"Beynəlxalq ictimaiyyət açıq mətnlə bizi təhlükədən xəbərdar edir ki, siz Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkəsiniz. Onlar bizə çatdırırlar ki, rəsmi Yerevanın bu mövqeyi təkcə Qarabağ üçün yox, elə Ermənistan üçün də böyük təhlükədir. Beynəlxalq ictimaiyyət bizə deyir ki, Dağlıq Qarabağ məsələsində gözləntilərinizi bir balaca aşağı salın. Belə olsa, böyük beynəlxalq dəstək təmin etmiş olarsınız. Əks halda bizdən heç bir kömək gözləməyin. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və gözləyir ki, Qarabağın azərbaycanlı əhalisi tam məskunlaşdıqdan sonra bölgənin statusu və taleyi məsələsinin müəyyənləşdirilməsində azərbaycanlılar da iştirak etsin"- Ermənistanın Baş naziri Nikol Paşinyanın bu çıxışı ölkəsində siyasi təlatüm yaradıb.
Paşinyan mümkün qədər açıq formada deyib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasalar, Türkiyə və Azərbaycan İrəvanı məngənədə sıxacaq. Nikol bu məngənin dəmir yumruqla sıxılacağının da fərqindədir. 44 günlk müharibədə ordusunun 3/2-i sıradan çıxarılmış Ermənistanın isə nə Azərbaycanla, nə də Türkiyə ilə savaş aparmağa gücü var. Ağızları ilə quş tutsalar da Ermənistan ordusunun restavrasiya etmələri mümkün deyil.
Qalır bircə yol- Azərbaycan və Türkiyə ilə anlaşmaq. O gün yazmışdım, bir daha təkrar edirəm. Paşinyanı iqtidara Qərb gətirib. Rusiya-Ukrayna çatışmasından sonra Qərb ondan real addımlar ataraq Rusiyanın Ermənistana təsirini qırmağı tələb edir. Ermənistanı Qərbə çıxaracaq yeganə yol isə Türkiyədən keçir. Sərhədlər açılmalıdır. Bunun üçün yeni yanaşma ortaya qoyulmasına ehtiyac var. Paşinyan bu yöndə çıxışlar edir. Ermənistan cəmiyyəti onun "yeni yanaşma"sını qəbul etməyə nə qədər hazırdır, bu, başqa məsələdir.
Paşinyanın məlum çıxışından sonra Xankəndidəki çətə qalıqlarının lideri Arayik bir toplantı keçirib, aqoniya vəziyətində "durumu toparlamağa" çalışır. Dünən o, Ağdərə sakinləri ilə görüşüb və "Arstaxın gələcəyi" barədə üç ehtimal açıqlayıb:
- "De-fakto müstəqillik" davam edir, rus sülhməramlıları müddətsiz bölgədə qalır, mövcud "status-kvo" dəyişmir.
- Real görünməsə də "Artsax" Ermənistana birləşdirilir;
- Xankəndi vertikal formada Rusiyanın nəzarətinə keçir.
Bəribaşdan deyək ki, üçüncü ehtimal Azərbaycana qarşı psixoloji təzyiq üçün uydurulub, blefdir. Rusiya heç bir halda və formada Xankəndində Osetiya, Abxaziya, Luqansk formatı tətbiq etməz, edə bilməz.
"Artsax"ın Ermənistana birləşdirilməsi də mümkün deyil, çünki keçmiş DQMV vaxtilə xüsusi qərarla Ermənistana birləşdirilmiş, daha sonra bundan imtina olunmuşdu. Yəni, Arayikin dediyi kontektdə məsələ bitmişdir. Bu gün də sonra Ermənistan belə bir cəhd edə bilməz.
