Professor Nəcəf Müseyiblinin “Leylatəpə-Maykop mədəni-tarixi Birliyi məsələsinə dair” adlı məruzəsi konfransın plenar iclasında dinlənilib. Məruzədə Şimali Qafqazda e.ə. IV minilliyin birinci yarısında meydana çıxmış, beynəlxalq elmdə məşhur “Maykop” arxeoloji mədəniyyətinin e.ə. V minilliyin sonları - IV minilliyin başlanğıcında Azərbaycan ərazisində təşəkkül tapmış “Leylatəpə” arxeoloji mədəniyyətinin ənənələri əsasında yarandığı maddi faktlarla şərh edilib. Hər iki mədəniyyət Şərqi Anadolu - Şimali Mesopotamiya mənşəli olub, əsas göstəriciləri ilə eyniyyət təşkil edirlər.
Dosent Anar Ağalarzadənin məruzəsi isə “Azərbaycanın cənub-şərq bölgəsinin Tunc və İlk Dəmir dövrü kurqanları” adlanır. Məruzə bölgənin kurqanlarının yayılma arealı, onların strukturu, arxeoloji materialları, dəfn adətləri kimi məsələlərə həsr olunub. Eyni zamanda məruzədə bölgənin kurqanlarının bəhs edilən dövrün tarixinin öyrənilməsində əhəmiyyəti qeyd edilib.
Konfransın yekun qətnaməsinə əsasən professor Nəcəf Müseyibli “Krupnov qiraətləri” konfransının Daimi Koordinasiya Şurasının tərkibinə daxil edilib.
Qeyd edək ki, 1971-ci ildən başlayaraq bir neçə ildən bir keçirilən bu konfrans görkəmli qafqazşünas sovet arxeoloqu Yevgeniy İqnatyeviç Krupnovun (1904-1970) adı ilə bağlıdır. Görkəmli alimin Azərbaycanın milli elmi kadrlarının yetişməsində də böyük xidmətləri olub. O, tanınmış Azərbaycan alimləri akademik Teymur Bünyadov, müxbir üzv İdeal Nərimanov, professor Cabbar Xəlilov və b. alimlərin namizədlik dissertasiyalarının elmi rəhbəri olub. Sonralar bu alimlər respublikamızda arxeologiya və etnoqrafiya sahələrində elmi məktəblər yaradıblar.