Millət vəkili Sahib Alıyev Milli Məclisdə cari məsələlərə ayrılan vaxtda çıxış edib.
AzNews.az həmin çıxışın mətnini təqdim edir:
"- Hörmətli xanım sədr, dəyərli həmkarlar, mən burada Brüssel danışıqları və ondan sonra regionda baş verənlərlə bağlı fikirlərimi bölüşmək istəyirəm. Brüsseldə tam aydın oldu ki, Azərbaycanla Ermənistan arasında danışıqların formatını da, gündəliyini də, fəlsəfəsini də rəsmi Bakı müəyyənləşdirir. Nə Ermənistanın mantralaşdırdığı Minsk qrupu həmsədrlik institutu var, nə də onların “Arsax” adlandırdıqları nəsnə.
Brüsseldən sonra Ermənistan xarici işlər naziri Mirzoyanın Moskvada Lavrovla məsləhətləşmələrində də həmsədrlik institutunun yoxluğu böyük təəssüf hissiylə təsbit edildi. Amma orada Rusiya təmsilçisi yenə olmayan “Dağlıq Qarabağ”dan danışırdı. Əgər Prezident Putin özü belə sözü gedən konfliktin başa çatdığını deyirsə, maraqlıdır, bu ifadə niyə və hansı məqsədlə bəzi Rusiya rəsmlərinin dilindən düşmür?
Və orası da maraqlıdır ki, Lavrovla məsləhətləşmələrdən dərhal sonra Ararat Mirzoyanın rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi Azərbaycanı guya Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində "tam etnik təmizləmə" aparmaq niyyətində suçlandırdı. Halbuki bizim dövlətimiz Qarabağda yaşayan haylara qarşı etnik təmizləmə aparmağa yox, onları separatçı-terrorçu ünsürlərin zülmündən tam qurtarmağa, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizə reinteqrasiyalarına çalışır.
Nəsli öz doğma yurd yerində etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlıdan biri kimi buradan bildirirəm ki, dövlətimiz doğru siyasət yeridir. Həm də ona görə doğru siyasət yeridir ki, haylar burada kompakt şəkildə necə yaşayırlarsa, azərbaycanlılar da indi Ermənistan adlandırılan dədə-baba torpaqlarına qayıdaraq o cür yaşamalıdırlar.
Sonda Qərbdə Ukraynadakı prosesləri Rusiya mediasındakılardan 180 dərəcə fərqli təqdim edən, amma 90-cı illərdə də, 44 günlük savaş zamanı da, elə indi də Qarabağda baş verənlərə, o sıradan Fərrux kəndi ətrafındakı hər kəsə bəlli olaya yanaşmada onlarınkına bənzər mövqe ortaya qoyan, son günlər “Parux” deyərək dad döyənlərə səslənirəm, siz bəyəm onun əsl adının Fərrux olduğunu bilmirsiniz?! Fərruxda yaşayanlar üçün göz yaşı axıdırsınız. Bəs oradakı kütləvi məzarlıqlar haqda niyə susursunuz?
Guya siz bilmirsiniz ki, Fərrux “Parux” olmadığı kimi, Göyçə də “Qeqarkunik”, Zəngəzur da “Sünik” deyil?
Özünüzünkülərin yüz il və daha əvvəl tərtib etdikləri xəritəyə baxın görün həmən yer adları orada necə yazılıb. Qarabağdakı hayların haqqlarından yazır, danışır göstərirsiniz. Bəs Ermənistanda etnik təmizləməyə uğrayanlardan niyə bir kəlmə söz etmirsiniz. Sizin obyektivliyiniz, söz azadlığı, demokratiya, insan haqları anlayışınız budursa, başınıza dəysin.
Diqqətinizə görə təşəkkür edirəm!"