SİYASİ SİSTEMDƏ İSLAHATLAR: YAP NİYƏ VƏ NECƏ DƏYİŞİR? - ANALIZ

17 Aprel 2022 17:40 (UTC+04:00)

Prezident İlham Əliyev islahatlar kursunu İkinci Qarabağ savaşından öncə elan etmiş, bu yöndə müəyyən məsafə qət olunmuş, ən azından ictimai rəy və dövət təşkilatı psixoloji baxımdan yenilənməyə hazır vəziyyətə çatdırılmışdı. 44 günlük Vətən savaşında Azərbaycanı əldə etdiyi parlaq hərbi qələbə, zəfərin çevik və prinsipial diplomatik həmlələrlə davam etdirilməsi ölkədə islahatlar üçün geniş sosial və siyasi baza formalaşdırdı. Müşahidələr və məlumatlar göstərir ki, dövlət və hakimiyyət öz tarixi zəfərini müstəqilliyn sütunlarını qurd kimi içəridən gəmirən korrupsiyanın, nepotizmin ayağına verməyin həm təhlükəsinin fərqindədir, həm də buna əsla yol verməyəcək qədər məsuliyyətli və rasionaldır. Əgər son dövrlərdə vəzifədən azad edilən yüksək ranqlı məmurların arxasınca yayılan xəbərlərə diqqət etsək görəcəyik ki, prezidentin müvafiq sərəncamlarından sonra favorit statusunu itirənlərin başçılıq etdikləri qurumlardan həm də onların xeyli qohum-əqrəbası uzaqlaşdırılır. Sanki bunlar öz sahələrində Roma papası imişlər və kardinal şapkasını doğmalarına paylayırmışlar. İlk baxışdan sadə görünən və ritorik suallar doğuran bu proses əslində həm dövlətin, həm də cəmiyyətin bütün qatlarını yeniləyəcək tendensiyadır. İqtisadi münasibətlərin bazis təşkil etməsi barədə məşhur prinsipi xatırlayanda, nepotizmin aradan qaldırılmasının və meritokratik kadrların önə çıxarılmasının elmi ədəbiyyatda “əhbab çavuş kapitalizmi” (rusca: “кумовской”; ingiliscə: “crony” kapitalizm) deyilən reallığın dəyişməsi və cəmiyyətin həm alt, həm də üst qatlarında “ortaq yaxşı”ların formalaşmasına imkan verməyən mənfəət klanlarının çöküşü deməkdir. Prezidentin məhz meritoktratlara etimad göstərməsi sadəcə hakimiyyətin aparıcı simalarının orta yaş həddini aşağı salmır (bu gün hakim elitadakı yeni simaların orta yaş həddi 45-50 aralığındadır), eyni zamanda onların üzərinə dövlət və cəmiyyət münasibətlərini, o cümlədən siyasi münasibətlər sistemini yeniləmək vəzifəsi həvalə edir.

