Prezident dini inanclara təhqiri qadağan edən qanun imzaladı

30 İyun 2013 22:04 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin dini inancları olan insanlara edilən təhqirlərin qarşısını almaq məqsədilə Rusiya Cinayət Məcəlləsinə edilən əlavələri imzalayıb. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni tənzimləmə imanlıların dini hisslərini zədələyə biləcək təhqirlərdən istifadə edənlərin cinayət məsuliyyətinə cəlb olunmasına imkan verir.

Prezidentin internet saytında yer alan açıqlamada yeni tənzimləmənin detalları da açıqlanıb. Belə ki, Cinayət Məcəlləsinə əlavə olunmuş yeni qanuna görə, dini inanclara təhqir məqsədilə cəmiyyətə qarşı hörmətsizlik edən ictimai tədbirlərdə iştirak edənlərə 300 min rubl (təxminən 10 min dollar) pul cəzası, 240 saat və ya 1 ilə qədər məcburi iş, yaxud 1 il müddətində həbs cəzası veriləcək.

Bu cinayətin dini mərasim və ibadətlərin edildiyi xüsusi yerlərdə işlənməsi halında isə günahkar şəxsə 500 min rubl (təxminən 16 min dollar) pul cəzası, 480 saat və ya 3 ilə qədər məcburi iş, yaxud 3 ilə qədər həbs cəzası verilə bilər. Qanun 1 iyul tarixindən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Rusiyada dini inanclara təhqir edənlərin cinayətə cəlb olunması ilə bağlı müzakirələr, rus musiqi qrupu "Pussy Riot"un üç üzvünün Moskvadakı kilsələrdən birində Putin və kilsə əleyhinə mahnı oxumaları ilə başlamışdı.

AzNews.az