Daha bir təşkilat İlham Əliyevin namizədliyini dəstəklədi

1 İyul 2013 10:35 (UTC+04:00)
AGDB 30 iyun 2013-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan diplomatiyasi yeni inkişaf mərhələsində" adlı konfrans keçirib.

Konfrans İlham Əliyevin prezidentlik fəaliyyətinin 10 illiyinə həsr olunub.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, YAP rəsmiləri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Əbülfəz Şeydabəyov, Misirdəki Azərbaycan diasporası Ramil Niftalıyev, DAK gənclər təşkilatının Türkiyə nümayəndəliyinin rəhbəri Ərtoğrul Cahandar, xarici ölkələrin Azərbaycandakı səfirliklərin nümayəndələri, ictimai təşkilatların rəhbərləri iştirak ediblər. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,AGDB-nin baş məsləhətçisi Elman Nəsirovun moderatorluğu ilə keçirilən Konfransı açılış nitqi ilə açan Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş katibi Eltun İbrahimov qonaqları və tədbir iştirakçılarını salamlayaraq,kofransın İlham Əliyevin prezidentlik fəaliyyətinin 10 illiyinə həsr olunduğunu ifadə edib.

Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın uğurlu xarici siyasətindən bəhs edərkən auditoriyanın diqqətinə çatdırdı ki, Azərbaycanın diplomatik uğurları əlbəttə ki, Azərbaycanı regionun deyil artıq dünyanın tanınan nüfuzlu dövlətlərindən birinə çevirib.

Konfransın sonunda qəbul olunan və AGDB olaraq dövlət başçısının apardığı daxili və xarici siyasəti dəstəkləyən, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini müdafiə edən bəyanat, AGDB-nin mətbuat katibi Həsən Babayev tərəfindən tədbir iştirakçıları və ictimaiyyətin diqqətinə çatdırılıb.

AzNews.az