsin”.
Bu sözləri millət vəkili Azər Badamov AzNews.az analitik-informasiya portalına açıqlamasında deyib.
O bildirib ki, bu məslələrin həll olunması 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb.
“Üçtərəfli bəyanatın icra olunmadığı bəndlərdən biri də 4-cü bəndidir. Bu bəndə əsasən bölgəyə Rusiya sülhməramlıları daxil olması ilə paralel olaraq erməni hərbi birləşmələri ərazilərimizi tərk etməli idi. Biz üçtərəfli bəyayanatlara imza atanda Azərbaycanın suverən hüquqların bərpa olunmasını hesablamışdıq. Amma çox təəssüf ki, üçtərəfli bəyanatların icra olunmasında Ermənistan və Rusiya öz üzərinə düşən vəzifələrini icra etmirlər. Məhz Rusiya sülhməramlıların öz üzərinə düşən vəzifələrin icra etməməsi Qarabağın ermənilər yaşadığı ərazilərdə mütəmadi təxribatların baş verməsinə gətirib çıxardır. Azərbaycanın beynəlxalq hüququdur ki, öz suvernliyini təmin etsin və öz ərazisində antiterror əməliyyatları aparsın, təxribatçı qrupları zərərsizləşdirsin. Rusiya Azərbaycanı üçtərfli bəyanatların icra edilməməsinə görə qınamamalıdır. Burda üçtərfli bəyanatları icra etməyən Rusiya və Ermənistandır. Üçtərəfli bəyanatlar bu bəyanatı imzalamış bütün tərəfləri üzərində eyni məsuliyyəti yaradır. Azərbaycan öz torpaqlarını əbədi olaraq ermənilərin nəzarətinə vermək niyyətində deyil. Əgər rus sülhməramlılar öz vəzifəsinin öhdəsindən gələ bilmirlərsə, Azərbaycan yarımçıq qalmış məsələlərini öz gücü ilə həll edəcəkdir”.
A. Badamov Rusiyanın erməniləri yenidən boş ümidlərlə ruhlandıran açıqlamalar səsləndirməməli olduğunu deyib.
“Rusiyanın sülhməramlı missiyası və açıqlamaları Azərbaycanla imzaladığı müttəfiqlik sənədin ruhuna və ölkələrimiz arasında uzun illər formalaşmış dostluq və qonşuluq münasibətlərinə xələl gətirməməlidir. Azərbaycanın bütün addımları və planları regionda uzunmüddətli sülhün yaranması istiqamətində davamlı addımların atılmasından ibarətdir. Biz mövqeyimizi açıqlamışıq və qonşu ölkələrə də ədaləti dəstəkləməyə çağırış edirik”, - deyə deputat vurğulayıb.
Şəbnəm Zahir