Azay Quliyev ATƏT PA-da iştirak edəcək

1 Aprel 2022 18:15 (UTC+04:00)

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev aprelin 2-dən 5-nə kimi Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində səfərdə olacaq.

Aznews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfər çərçivəsində Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək.

İclasda qurumun məsul şəxslərinin məruzələri dinlənəcək, ATƏT regionundakı ictimai-siyasi vəziyyət müzakirə olunacaq, ATƏT PA-nın fəaliyyəti haqqında məlumat veriləcək, Assambleyanın qarşıdakı 29-cu illik sessiyasının qərar və hesabat layihələrinə və digər məsələlərə baxılacaq.

İclasda ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev məruzə ilə çıxış edəcək.