Əli Kərimli nədən Fərrux zirvəsindən dərəyə yuvarlandı?

29 Mart 2022 17:13 (UTC+04:00)

AXCP sədri Əli Kərimlinin Rusiyanın Müdafiə Nazirliyinin heç bir əsası olmayan, saxta məlumatını yayaraq Azərbaycan dövlətinə, hakimiyyətinə, cəmiyyətinə necə “dərs keçdiyi”ndən ictimai-siyasi fəalların hər biri agahdır. Eyni zamanda məsələni diqqətdə saxlayanlar AXCP sədrinin Xocalı rayonundakı Fərrux yüksəkliyinə Azərbaycan ordusunun nəzarət etməsi konkret görüntülərlə sübut olunduqdan sonra söhbəti dəyişməyə çalışdığını da bilir. Bilməyənlər üçün qısaca deyim ki, Azərbaycan ordusunun son dərəcə strateji bir yüksəklik olan Fərruxda mövqe tutması barədə məlumat yayıldı, Ermənistan bununla bağlı “hay-həşir qopardı”, Rusiya isə Azərbaycanın guya məntəqəni tərk etməsi barədə məlumat yayaraq faktiki olaraq ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik nümayiş etdirdi. AXCP sədri Əli Kərimli isə məhz həmin dezinformasiyaya istinad edərək Azərbaycan hakimiyyətinə kin püskürdü.

Doğrusu, burada elə məsələlər var ki, Əli Kərimlilikdir, elə məsələlər var ki, təkcə onluq deyil.
Bilavasitə Əli Kərimliyə aid olmayan məsələlərdən başlayım.

Cəmiyyətimizdə siyasi mədəniyyət, siyasi mədəniyyətin tərkib hissəsi olan etiraf və üzrxahlıq yox səviyyəsindədir. Bu müstəvidə cəmiyyət siyasətçilərə qarşı daha amansızdır. Bir anlıq təsəvvür edək ki, hər hansı partiya rəhbəri, lap elə partiya rəhbəri yox, müəyyən ictimai statusa malik olan "Facebook" istifadəçisi yanlışlığının fərqində olmadan bir məlumat paylaşır, amma daha sonra həqiqət üzə çıxanda buna görə üzr istəyir. O adamı sosial şəbəkələrdə, yumşaq desək, ağ yuyub, qara sərərlər.

İkincisi, sosial şəbəkələrdə izləyici sayından asılı olmayaraq hər kəsin bir çevrəsi, babı var. Bu mikro-qrup kimin yanlış, kimin doğru, nəyin yalan, nəyin həqiqət olmasına əsla fikir vermədən qır verməklə məşğuldur. Bir az dərinə enəndə bu kütlənin deşarj olmaq ehtiyacından doğan psixoz vəziyyətidir.

Ancaq ən vacib məqam budur ki, Əli Kərimli öz şərqiləri ilə kütləyə deşarj yaşadan mərhum Müslim Gursəs deyil, siyasətçidir, həm də sıradan bir siyasətçi deyil, ölkəni idarə etməyə can atan iddialı bir fiqurdur.

Əvvəla, hər hansı bir addım atmamışdan, açıqlama verməmişdən öncə gərək ölkə rəhbəri olmaq iddiası ilə çıxış edən siyasətçi yüz ölcə, bir biçə. Təmkin alicənablığın əsasıdır. Əli Kərimlinin Rusiya MN-ə nazirliyinə istinadən cəmiyyəti çaşdırmağa qalxması haradan baxsan girəvəçilik, naşılıq, tələskənlikdir.

İkincisi, bir liderin çevrəsi olmalı, çevrəsində ona səhih xəbərlər, düzgün məsləhətlər verə biləcək şəxslər olmalıdır. Əgər Əli Kərimli Fərrux yüksəkliyindəki gerçək vəziyyətdən xəbərsizdirsə, deməli, onun hərbi ixtisaslı köməkçiləri yoxdur, bu məlumatsızlıq milli maraqlara zidd bir şəkildə üzə çıxırsa, üstəlik, PR xidməti də yarıtmazdır.

Bütün hallarda, mənim üçün o da maraqlı idi ki, son dərəcə ciddi, uzun illər polemikalarda əleyhinə istifadə olunacaq bir qəbahətə imza atmış Ə. Kərimli sırf siyasi lider olaraq necə bir krizis menecmenti sərgiləyəcək?

Son dərəcə bəsit, “top”u özündən uzaqlaşdırmağa çalışdırmaq, qarşısındakını günahkar çıxarmağa yönəlmiş bur tövr ortaya qoyuldu. Əli Kərimli “özünəbəraət”ini cəmiyyətin siyasi kültürünün aşağılığına, sosial şəbəkənin deşarj olunmaq effektinə hesabladı.
Məsələn, AXCP sədri deyir ki, müxalifətin işi iqtidarı yanlış addımlardan çəkindirməkdir (burada haqlıdır- T.Ş) və guya onun Rusiya MN-nin bülletenini tirajlaması Azərbaycan ordusunun Fərruxdakı mövqelərdən çıxmasını əngəlləyib. Bir balaca işin içində olan hər kəs başa düşür ki, Rusiya MN proqnoz yox, Azərbaycan dilinin qrammatikasına uyğun desək, şühudi keçmiş zamanda məlumat vermiş, artıq TAMAMLANMIŞ BİR FELdən bəhs etmişdi.
Əslində, bütün bunların üstündən keçmək, “bəxtsiz bir paylaşım” deyib diqqətdə saxlamamaq olardı. Ancaq məsələnin kökündə tamam başqa mətləblər dayanır.

Əli Kərimli digərlərindən daha cavan olsa da, birinci Qarabağ savaşı dalğasında üzə çıxmış siyasətçilər nəslinə aiddir. Bu nəsil məhz Qarabağ savaşındakı məğlubiyyətlər, faciələr dalğasında bir dəfə qısa müddət də olsa, iqtidara gələ biliblər. Siyasi refleksləri bu nəslin siyasətçilərini ona yönəldir ki, Qarabağ cəbhəsindən gələn istənilən uğursuzluq xəbərindən kütləni qızışdırmaq üçün istifadə etsinlər.

Digər vacib sosial-psixoloji xüsus bu kateqoriyadan olan partiya rəhbərlərinin müstəqillik dövrünün formalaşdırdığı ictimai-siyasi iradəyə malik olmamasıdır.

Üçüncüsü, Əli Kərimli elə bilir ki, o, “Slava Ukraina” deyəndə Co Baydenin, Rusiya MN-nin qəlp xəbərini paylaşanda Vladimir Putinin xoşuna gələcək, onlardan dəstək alacaq. Bu optimizm əslində “alışılmış çarəsizlik sindromu”nun yaratdığı təsəllidir.

Nəhayət bir məsələ barədə də düşünməyə dəyər.

Əli Kərimlinin “siyasi çətir” kimi istifadə etdiyi Milli Şura Rusiyada bu gün hesabları dondurulan oliqarxlar tərəfindən yaradılmamışdımı?

Nədən AXCP sədri bu qurumu hələ də süni nəfəs aparatına qoşub yaşatmaq istəyir?

Allah qapısını açsın, Gədəbəyin sabiq icra başçısı Saleh Məmmədov AXCP-yə Rusiyadan təkcə özünün və tanışlarının kiçik biznesdən qazandığı qəpik-quruşu göndərirdimi?

Suallar çoxdur.

Aydın olansa bircə budur ki, Azərbaycan müxalifətini ona görə ayaqda saxlayırlar ki, milli maraqları tapdalasın.

Taleh ŞAHSUVARLI