“Rusiyanın süqutu böyük faciələrlə nəticələnəcək“ - Proqnoz

1 İyul 2013 10:25 (UTC+04:00)
ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci toplantısında Azərbaycan nümayəndə heyəti Qarabağ münaqişəsinin həll olunması üçün ciddi və əhəmiyyətli təklif irəli sürüb. Belə ki, Qarabağ konfliktinin çözülməsi üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdəki passivliyini əsas gətirərək təşkilatdakı üzv dövlətlərin tam tərkibdə çağırılması tələb edilib. Bu cür təklif münaqişənin nizamlanması yönündə yeni bir addım ola bilərmi?

Modern.az-ın bu və ya digər suallarını keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə cavablandırıb. Siyasi ekspert bildirib ki, Azərbaycan torpaqlarını Rusiya işğal edib. Bu baxımdan məsələnin açıqlığını deyən analitik qeyd edib ki, vaxtilə tam tərkibdə danışıqlarda şəxsən özü iştirak edib.

"Həmin müzakirələr heç bir nəticə vermədi. Sonra dedilər ki, böyük tərkib olanda ortaqlıqda heç bir nəticə olmayacaq. Təklif etdilər ki, kiçik formatda işi davam etdirsinlər. Sonra üç həmsədr ölkə danışıqlarda iştirak etdi. Bundan da bir nəticə hasil olmadı" deyən keçmiş dövlət müşavirinin fikrincə Azərbaycan ərazilərinin nüvə dövləti olaraq işğalına dəstək verən Rusiya məsələnin həllini istəmir. "Ona görə ATƏT istəyir düz və ya əyri otursun, Rusiyanın proseslərdə iştirakı məsələsi həll olunmayana qədər bu təşkilat heç bir şey edə bilməyəcək".

Politoloqun fikrincə, tam tərkibdə çağırılmasının perspektivi olsa da, yenə də Rusiya faktoru ciddi əngəllər yaradır.

"Tarixə nəzər yetirsəniz görərsiniz ki, bütün imperiyalar çökür. Rusiya da çökməkdə olan imperiyadır. Ancaq bu imperiyanın süqutu böyük faciələrlə nəticələnəcək. Amma burda bizim payımıza nə düşəcək onu demək çətindir. Rusiya dağılacaq, Dağıstan müstəqil olacaq. Qafqaz xalqları da müstəqillik qazanacaq. Bundan sonra isə etnik müharibələr başlaya bilər. Bu, gələcək tarixdir".

AzNews.az