Erməni kartı məhv olur

25 Aprel 2022 15:27 (UTC+04:00)

İmzalanan sənədlər Nikolun ümidlərini doğrultmadı. Müttəfiqliyə dair imzalanan 30 maddəlik sənəddə Dağlıq Qarabağ ifadəsinin işlədilməməsi, Rusiya prezidentinin “Dağlıq Qarabağ”ın deyil, Azərbaycanın tələb etdiyi kimi “Qarabağ”ın təhlükəsizliyindən danışması bunun əyani sübutudur. İmzalanma mərasiminin qapalı keçirilməsi və iki liderin mətbuat qarşısına çıxmaması faktı da göstərir ki, bağlı qapılar arxasında Paşinyan ağır dəqiqələr keçirib.

Paşinyan-Putin görüşündə Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər kontekstində bir neçə razılaşma əldə edildi. Bunların içərisindən önə çıxan məsələlər iki ölkənin xarici siyasət məsələlərində məsləhətləşmələr aparmasının zəruriliyi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, ədliyyə sahəsində hüquqi yardımla bağlı əməkdaşlığın artırılması, sosial sahədə əməkdaşlıq və s. oldu. Eyni zamanda Rusiya tərəfi bir daha dəmir yolu kommunikasiyası sahəsində hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi. Ən əsas razılaşmalardan biri isə tərəflərin ərazisindən bir-birinin maraqlarına qarşı üçüncü ölkələrin istifadə etməsinə izn verməməklə bağlı öhdəlik götürməsi oldu. Bu nüans birbaşa Paşinyanın “üç masada əyləşmək” strategiyasını sıradan çıxarmağa hesablanıb. Bu razılaşmaya imza atmaqla Paşinyan fərqli cəbhələrdə manipulyasiya imkanlarını daraltdı. Lakin bir imzayla “Soros uşağı” öhdəliklərindən boyun qaçıra biləcəkmi? Ermənistan baş nazirini hakimiyyətə hansı qütbün gətirdiyini, bir neçə dəfə yüklü miqdarda maliyyə paketləri ayrıldığını nəzərə alsaq, bu imzanın Paşinyana ağır başa gələcəyini söyləmək olar.

Görüşdə 3+3 formatına xüsusilə toxunulması, Türkiyə-Rusiya yaxınlaşmasının Moskvanın bölgə siyasətini korreksiya etməsinə səbəb olduğunu açıq göstərir. Digər cəbhələrdən əli üzülən Rusiyanın son ümidi cənub sərhədlərinədi. Ukraynada faktiki məğlubiyyət, qarşılaşdığı ağır sanksiyalar Kremlin enerji və iqtisadi trayektoriyalarını cənub və şərqə istiqamətləndirib. Lakin xüsusən Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda ağırlığını və Rusiyanın onunla hesablaşdığını nəzərə alsaq, yeni siyasi gündəmin Türkiyə və Azərbaycanın maraqları kontekstindən kənarda formalaşacağını düşünmək mümkün deyil. Təsadüfi deyil ki, görüşdə Putin Türkiyə-Ermənistan əlaqələrinə də deyinərək, prosesi alqışladığını bildirib. Yəni, İrəvanı hər nə qədər öz orbitinə çəkməyə çalışsa da, Ankaranın maraqlarının da gözardı edilmədiyinə dair eyham vurur. Bu baxımdan hesab etmirəm ki, Rusiya sülh razılaşmasına hər nə qədər bunu istəsə belə, əngəl törətməyə cəhd edir. Məqsəd sadəcə Qərbin təşəbbüslərinə mane olmaq və bölgədə özünün də varlığını qarşı qütbə göstərməkdir. Amma Qafqazın taleyi artıq həll olunduğu üçün, Moskvanın yeni geosiyasi konfiqurasiyada rupor rolu oynamadığı üçün, üstəlik bölgədə Türkiyə-Azərbaycan tandemi ağırlıq təşkil etdiyi üçün Paşinyan bütün masalarda məğlubdu.
Qısacası, Paşinyanın görüş nəticəsində oturduğu stullar “altından çəkildiyi”nə görə onu böyük imtahan gözləyir qarşıda. Qərbdən qarşılaşacağı təhdidlər rəsmi İrəvanı xalqla da üz-üzə qoyacaq. Bunun üçün əsaslı səbəblər də formalaşıb. Belə ki, Paşinyan artıq “ingilis bayrağı” olmanın qurbanına çevrilməyə başlayıb. Fransada keçirilən seçkilərdə qatı ermənipərəst, Azərbaycanın suverenliyinə hörmətsizliyi ilə gündəmə gələn Valeri Pekresin 5 faizlik nəticə belə toplaya bilməməsi bu ölkədə uzun illərdən bəri hökm sürən ənənənin, yəni siyasətçilərin erməni diasporunun dəstəyini qazanmaq üçün ermənilərin maraqlarına cavab verməyə səy göstərməsi təcrübəsinin sıradan çıxdığını götərdi. Üstəlik, Makronun seçkiöncəsi debatda erməni soyqırımı ifadəsini işlətməməsi də nəinki Ermənistan hakimiyyətinin, bütövlükdə erməni icmasının qərbdəki fiaskosu idi. Bütün bunlar göstərir ki, mövcud hakimiyyət riyakar xislətinin acı nəticələrini yaşamağa başlayıb və qısa zamanda xalqla da uçurum dərinləşməsinə gətirib çıxaracaq ki, bu məqamlar Ermənistanın siyasi varlığını sual altına qoyur.