Əliyev-Paşinyan görüşündə hansı razılıq əldə oluna bilər?

5 Aprel 2022 11:38 (UTC+04:00)

Avropa İttifaqının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında növbəti görüşün olması gözlənilir.

Mövzu ilə bağlı siyasi ekspert Elçin Mirzəbəyli AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, Brüssel görüşündə sülh müqaviləsinin imzalanacağı gözlənilmir, çünki buna mane olan amillər var.

“Ermənistan tərəf Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə söykənən təkliflərini qəbul etdiyini bildirsə də, mütəmadi olaraq bu prinsiplərə zidd olan iddialarla çıxış edir.

Bu iddialar nə regiondakı mövcud reallığa, nə də Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə uyğun gələn mövqeyi ilə üst-üstə düşmür. Ermənistanın yanaşma tərzi, proseslərə mövqeyi paradoksaldır.

Bir tərəfdən bəyan edir ki, Azərbaycan tərəfin təklifləri ilə razıyıq. Hansı ki, bu təkliflərdə tərəflərin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıması, sərhədlərin tanınması kimi əsas müddəlar var.

Belə olduğu təqdirdə şübhəsiz ki, Ermənistan bütün iddalardan əl çəkməlidir.

Ancaq istər Nikol Paşinyanın , istərsə də xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarından aydın olur ki, onlar ermənilərin taleyiylə, ərazi məsələsi olmasa da hüquqi müstəvidə təhlükəsizlikləri ilə bağlı məsələlərdən narahatdırlar. Onların qənaətinə görə status məsələsi həll olunmalıdır. Status məsələsində isə Azərbaycanın mövqeyi hər kəsə bəllidir. Azərbaycan üçün münaqişə başa çatıb.

Bundan sonra bu konteksdə olan hansısa müzakirənin aparılması mümkün deyil”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycanın mövqeyi ilə Ermənistanın yanaşması mahiyyət etibarı ilə ziddiyət təşkil edir.

“Eyni yanaşma tərzi 10 noyabr bəyanatının prinsiplərinin həyata keçirilməsində də özünü göstərir.

Burada qeyri-qanuni erməni silahlı dəstələrin Azərbaycan ərazilərini tam tərk etməsi ilə bağlı, kommunikasiyaların , o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəlar var. Ermənistanın mövqeyi isə həm 10 noyabr bəyanatının icrası , həm daha sonra bu bəyanata uyğun şəkildə imzalanmış sənədlərin mahiyyətinə uyğun gəlmir. Belə olduğu təqdirdə həm də məsələnin məhz Brüsseldə baş tutduğunu nəzərə alaraq sülh müqaviləsinin imzalanması üçün yekun bir qərarın ortaya çıxacağı gözlənilmir”.

Ekspert Brüssel görüşünün tərəflər arası münasibətdə rolundan da bəhs edib.

“İstənilən dioloq müsbət təsir bağışlayır. Bundan öncə də Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə görüş keçirilib. Həmin görüşdən sonra müəyyən pozitiv addımların atılmasına cəhd olunub.

Hesab edirəm ki, Brüssel görüşündə 10 noyabr bəyanatının prinsiplərinin müdafiə olunması, regionda sülhün və təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə müəyyən bəyanat və yaxud hansısa sənəd qəbul olunsun.

Avropa İttifaqı tərəfindən yekun bəyanat verilə bilər, amma nəticə etibarı ilə bunun prosesdə nə dərəcə rol oynaya biləcəyi müəyyən qədər sual altındadır. Bütün hallarda bu dioloq prosesin davam etdirilməsi üçün müsbət addımdır”, - deyə E. Mirzəbəyli vurğulayıb.

Şəbnəm Zahir