Azərbaycanın iç siyasi münasibətlər sistemi hələ də 1980-ci illərdə formalaşan stixiyanın təsiri altındadır. Dövlət müstəqilliyinin qazandığı ilk illərdə Azərbaycana rəhbərlik etmiş üç prezident- Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev artıq həyatda yoxdur. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Azərbaycan öz dövlət müstəqilliyini isbat edib, 44 günlük savaşda ölkəyə qələbə qazandıran insan resursları formalaşıb, sosial-iqtidasi differensasiya gedib. Differensasiya meydan hərəkatı dalğasında formalaşan siyasi partiyalar institutunun aparıcı aktyorları və arxasında heç bir uğur hekayəsi dayanmayan liderləri ilə toplumun və zamanın sifariş etdiyi “ortaq yaxşı” arayışı arasında kəskin ziddiyyətləri üzə çıxarır. Bu ziddiyyəti çözmək üçün hakimiyyət islahatlara ilk növbədə öz partiyasından başlamalı idi və başladı. Dövlət başçısının sədrlik etdiyi Yeni Azərbaycan Partiyası son qurultayında nizamnaməsini və vitrinini dəyişdi. Ölkənin ən kütləvi, maliyyə və digər resurslar baxımından ən zəngin və dominant partiyası bununla sadəcə formal yenilənmə prosesinə start vermədi, yuxarıda sadaladığımız dəyişmiş şərtlərin yaratdığı yeni reallığa siyasi baxımdan hakim olmaq kursunu götürdü. Əlbəttə, hər bir partiyanın daxili reallığı hər zaman toplumun ümumi gerçəkliyindən fərqlənir, təşkilat daxilində xidmətləri olan fiqurlar strukturun və strategiyanın yenilənməsi prosesində həssas təbəqəyə və maraqlar konfliktinin tərəfinə çevrilirlər. Lakin Azərbaycanın hakim siyasi partiyasında LİDER faktoru və İlham Əliyevin xarizmatik liderlik keyfiyyətləri ilə yanaşı cəmiyyətə və tərəfdarlarına viziya təqdim etmək baxımından ölkədə ən inandırıcı siyasi persona olması həmin riskləri minimuma endirir. Beləliklə, 2023-cü ilin sonlarından gec olmayaraq Azərbaycanın siyasi sistemində belə demək olarsa “tamamilə fərqli” bir YAP görəcəyimizi inamla təxmin etmək olar. Bu fərqlər “YAP- cəmiyyət”, “YAP- digər partiyalar”, “YAP- dövlət” münasibətlərində özünü tədricən, amma sistemli şəkildə biruzə verməyə başlayıb. YAP-ın rayon təşkilatlarının rəhbərliyinin yerli icra hakimiyyətlərinin şaquli nəzarətindən çıxarılması və aktiv qruplarla dəyirmi masa formatında müzakirələrin aparılması hakim partiyanın kommunikasiya siyasətində “feedback” anlayışına üstünlük verdiyini göstərir.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Prezident Administrasiyasının “Siyasi partiyalar və qanunverci hakimiyyətlə iş” şöbəsinin müdiri təyin olunanda onun bioqorafiyasında “partiya funksioneri” ştrixlərinin olmaması siyasi kluarlarda müəyyən tərəddüdlərə yol açmışdı. Ancaq prezident Əliyevin son illər yürütdüyü kadr siyasətinə nəzər saldıqda açıq şəkildə görünür ki, dövlət başçısı bir çox hallarda hamıyla eyni məsafədə dayana və şəxsi münasibətlər hayında olmadan, Anadolu türkləri demiş, problemlərə odaqlana biləcək fiqurlara etimad göstərir. Bu baxımdan istər İkinci Qarabağ savaşından öncə, istərsə də sonra Prezident Administrasiyasının yeni şöbəsinin ölkədəki siyasi partiyalarla bir araya gəlməsi və dialoqa başlaması heç də təsadüf sayıla bilməz. Dövlət başçısının tapşırığı və məlumatı daxilində keçirilən bu görüşlərdə qarşılıqlı təəssüratların formalaşması təbii idi, ancaq ilk növbədə milli həmrəyliyin əldə olunmasına və “ortaq yaxşı” hədəfininin reallaşmasına yönəlmişdi.

