İmran Xanın istefasında Amerika izi

7 Aprel 2022 13:51 (UTC+04:00)

Bir neçə gün öncə Pakistanın Baş naziri İmran Xan vəzifəsindən istefa verdi. Öncəki gün - aprelin 3-də ölkənin parlamenti buraxıldı, ardınca Nazirlər Kabineti istefaya göndərildi. Daha sonra İmran Xanın rəhbərlik etdiyi hərəkatdan və koalisiyadan 13 deputat ayrılaraq müxalifətə tərəf keçdi. Müxalifət ölkədəki bahalaşma və korrupsiyanı əsas gətirərək baş nazirə qarşı impiçment təşkil etməyə çalışdı. Yerli qanunlara əsasən Pakistanda 90 gün ərzində yeni parlament seçkiləri keçiriləcək, o vaxtadək İmran Xan vəzifəsini icra edəcək.

2018-ci ildə hakimiyyətə gələn İmran Xan sülhsevər siyasət aparıb, qonşu ölkələrlə, o cümlədən Hindistanla gərginliyin müharibəyə çevrilməsinə imkan verməyib, müsəlman ölkələri ilə isti münasibətləri qoruyub saxlayıb. Pakistanın yerləşdiyi Mərkəzi Asiya, istər də Cənubi Şərqi Asiya bölgəsində ciddi strateji ağırlığının olmasında, geosiyasi nöqteyi-nəzərdən mövqeyinin güclənməsində baş nazir İmran Xanın da apardığı siyasətin böyük rolu olmuşdur. Necə oldu ki, bü cür praqmatik siyasətin ardından o istefaya göndərildi? İmran Xan özü Pakistanda baş verən son hadisələrdə ABŞ-ı günahlandırıb. Xanın apardığı xarici siyasətə baxsaq əslində arxa planda Amerikanın olma ehtimalı yüksəlir.

Təxminən 4 il öncə Amerikanın o zamankı prezidenti Donald Tramp Pakistan rəhbərliyini terrorizmi dəstəkləməkdə və müttəfiqliklə bağlı olan öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq, 2018-ci il yanvarın 1-dən etibarən Pakistana maliyyə yardımını dayandırdı. Bir zamanlar Cənubi Asiya və Yaxın Şərqdə özünün ən mühüm hərbi və siyasi müttəfiqi hesab edilən İslamabadla ABŞ arasında münasibətlərin soyuması İmran xanın apardığı müstəqil xarici siyasətlə bağlı oldu. ABŞ İslamabadın Yaxın Şərqdə Amerika nüfuzunun etibarlı dirijoru olaraq qalacağını ümid edirdi. Lakin Pakistan Amerikanın Əfqanıstanda terrorizmə qarşı mübarizə hərəkatına dəstək versə də, Şimali Əfqanıstanda dini və fundamentalist qrupların tam məhv edilməsinə qarşı çıxmışdır. Birləşmiş Ştatlar isə Pakistan hökumətini yalnız terroristlərlə mübarizə aparmamaqla yanaşı, öz ərazisində terror bazalarının yerləşdirilməsinin mümkünlüyünü təmin etməkdə ittiham edirdi.

Soyuq müharibə dövründən Pakistanın qonşu İranla yaxşı münasibətləri mövcuddur. Bu münasibətlər, ümumi problemlər və iqtisadi maraqların mövcudluğu sayəsində İmran xanın dövründə də inkişaf edərək güclənib.

Çin, İran kimi “Soyuq Müharibə” zamanı Pakistanın yaxın tərəfdaşı oldu. İki ölkənin yaxınlaşmasına ortaq strateji düşmənləri olan Hindistan, eləcə də Pakistan və Çinin Mərkəzi və Cənubi Asiyada sovet təsirinə qarşı ortaq mübarizə aparmaları səbəb oldu. İslamabad Tibet, Tayvan və Sincanın Çinin tərkib hissəsi kimi tanıyıb. Çin isə Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Taliban üzərində ciddi təsirə malik olan Pakistan bu prosesdə həlledici amildir və mümkündür ki, İslamabad Çinin Talibanla işləməsinə, bölgənin stabilləşməsinə kömək edir, ABŞ-ın bölgə üzərindəki planının önünü kəsir.

İmran Xanın öncəki əlaqələrinin yönünü dəyişdiyi ölkələrdən biri də Rusiyadır. İndi Pakistan və Rusiya tək iqtisadi əməkdaşlığını deyil, həm də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını sürətlə artırır. Məsələn, Rusiya, ənənəvi hərbi tərəfdaşı Hindistanın mənfi reaksiya göstərməsinə baxmayaraq, Pakistana müəyyən silah növlərini təqdim edir. Hazırda hər iki dövlət, Mərkəzi Asiya regionunda, o cümlədən Əfqanıstanda nisbi sabitliyin qorunub saxlanmasında ümumi maraqlara malikdir. Rusiya şirkətləri üçün Pakistanın enerji sənayesinə yatırılan sərmayələr böyük maraq doğurur. Bu il fevralın 23-də İmran Xan Moskvaya səfər edərək Rusiya prezidenti Putinlə görüşüb, əlaqələrin inkişafını müzakirə edib.
Görünür ki, İmran Xanın ABŞ-ın xarici siyasət kursundan aslı olmadığını nümayişkaranə şəkildə göstərməsi, Vaşinqtonu proseslərə müdaxilə etməyə vadar edib. Təsadüfi deyil ki, İmran Xanın Moskva səfərindən az sonra parlamentdə baş nazirə qarşı “qiyam” baş verib. Müasir Pakistan hərbi-siyasi, həm də iqtisadi elitasının Amerika Birləşmiş Ştatları ilə çox yaxından bağlı olduğunu, pakistanlı bir çox yüksək vəzifəli məmur və generalın ABŞ-da təhsil aldığını, onlar Birləşmiş Ştatlarla münasibətlərin tam şəkildə pozulmasında maraqlı olmadığını nəzərə alsaq, hadisələrdə Vaşinqtonun izlərini görmək çətin olmaz.
Düşünürəm ki, İmran Xan istefa qərarı və yeni seçkilər təyin edilməsi ölkə daxilində yaranmış siyasi böhranın qarşısını almaq məqsədi daşıyır. Bu mənada yenidən baş nazir seçilmə ehtimalı da yüksəkdir. İmran Xanı əvəzləyəcək şəxs qərbyönümlü insan olacaq. Əks təqdirdə başqa bir “İmran Xan”ın hakimiyyətə gəlməsi Qərbin geosiyasi maraqlarına xidmət etmir.

Bizim üçün əsas məqam Pakistan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlığının davam etməsi və inkişafıdır. Çünki bu, həm Avrasiyanın gələcəyində daha güclü mövqe tutmağımız, həm də Türkiyənin regional güc kimi irəliləməsi baxımından əhəmiyyətlidir. Lakin düşünmürəm ki, İmran Xanın hakimiyyətdən getməsi əlaqələrə ciddi təsir göstərsin. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu, Pakistan dövlətinin strateji xəttidir və həmin yoldan imtina olunmayacaq. Lakin istənilən halda İmran Xan kimi müstəqil siyasət yürüdən liderin istefa verməsi arzuolunmaz vəziyyətdir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi