“Paşinyan Moskvadan Qarabağla bağlı yeni planına dəstək almaq istəyir”- Rauf Qurbanov

25 Aprel 2022 11:54 (UTC+04:00)

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Rauf bəy, əvvəlcə Azərbaycan Kommunist Partiyasının fəaliyyətindən danışaq: Rəhbərlik etdiyiniz partiyanın nə qədər üzvü var? Siyasi partiyalar arasında dialoqu, əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Azərbaycan Kommunist Partiyası 1994-cü il mart ayının 2-də AR Ədliyyə Nazirliyində “Siyasi partiyalar haqqında” qanun tələblərinə uyğun olaraq rəsmi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Hal-hazırda Respublikada AKPnin 46 rayon və şəhər komitələri fəaliyyət göstərir. Ümumilikdə Azərbaycan Kommunist Partiyası Respublikanın 60 mindən çox vətəndaşını öz ətrafında birləşdirir. AKP dünyanın 153 ölkəsində fəaliyyət göstərən sol, fəhlə və kommunist partiyaları ilə sıx əməkdaşlıq edir və o cümlədən 1994-cü ilin dekabr ayından Beynəlxaq Kommunist təşkilatı olan Kommunist Partiyalar İttifaqının (KPİ-Sov.İKP) tam səlahiyyətli üzvüdür. Azərbaycan Kommunist Partiyası Respublikada fəaliyət göstərən siyasi partiyalar arasında mövcud olan dialoqa və əməkdaşlığa böyük önəm verir və bunu Azərbaycan dövlətinin milli maraqlarının təmin olunması kimi qiymətləndirir.

- Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük rəsmi səfəri baş tutdu. Görüşdəki mühüm məqamlar nələrdən ibarət idi?

- Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Moskvaya səfərində 6 aprel Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarlı Mişelin vasitəçiliyi ilə baş tutmuş üç tərəfli görüşün detalları əsas müzakirə obyekti olub. Paşinyan Moskvadan Qarabağla bağlı yeni planına dəstək almaq istəyir. Onun bu planı Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaq, lakin bununla yanaşı orda yaşayan ermənilər üçün çox əhəmiyyətli muxtariyyata nail olmaqdır. Paşinyan Moskvanın dəstəyi ilə elə bir muxtariyyət istəyir ki, Qarabağ formal olaraq Azərbaycanın tərkibində erməni anklavı olsun. Təbii ki, Azərbaycan 30 il bundan öncə qarşılaşdığı faciələrin bir daha təkrarlanmaması üçün buna yol verməz.

- Azərbaycanın sülh təklifinə Ermənistanda da adekvat yanaşmaların şahidi oluruq. Bu hər iki tərəfi sülhə nə dərəcədə yaxınlaşdıra bilər?

- Ermənistan Baş naziri faktiki olaraq Azərbaycanla sülh sazişi imzalamağa hazırdır, onun bundan başqa yolu da yoxdur. Lakin o, bu sülh sazişi çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icması üçün Azərbaycan dövlətindən yüksək səviyyəli muxtariyyət zəmanəti almaq istəyir.

Bu isə təbii ki, Azərbaycanı qane etmir. Azərbaycan prezidenti dəfələrlə bu məsələyə münasibət bildirərkən qeyd edib ki, ermənilərin Azərbaycan ərazisində yaşamaları üçün heç bir məhdudiyyət və təhlükə yoxdur. Bizim xalqlarımız əsrlər boyu bu ərazilərdə birgə yaşayıblar. Ancaq hər hansı bir muxtariyyətdan və xüsusi statusdan söhbət gedə bilməz.

- Paşinyanın parlamentdəki çıxışı daxildəki vəziyyəti daha da gərginləşdirib. İrəvanda onun əleyhinə mitinqlər keçirilir. Bu aksiyaların arxasında hansı məqamlar dayanır?

