“Rəqsanə polisə ifadə verməyib” - Vəkili danışır

1 İyul 2013 09:26 (UTC+04:00)
Dələduzluqda ittiham edilən müğənni Rəqsanə İsmayılovanın artıq ifadəsinin alınması barədə məlumat vermişdik.

Bu barədə APA-ya danışan Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli deyib ki, Rəqsanə İsmayılova Bakıya gələn kimi dərhal istintaqa dəvət olunub və onun ifadəsi alınıb: "Onun həbs edilib-edilməməsi ilə bağlı qərarı isə istintaq verə bilər".

Rəqsanənin vəkili Xalid Bağırov isə AzNews.az-a açıqlamasında onun ifadə verməsini təkzib etdi: "Rəqsanə heç bir ifadə verməyib. Əgər o, hər hansı bir bölmədə ifadə versə, mən bunu bilərəm. Axı mən onun vəkiliyəm. Məlumatı yayan istintaqla əlaqəsi olmayan bir adamdır. Yəni, istintaq Bakı Şəhər Baş Polis İdarəsində aparılır, amma məlumatı Suraxanı Polis İdarəsinin rəis müavini yayır. Polis rəisinin müavininin istintaqa aidiyyəti yoxdur. Anlamıram, bu nədir. Hesab edirəm ki, mətbuata dəqiq olmayan məlumat verilib, vəssalam"

Qeyd edək ki, R. İsmayılova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Bahar Rüstəmli
AzNews.az