“Paşinyan bu etiraflarla Ermənistan cəmiyyətini sülhə hazırlayır”- Bədrəddin Quliyev

15 Aprel 2022 18:27 (UTC+04:00)

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev AzNews.az analitik-informasiya portalına müsahibə verib.

-Prezident İlham Əliyev 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında ölkə üçün xüsusi əhəmiyyətə malik olan bir çox məqamlara toxunub. Dövlət başçısının vurğuladığı məqamlar, çıxışındakı mühüm mesajalar nələrdən ibarət idi?

- Müşavirədə ölkə daxilindəki iqtisadi-siyasi vəziyyət, Qarabağla bağlı aparılan məsələlər müzakirə olunub. Burada çox ciddi məsələlər səsləndirilib.

Avropa Birliyinin vasitəçi olduğu Brüssel danışıqlarını çərçivəsində Ermənistan-Azərbaycan arasında Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət şərtlərin qəbul olunması, Avropa birliyinin bu məsələlərə ciddi yanaşması, xarici işlər nazirləri səviyyəsində kontaktın qurulması, bölgənin iqtisadi maraqlarına uğyun olaraq Zəngəzur kolidorunun açılması, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olan proseslərin gündəmə gətirilməsi bizi gələcəyə ümidli edir. Bu eyni zamanda post-müharibə dövrünün hesabatı idi. Prezident bu müddət ərzində Azərbaycanın iki istiqamətdə məqsədlərinin reallığa çevrildiyini bildirdi. Bu beynəlxalq müstəvidə yeni reallıqların qəbul etdirilməsi və işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin aparılması idi. Eyni zamanda sülhə məcbur etmə əməliyyatını davam etdirildiyi vurğulandı.

Ölkə başçısı bildirdi ki, Azərbaycanın aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətini uğurla davam etdirir.Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı həm işğal dövründə həm də müharibədən sonra Azərbaycanla həmrəy olduğunu eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının da işğal dövründə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul edib. Başqa önəmli məqam, Qarabağın da, Zəngəzurun da nümunəvi bir bölgə kimi qurulacağı bunun dünya üçün də bir nümunə olacağı, Cənubi Qafqazda sülhün təmin olunmasının labüd olması fikirləri idi. İlham Əliyev ölkəmizdə ordu quruculuğu məsələlərinə toxunaraq, Azərbaycan ordusunun daim güclü olmasının lazımlılığına diqqət çəkib.Eyni zamanda iqtisadi nöqteyi baxımından əlverişli müzakirələr aparılıb. Azərbaycanın Avropaya inteqrasiya proseslərində ciddi addımlar atılacağı ifadə edilib. Bunlar beynəlxalq səviyyədə Azərbaycanın milli-maraqlarının qorunmasına stimul yaradır. Bu proseslər də bizim tərəfimizdən dəstəklənir. Çünki hazırkı durumda həm hərbi, həm diplomatik sahədə atılan addımlar bizim xeyrimizədir. Yeni reallıqda Azərbaycan öz problemlərini özü həll etmək iqtidarındadır. Region ölkələri ilə milli maraqlar nöqteyi baxımından çevik addımlar atılır, balanslı əlaqələr davam etdirilir. Bu Azərbaycanın mövqeyini daha da gücləndirir.

- Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyəti haqqında da danışıb. Beynəlxalq təşkilatlara səslənərək bildirib ki, ikili standartları kənara qoysunlar. Dövlət başçısının bu fikirlərini necə dəyərləndirirsiniz?

-Prezident Minsk qrupu ilə bağlı çıxışında bildirdi ki, biz bu münaqişəni özümüz həll etmişik. Həmsədr ölkələr bu müddət ərzində Azərbaycana, Ermənistana səfər etsələr də nəticə də göz qabağındadır. Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı dəfələrlə narazılığını ifadə edib. Həm Azərbaycan ictimaiyyətinin həm də hökümətinin ATƏT-in Minsk Qrupuna münasibəti birmənalı olmayıb. Bu təşkilat bu illər ərzində qarşısına qoyulmuş vəzifələri həll edə bilməyib. Azərbaycan öz gücünə, öz dövlətinə, öz ordusuna arxalanaraq münaqişəni həll edib. ATƏT-in Minsk qrupu fəaliyyətini başa çatıb.

-Ermənistan sülh təkliflərini qəbul etdiyini açıqlasa da fərqli mövqe müşahidə edilir. Ermənistanın prosesə paradoksal yanaşması, məsələlərin həllində hansı çətinliklər yarada bilər?

-Ermənistan tərəfi vaxtı uzatmaq üçün müxtəlif açıqlamalarda həmin şərtlərlə razı olduğunu bəyan edir. Ancaq hər zaman olduğu kimi istər Qarabağda, istərsə də Ermənistan parlamentində Azərbaycana qarşı təxribatçı, revanşist hərəkətlərə davam etməkdədirlər. Ermənistanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olmaması, təxribatlar törətməsi, İrəvanın regionda sabitliyi yenidən pozmağa cəhdi kimi də dəyərləndirilə bilər. Ancaq düşünürəm ki, bu erməni müxalifəti və Qarabağdakı separatçı dəstənin son addımlarıdır.

Azərbaycan “sülhə məcburetmə” əməliyyatını aparmaqla sülh prosesin daha da sürətləndirir. Çünki regionda proseslər Azərbaycanın xeyrinə inkişaf etməkdədir. Ermənistan parlamentində də bu yönlü çıxışların edilməsi faktiki olaraq onu göstərir ki, Ermənistanın mövdudluğu üçün sülh prinsiplərinə əməl etməkdən başqa yolu qalmayıb. Azərbaycanla sülh müqaviləsi bağlamasa, Ermənistanın regionda varlığı təmin olunmaz. Bu faktdır ki, erməni faktorunun gücü bölgədə getdikcə azalır. Artıq ermənilərin havadarları olan güclərin regionda maraqları dəyişib. Əsasən də Rusiyanın, çünki regiondakı qüvvələrinin əksəriyyəti Ukrayna müharibəsinə cəlb olunub. Prosesləri uzatmaq cəhdləri də buna hesablanıb. Yeni beynəlxalq qüvvələri cəlb etməyə çalışırlar. Ancaq Azərbaycan Ermənistanın bu manevrlərini çox yaxşı anlayır. Bu prosesləri əvvəl istədiklər kimi davam etdirə bilməyəcəklər. Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq və bir dövlət kimi mövcud olmaq istəyirsə, Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyədir. Ermənistanın regionda yaranan yeni reallığı dəyişməyək iqtidarında deyil.

-Ermənistanın əldə olunmuş razılaşmalara əməl etmədiyini görürük. Ermənistan öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəkmi?

-Ermənistan bu razılaşmalara əməl etməlidir və onun başqa çıxışı yoxdur. Ermənistanda daxili siyasi-ictimai və sosial-iqtisadi vəziyyət olduqca ağır durumdadır. Ancaq bunun reallaşması Ermənistan hakimiyyətinin atacağı addımlardan asılı olacaq. Çünki Azərbaycan həm kommunikasiyaların bərpasına, həm sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə, eləcə də sülh sazişi üzrə danışıqlara hazır olduğunu bildirib. Məğlub ölkənin başqa şansı yoxdur. Ona görə də tarixi reallıqlardan və siyasi gerçəkliklərdən dərs almalıdır. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi təqdirdə hazırkı vəziyyətindən də daha ağır bir yükün altında qalacaq.

- Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, o həm 44 günlük müharibəyə, həm də məğlubiyyətə görə günahını və məsuliyyətini etiraf edir. O qeyd edib ki, əgər təslim olsaydım, minlərlə insanın həyatını xilas edə bilərdim və təslim olmamaqla, minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum. N.Paşinyan bu cür bəyanatlarının məqsədi nədir?

- Paşinyan parlamentin son iclaslarında ciddi etiraflar etdi. Paşinyanın etirafı Azərbaycanın yaratdığı yeni geostrateji reallıqların təzahürüdür. Paşinyan çoxdan mövcüd reallıqları dərk edib. Bu fikirlərlə Ermənistan cəmiyyətini sülhə hazırlayır. Ermənilər regionda yaranmış geopolitik vəziyyətə strategiyası ilə bağlı mövqeyləri dəyişib. Bunu etiraf etməkdən başqa çıxış yolları yoxdur. Ermənistanın bölgədə varlığı Azərbaycanla sülh danışıqlarından asılıdır.

Şəbnəm Zahir