“Putin-Paşinyan danışıqlarından sonra Azərbaycanın atacağı növbəti addım bəlli olacaq”

16 Aprel 2022 16:25 (UTC+04:00)

“Xankəndində adını "parlament" qoyan separatçı yığınağı Azərbaycanın irəli sürdüyü sülh təklifiylə razılaşan Ermənistan baş naziri Nikol Paşinyanı onların "müstəqillik"lərini gözdən salmaqda suçlandırır. Orada yaşayan normal insanların yox, məhz başları əzilməli terrorçu-separatçı tör-töküntülərin "lideri" Araik Harutyunyan isə qanunsuz silahlı qruplaşmalarının Rusiyanın müvəqqəti hərbi kontingentinin proksisinə cevrilməsi proqramından, "LDNR"ləşməkdən dəm vurur”.

AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev feysbuk səhifəsində yazıb.

“Belə bir mənzərə yaranır ki, Rusiyanın müvəqqəti hərbi kontingentinə Qarabağda sülh yaratmaq deyil, Azərbaycanla Ermənistan arasında düşmənçiliyin davam etməsinə çalışmaq və kontrollarında olan hissədə yaşayanların reinteqrasiyalarına maneçilik törətmək tapşırığı verilib. Əks-təqdirdə aldıqları havanı da general Volkovla razılaşdıran separatçı ünsürlər başlarından böyük qələt etməz, onun sərəncamıyla ayrılan 300 milyon dolların hesabına birtəhər dolandıqlarını bilə-bilə Paşinyana təpik atmaz, indi də Rusiyaya birləşmək kimi "Böyük Ermənistan" xülyasından da sərsəm fikirlər səsləndirməzdilər”, - S.Alıyev əlavə edib.

Deputatın fikrincə, aprelin 19-da Moskvada baş tutacaq Putin-Paşinyan danışıqlarından sonra bütün bu yaramazlıqların nə demək olduğu və haradan qaynaqlandığı haqda daha aydın təsəvvür yaranacaq: “Azərbaycanın atacağı növbəti addım da yəqin ondan sonra bəlli olacaq.
İnanmıram ki, Kremldə Azərbaycanın öz torpaqlarında hansısa bir qeyri-dost dövlətin hərbi kontingentinin qalmasına razılıq verəcəyini düşünən olsun. Və məncə, iki dövlət arasında dostluq, qarşılıqlı güvən bu gün bizə nə qədər lazımdırsa, Rusiyaya da bir o qədər, bəlkə də artıq lazımdır.
Amma Rusiyanın Azərbaycanın razılığıyla Qarabağa yeridilmiş hərbi kontingenti də məhz dost dövlətin ordusunun bir parçası kimi çıxış etməli, oradakı qanunsuz silahlı qruplaşmalarla sıx əməkdaşlığa yox, üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyə uyğun olaraq onların ləğvinə çalışmalıdır”.

Millət vəkili sonda vurğulayıb ki, həmin quldur dəstələri istənilən halda ləğv ediləcəklər: “ Bunu əgər Azərbaycan ordusu etməli olsa, onda Minsk qrupuna daha ehtiyac qalmadığı kimi, Qarabağdakı Rusiya hərbi kontingentinə də heç bir ehtiyac qalmayacaq”.