Partiyalararası münasibətlərin və partiyaların dövlətlə münasibətlərinin yenidən nəzərdən keçirilməsi leqal siyasi iştirakçılıq imkanlarını genişlətməklə yanaşı, sistemdənkənar müxalifətin leqallaşmasına və siyasi sistemə transfer olunmasına da rəvac verdi. Çoxdan, yoxsa yenicə elan olunmasından asılı olmayaraq bir xeyli partiya dövlət qeydiyyatına alındı, hətta sabiq səhiyyə naziri Əli İnsanovun timsalında, iqtidara qarşı, yumşaq desək, şəxsi kinlə yüklənmiş bir fiqurun elan etdiyi partiyaya da qeydiyyat üçün “yaşıl işıq” yandırıldı. Yanda Kennet adlı məşhur müəllif var, siyasi partiyalar və hüquq üzrə yazdığı kitab- “POLITICAL PARTIES AND DEMOCRACY IN THEORETICAL AND PRACTICAL PERSPECTIVES”- USAİD və NDİ-nin dəstəyi ilə internetdə hər kəs üçün əlçatan edilib. Onun yanaşmasından çıxış etsək, Azərbaycanda 1992-ci ildə qəbul edilən, dəfələrlə dəyişdirilən, ancaq praktiki olaraq günün tələbləri ilə ayaqlaşmayan “Siyasi partiyalar haqqında” qanunun verdiyi “yasaqlayıcı” və “iznverici” imkanları bir kənara qoyub dövlət “qoruyucu” və “dəstəkləyici” funksiyasına öncəlik verdi. AXCP və xeyli dərəcədə də Müsavat özlərini bu prosesdən kənarda qoymaqla, əslində, həm taktiki, həm də strateji baxımdan olduqca kobud səhvə yol verdilər. Halbuki dövlətin öncəliklərindən faydalanıb təşkilati və siyasi baxımdan təkamül keçirə, özlərini yeni mərhələyə hazırlaya bilərdilər.

Azərbaycanda yeni siyasi mərhələnin başlaması üçün “Siyasi partiyalar haqqında” qanun dəyişməli, yeni qanun siyasi həyatı təbiiləşdirməli, çoxformalı təşkilatlanma imkanları açmalı, siyasi partiya üzvlərinin öz rəhbərliyi və ölkə hakimiyyəti qarşısındakı hüquqlarına təminat verilməli, qurultayların mövcud partiyaların rəhbərlərinin inhisarından çıxmasına və partiyaiçi müxalifət qruplarının fəaliyyətinə, maliyyə şəffaflığına şərait yaratmalıdır. Ancaq “Siyasi partiyalar haqqında” yeni qanunla yanaşı, “Seçki məcəlləsi”nin dəyişdirilməsi də şərtdir. Bu şərt barədə danışmazdan öncə isə ABŞ-ın Yale Universitetindən Riçard Katzın hələ 2005-ci ildə verdiyi bir suala cavab tapmaq lazım gəlir: “Bir ölkədə seçki sistemi islahatları nədən aparılır”? Əgər siyasi elmlər üzrə proffessor Katzın təsnifatından çıxış etsək, Azərbaycanda hakimiyyət seçki islahatı aparmaq üçün zəruri olan 6 şərtdən dördü ilə üz-üzə deyil. Bəli, hakim partiyanın:

- Bir sonrakı seçkini mövcud məcəllə ilə uda bilməmək ehtimalı yoxdur;

- İqtidar mütəşəkkil və güclüdür,

- Koalisiyaya ehtiyacı yoxdur,

- Zəif və marginallaşmış müxalifətdən hər hansı bir plan üçün dəstək alıb-almamaq prinsipial səciyyə daşımır.

Fəqət elə Katzın da dediyi kimi, seçki sistemində islahat aparmaq üçün həmişə hakimiyyətin məcburiyyət qarşısında qalması vacib deyil. Siyasi iqtidarların özünəinamı və gələcəyə mütərəqqi baxışı belə bir islahat aparılmasına rəvac verə bilər. Bu zaman seçki islahatları ümumi sosial-iqtisadi və siyasi islahatların tərkib hissəsi kimi ölkədə yeni düzən qurmağa xidmət edir. Azərbaycanda qurulmaqda olan yeni düzənin təməl fəlsəfəsi “ORTAQ YAXŞI” anlayışına əsaslandığından seçki dairələrinin genişlədilməsi- dar dairələrdə “ortaq yaxşı”nı mənimsəməsi mümkün deyil- vacibdir. Seçki dairələrinin genişlədilməsi cəmiyyətin siyasi fikirlərlə təchizi və siyasi partiyaların rolunu artırır və qeyri-siyasi fiqurların böyük bələdiyyələrə, parlamentə “paraşüt”lə düşmək şansını azaldır. Əgər Azərbaycanda seçki dairələri genişlənərsə, indiki sistemə əsasən parlament üzvlərinin sayı azalmalıdır ki, bu da arzulanan deyil. Problemin çözümü proporsional sistemin bərpasından keçir.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru