"Qarabağla bağlı atılan addımların hər birini yüksək qiymətləndiririk” - Partiya sədri

22 Aprel 2022 09:34 (UTC+04:00)

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynov AzNews.az analitik-informasiya portalına müsahibə verib.

-Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Zəfər Qurultayının əhəmiyyətini necə dəyərləndirirsiniz?

-Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı həm də Zəfər Qurultayı kimi tarixə düşəcək.
Təbii ki, bunun istər siyasi, istərsə diplomatik mənada çox böyük əhəmiyyəti var. Bu istiqamətdə, Qarabağla bağlı atılan addımların hər birini yüksək qiymətləndiririk. Bu bizim dövlət maraqlarımıza tam uyğun həyat keçirilir. Dünya Azərbaycanlılarının Şuşaya məhəbbəti, sayğısı bəllidir. Şuşa Azərbaycan üçün həm mənəvi, həm də mədəni baxımdan önəmli bir şəhərdir.
Ona görə də böyük tarixi hadisə kimi dəyərləndirirəm.

- Ermənistan Baş naziri Nikol Paşinyan və Vladimir Putin arasında keçirilən görüş haqqında fikriniz nədir?

-Hesab edirəm ki, bu görüş digər görüşlərin davamıdır. Dünyanın yeni düzəninin nizamlanması prosesinə artıq start verilib. Regionda yeni düzəni zəfər qələbəsi ilə Azərbaycan Ordusu və diplomatiyası yaratdı. Bu proseslərin fonunda Rusiyada da regionda söz sahibi olduğunu biruzə vermək üçün bu addımlarla proseslərə reaksiyasını bildirməyə çalışır. Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli münasibətləri, həmçinin, regional məsələləri müzakirə ediblər.
Həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
Rusiya-Ermənistan strateji tərəfdaşlıq , müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərinin müzakirəsi edilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərə də baxılıb.

-Putinin Paşinyanı Moskvaya dəvət etməkdə hansı məqsədi ola bilər?

-Burada Azərbaycan dövlətinin əleyhinə hansısa addımların atılacağını hesab etmirəm. Düşünmürəm ki, Azərbaycanın dövlət maraqlaırna zidd addımlar atılsın.
Bəyanatı imzalayan şəxslər öz imzalarına hörmət qoymalıdırlar.
Bu danışıqlar Azərbaycanın ərazi bütövlüyünün bərpası , orada iqtisadi layihələrin həyata keçirilməsi və digər məsələlərin daha tez alınması üçün danışıqlardır. Bu danışıqları bu cür qiymətləndirirəm. Təbii ki, müəyyən bəyanatlar, mesajlar verilir ki, bu da bəlli diplomatiyanın qaydalarına uyğun atılan addımlardır.
Daxili auditoriyaya hesablanmış, digər ölkələrə hesablanmış mesajlar var. Onları da biz anlayışla qəbul etməliyik.

-Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da münasibət bildirilib. Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması məsələsinə Moskvadan verilən mesaj özündə nəyi əks etdirir?

-Vladimir Putin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlanmasını alqışladığını söyləyib.

Azərbaycan da Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxdığını bildirib.
Bölgənin sabitliyi, sülh üçün bütün ölkələr arasında münasibətlər normallaşmalıdır.
Bizim üçün maraqlı olan Azərbaycan dövlətinin maraqlarıdır. Bu maraqlar təmin olacağı təqdirdə. danışıqlar masasına oturmaq olar.

Türkiyə Ermənistanla sərhəd açılması məsələsində Azərbaycanın mövqeyini nəzərə aldı.
Azərbaycanın maraqları təmin olunmayan yerdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, hansısa bir müsbət məxrəcə gəlinməsi mümkün deyil. Orada Azərbaycan dövlətinin maraqlarının təmin olunması şərti mövcuddur.

-Azərbaycanın irəli sürdüyü sülh təkliflərinə Ermənistanda da müsbət yanaşmalar müşahidə edilir. Bu yanaşma hər iki ölkəni sülh prosesinə yaxınlaşdırırmı?

-Ermənistanda Rusiyanın təsir dairəsində olan çox ciddi siyasi qüvvələr var. Onlar Ermənistan dövlətinin siyasətinə təsir etmək imkanına malikdirlər.

Paşinyan qərbəmeyilli siyasət yürütmək istəyir. Mən hesab edirəm ki, bu Ermənistan dövləti üçün ən optimal variantdır.

Çünki Rusiyanın işğalçı dövlət olduğu bütün dünyaya bəllidir. Son proseslər də bunu sübut edir.

Paşinyan da fərqindədir ki, Ermənistan iqtisadi layihələrdən və dünyanın marağında olan məsələrdən kənarda qalır.

Ermənistan xalqının, dövlətinin bundan sonra atacağı addım Azərbaycanla münasibətləri normallaşdırmaq, ərazi bütövlüyünü tanımaq, ərazi iddialarından, boş-boş xülyalardan əl çəkmək danışıqlar masasında problemləri həll etməkdir. Yalnız bu halda Ermənistan cəmiyyəti sivil toplumuna qoşula bilər. Əgər yenə öz əməllərinə davam edəcəklərsə, hazırda dünyada gedən inkişaf yolundan kənarda qalacaqlar.

- Bununla yanaşı Ermənistanın əldə olunmuş razılaşmaları yerinə yetirməkdən boyun qaçırdığını görürük.

-Məlum idi ki, bu razılıqlara əməl olunmasına uzun müddət lazım olacaqdı. Çünki hər iki xalq uzun illər münaqişə şəraitində yaşayıb. Düşmən mövqeyində olmuş xalqların yenidən bu prosesə qatılmasına , masa arxasında əyləşməsinə, yenidən hansısa razılaşmaların əldə olunmasının zamana ehtiyacı var.

Şəbnəm Zahir