Martın 31-də Bakı Kitab Mərkəzində fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin qələmə aldığı “Məhşər Divanı: Yalanın 17 anı” sənədli romanının təqdimat mərasimi keçirilib
AzNews.az xəbər verir ki, tədbirdə 31 mart soyqırımı qurbanlarının, eyni zamanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra kitabın məzmunundan bəhs edən videoçarx nümayiş etdirilib.
Təqdimat mərasimində dövlət
qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları kitab haqqında fikirlərini bölüşüb.
Yazıçı Çingiz Abdullayev, millət vəkili Fazil Mustafa, millət vəkili Ziyad Səmədzadə, Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru Kərim Şükürov, hüquq müdafiəçisi Novella Cəfəroğlu, yazıçı Varis çıxış edərək əsərin əhəmiyyəti, erməni vandalizmi haqqında maraqlı fikirlər səsləndiriblər.
Millət vəkili Fazil Mustafa bildirib ki, düşmənə kitabda, elmdə qalib gəlməliyik. Buna görə də bu cür yaradıcı işlərin görülməsi, cəmiyyətə aşılanması, öyrətmək, tanıtmaq istiqamətindəki təşəbbüslər vacib əhəmiyyətə malikdir.
Yazıçı Çingiz Abdullayev kitabın maraqlı süjet və ideyası olduğundan bəhs edərək vurğulayıb ki, artıq heç nəyi gizlətmədən öz tariximizi bilib, həqiqətləri yaddan çıxarmamağın zamanı çatıb.
Tarix elmləri doktoru Kərim Şükürov əsərin janrına diqqət çəkərək söyləyib ki, əsərdə bəhs olunan utopik məhkəmənin reallaşacağına, beynəlxalq məhkəmələrdə hüquqi şəkildə öz əksini tapacağına ümid edir.
Sonda çıxış edən əsərin müəllifi Adəm İsmayıl Bakuvi qeyd edib ki, qələmə aldığı “Məşhər divanı: Yalanın 17 anı” romanı dünyada və coğrafiyamızda yaşanan insanlığazidd əməllərin kiçik epizodlarına ani bir nəzər salmaq məqsədi daşıyır.
Kitab erməni separatizminin zülmünə məruz qalan yurdundan-yuvasından didərgin salınmış, milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların xatirəsinə ithaf olunub.
“Məhşər Divanı: Yalanın 17 anı” adlı sənədli roman real tarixi hadisələrdən bəhs edir.
Əsərdə Stepan Zatikyan, Vardan Araveltsi, Harutyun Şaxrikyan, Mkrıtç Xrimyan, Yepiskop Mesrop, Andranik Ozanyan, Asatur Vaçyants, Hamazasp Srvantsyan , Qaregin Njde, Krik Kerkoryan, Eduard Qriqoryan, Telman Qdlyan, Abel Ağandekyan, Monte Melkonyan, Kim Kardaşyan və Zori Balayanın utopik məhkəməsi təsvir olunur.
Erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında böyük önəm daşıyan əsərin 4 dildə-türk, rus, ingilis,erməni dillərinə çapı nəzərdə tutulur.
Kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır.
Sənədli romanın beynəlxalq rəyçiləri isə ISESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək və Vadim Viktoroviç Mixaylovdur.
Şəbnəm Zahir