Hərbçilərimiz bir sıra tədbirlərdə iştirak edəcək

1 İyul 2013 08:24 (UTC+04:00)
Azərbaycan hərbçiləri NATO ilə Azərbaycan arasında imzalanmış "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında keçirilən tədbirlərdə iştirak edəcəklər.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yay dağ təlimi üzrə təkmilləşdirmə kursu 1-12 iyul tarixlərində Andermat (İsveçrə) şəhərində keçiriləcək.

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən, bu gün Bakıda Müdafiə sahəsində ikitərəfli məsləhətləşmələr konfransı başlayır. Tədbir iyulun 7-dək davam edəcək.

Bu gün Vışkovda (Çex Respublikası) Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Əməliyyat atıcılıq kursu da başlayır.

Sabah isə Vilnüsdə "Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti Tərəfdaşlığını irəli aparmaq: Şərq Tərəfdaşlığı" seminarı start götürəcək.

İyulun 7-də Bakıda NATO Dəstək Agentliyi tərəfindən məlumatlandırma seminarı işə başlayacaq.

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 8-12 iyul tarixlərində Beynəlxalq CAX (Kompüter Dəstəkli Təlim) seminarı isə Vildflekkendə (AFR) keçiriləcək.

Bundan başqa, 8-12 iyulda Marmarisdə (Türkiyə) Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi kursu, 8-26 iyulda isə Vışkov (Çex Respublikası) Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Komanda və Qərargah kursu baş tutacaq.


AzNews.az