- Paşinyanın parlamentdə çıxışından sonra paytaxt İrəvanda onun əlehinə ehtiraz mitinqlərinin keçirilməsini, uzun illər Ermənistana rəhbərlik etmiş və faktiki olaraq Ermənistanı istər siyasi, istərsə də iqtisadi cəhətdən bugünkü ağır duruma salmış Köçəryan-Sarkisyan cütlüyünün durulmaqda olan suyun yenidən bulandırılmasına cəhdi kimi dəyərləndirirəm. Onlar vaxtı ilə azərbaycanlılara, eləcə də erməni xalqına qarşı törətmiş olduqları cinayətləri ötr-basır etmək üçün belə mitinqlər təşkil edirlər. Guya ki, Qarabağda yaşayan ermənilərin gələcək talehlərinindən ciddi narahatdırlar. Əslində isə belə deyil. Bu cütlük və onların ətrafında olan insanlar , əlləri hər iki xalqın qanına bulaşmış cinayətkarlar, yaxşı anlayırlar ki, Azərbaycan-Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən sonra müəyyən məsələlərə aydınlıq gələcək və onlar müttəhimlər kürsüsündə oturaraq vaxtı ilə törətmiş olduqları cinayətlərə görə cavab verməli olacaqlar. Azərbaycan Respublika Prokurorluğunda bu cütlüyün hakimiyyətdə olduqları illərdə Azərbaycan xalqına qarşı törətmiş olduqları cinayət əməlləri ilə bağlı 400 tomluq cinayət işi var və hesab edirəm ki, bir bu qədər də cinayət işi Ermənistan prokurorluğundadır.

- Partiya sədri olaraq Azərbaycanın bu proseslərə mövqeyini, məsələnin həlli yollunda atılan addımları necə dəyərləndirirsiniz?

- Bu məsələyə, aprelin 19-da AR Prezidenti İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşündə qeyd etdiyi müstəvidən yanaşaraq deyə bilərəm ki, Azərbaycan tərəfi 6 aprel 2022-ci ildə Brüsseldə Aİ Şurası prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşdə qəbul olunmuş 5 baza prinsipin icrasına başlamağa hazırdır və hətta Azərbaycan tərəfi artıq buna start da verib. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi həmişə olduğu kimi, yenə də əldə olunmuş razılaşmaların şərtlərini icra etmək əvəzinə manevrlər edir və vaxtı uzatmağa çalışır. Ermənistan Respublikasının Baş naziri Moskva-Paris- Brüssel şəhərləri arasında turist səfərləri ilə məşğuldur. Paşinyan real vəziyyəti anlamır ki, sülh sazişinin imzalanmasının vaxtının uzadılması Ermənistan dövlətinin əleyhinə işləyir.

- Ukraynada əməliyyatın növbəti mərhələsi başlayır. Ukraynadakı hadisələrin nəticəsini necə görürsünüz?

- Bu gün Ukraynada cərəyan edən hadisələr hər bir düşüncəli insanı narahat edir. O cümlədən də biz Azərbaycanlıları. Əsrlər boyu birgə yaşamış, eyni tarixi və milli kökələrə malik olan bir xalqı bu gün qarşı-qarşıya qoymaq istəyən Qərb imperialist qüvvələri, dövlətlər arasında milliə ədavəti qızışdırmaqla dünya ağalığına can atırlar. Azərbaycan Kommunist Partiyası Ukraynada baş verən hadisələri Rusiya-Ukrayna qarşıdurması kimi yox, RF silahlı qüvvələrinin Ukraynanın faşist elementlərindən təmizləməsi və xüsusi antiterror əməliyyatının həyata keçirilməsi kimi qiymətləndirir. İmperialist qüvvələrin Ukrayna ərazisini poliqona çevirərək bəşəriyyət üçün təhlükə yaradan hallara dəstək verməsi, xeyli həcmdə müasir silahların və “beynəlxlaq briqada” adı altında muzdlu əsgərlərin Ukraynaya göndərməsi əsil cinayətdir. Nəzərə alsaq ki, Ukraynada dörd AES fəaliyyət göstərir və bu istənilən vaxt nəzarətdən çıxıb, terrorçuların və millətçilərin hədəfinə tuş gələ bilər və yaşadığımız dünya texnogen fəlakətlə qarşılaşar. Azərbaycan kommunistləri tərəqqipərvər bəşəriyyəti insanlıq əlehinə yönəlmiş bu təzavüzə qarşı öz kəskin ehtirazını bildirməyə çağırır. AKP sədri olaraq hesab edirəm ki, bu münaqişə yaxın gələcəkdə bitəcək, Ukrayna xalqı faşist elementlərindən tam azad olacaq və zəhmətkeş ukraynalılar əvvəlki illərdə olduğu kimi sülh şəraitində dinc quruculuq işləri ilə məşğul olacaqlar.

Şəbnəm Zahir