Birinci punkta gəldikdə isə, əvvəla Arayikin özünün "səlahiyyət müddəti" bitir, Xankəndi və ətrafında yeni "seçki şousu" düzəldilməsinə Azərbaycan imkan verməyəcək. İkincisi və ən başlıcası, rus sülhməmlıların bölgədə qalma müddəti də, bu müddətin artırılması qaydası da Üçtərəfli Bəyanaytda aydın göstərilib. Bu müddət artsa da, artmasa da, rus sülhməramlıların görəvi Arayikin qondarma rejimini qorumaq deyil, mülki əhalinin təhlükəsizliyinə təminat olmaqdır. Başqa sözlə, rus sülhməramlıları Xankəndinin "de-fakto müstəqilliyinə" və "status-kvo"nun davamına vəsilə ola bilməz.
Bütün hallarda, Arayikin yuxarıda sadaladıqları ilə Nikol Paşinyanın ümidi ("Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və gözləyir ki, Qarabağın azərbaycanlı əhalisi tam məskunlaşdıqdan sonra bölgənin statusu və taleyi məsələsinin müəyyənləşdirilməsində azərbaycanlılar da iştirak etsin") arasında kəskin ziddiyyət var. Bu ziddiyət heç də gələcəyə baxış fərqi deyil, daha çox siyasi planlar arasındakı toqquşmadır. Bu toqquşmanın bütün tərəfləri Azərbaycanın mövqeyinin qəti və dəyişməz olduğunu bilir: Qarabağ ermənilərinə heç bir status verilməyəcək!
Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi və çevrəsində yaşayan ermənilərə açıq bir mesaj ünvanladı:
"Ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq"
Bəli, Xankəndi və çevrəsi Azərbaycanın nəzarətinə keçməlidir və keçəcək. Əsas sual budur: bu, necə baş verəcək? Arayiki və onun çətəsini çuvala basıb Xankəndidən Bakıya gətirmək Azərbaycanın xüsusi təyinatlı qrupları üçün çətin əməliyyat deyil. Xankəndidəki rejimin süquta uğramasının ermənilərin köçünə səbəb olmaq ehtimalı var, amma yüksək səviyyədə deyil. İlk növbədə ona görə ki, Köçəryan və Sarkisyan Ermənistanda iqtdarda olan zaman Qarabağ ermənilərinin intellektual və fərasətli kəsimi İrəvanda yerləşib, qalanlar sosial müdafiəyə ehtiyacı olanlardır. İkincisi, Azərbaycan dövlətinin verdiyi rəsmi qarantiya, reinteqrasiya tədbirləri və icmaların birgə aparacağı təşviqatla bu problem öz həllini tapa bilər.
Əsas məsələ bölgədən Ermənistan ordusunun qalıqlarının çıxmasıdır. Üçtərəfli bəyanata görə, İrəvan bu addımı atmağa mükəlləfdir. Azərbaycan rəsmilərinin açıqlamalarından göründüyü kimi, Bakı bu məsələdə Ermənistana uzun zaman tanımaq fikrində deyil. Nikol Paşinyan isə ən çox bu məsələdən narahatdır. İkinci Qarabağ savaşı 44 gündən də tez bitə, Ermənistan ikinci ongünlükdə təslim ola bilərdi. Amma Nikol Qarabağdakı ordunun qayıdıb onu devirməsindən qorxdu və hakimiyyətdə qalmaq üçün əsgərlərini güdaza verdi. O, yenə də eyni əndişə içindədir. Əgər xatırlayırsınızsa, bu günlərdə Ermənistanın hakim "Mülki Sözləşmə" partiyasının funksionerləri İrəvanda çevriliş hazırlandığı barədə məlumat yaydı. Bu çevriliş cəhdi reallaşarsa, Qarabağ klanı və işğalçı ordu Arayiki iqtidara gətirmək yönündə anlaşa bilər. Arayikin əlində çox ciddi kompromatlar, o cümlədən müharibə kompromatları var və çətə lideri Ermənistanda hakimiyyəti götürmək üçün onlardan istifadə edəcək.
Taleh ŞAHSUVARLI