Ermənistanda aksiyalar: Yeni rəngli inqilab?

26 Aprel 2022 15:55 (UTC+04:00)

Süni və uğursuz dövlət olan, SSRİ-nin dağılmasından keçən 30 il ərzində müstəqil respublikaya çevrilə bilməyən Ermənistanın müxalifətdə olan partiyaları İrəvanda və digər məntəqələrdə etiraz aksiyaları keçirir. Ermənistanın regionlarından paytaxta yürüşlər təşkil olunur və may ayının ilk günündə İrəvanda izdihamlı mitinq baş tutmasına hazırlıq görülür. Aksiyalara kütləvi olmasa da, ali məktəb tələbələri də qoşulub. Belə etirazçı qruplardan biri bu gün aksiyaya “Artsax! Artsax! Artsax heç zaman Azərbaycanın tərkibində olmayıb və olmayacaq da!” şüarı ilə qatılıb.

Xatırladaq ki, Ermənistan müxalifəti yerli hökuməti Brüssel danışıqlarından öncə növbəti dəfə “xəyanət”də ittiham etmiş, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin araçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə baş nazirləri Nikol Paşinyan arasındakı görüşün ən azı konstruktiv ab-havasını pozmaq üçün hərəkətə keçmişdi. Brüssel görüşündən sonra isə təşkilatçılar və tərəflər məlumat yaydı ki, Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edib və İrəvan həmin şərtlər çərçivəsində Sülh müqaviləsinin hazırlanması, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərməyə hazırdır. Bütün bunlar Ermənistandakı “Qarabağ klanı”nı qıcıqlandırdı. Onlar fürsəti fövtə verməyərək hakimiyyət uğrunda mübarizəni yeni fazaya keçirdi, danışıqlar ərəfəsində Nikol Paşinyanın beynəlxalq aləmə istinadən verdiyi “Artsaxın statusu ilə bağlı iddialarınızın səviyyəsini aşağı salın” mesajını bəhanə edən revanşist qüvvələr küçələrə çıxdı. Təxminən bir həftə öncə Moskvaya səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan orada Rusiya prezidenti ilə görüşdü və nəticədə birgə bəyanat qəbul olundu. 30 bənddən ibarət olan bəyanatda Azərbaycan üçün həm müsbət, həm də narahatlıq doğuran məqamlar var. Müsbət məqam odur ki, Rusiya Cənubi Qafqazda BMT-nin prinsiplərini tanımaqda davam edir. Rusiyanın Ukraynaya qarşı apardığı savaş fonunda bu detal olduqca əhəmiyyətlidir. Ancaq sənəddə Rusiyanın Azərbaycan ərazisində- Xankəndi və çevrəsində yerləşən sülhməramlılarının məsuliyyət zonasından “Dağlıq Qarabağ” deyə bəhs edilməsi və Kremlin özünün də praktiki olaraq kənarlaşdığı ATƏT-in Minsk Qrupunun “potensialından və təcrübəsindən istifadə olunmasının vacibliyi” barədə deyilənlər narahatlıq doğurur.

Azərbaycanın irəli sürdüyü şərtlərin Brüssel danışıqlarında qəbul olunması, əlbəttə, diplomatik baxımdan olduqca ciddi uğur idi. Ancaq bu uğurun praktik vəziyyətə necə təsir göstərməsi müəyyən suallar doğururdu. Azərbaycan və Ermənistan Avropa İttifaqının üzvü deyil, Avropa İttifaqının Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına təsir üçün həlledici rıçaqlara malik olmaması da məlumdur. Bu rıçaq Rusiyanın əlindədir və Kreml Cənubi Qafqaza öz nüfuzunu ilk növbədə onunla diqtə edir ki, Ermənistanda hərbi bazası mövcuddur. Öz beynəlxalq oriyentasiyasına görə, yumşaq desək, Rusiyanın adamı olmayan Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr - Qərb dairələrinin onun qarşısında getdikcə daha qəti şəkildə qoyduqları tələb Ermənistanı Rusiyanın orbitindən çıxarmaq, nu mümkün olmadıqda isə, Kremlin diqqətini Şərqi Avropadan yayındırıb Qafqaza çəkməkdir. Əgər diqqət edirsinizsə, hazırda Paşinyan Brüssel danışıqlarında üzərinə götürdüyü öhdəliklərdən yayınıb, loru dildə desək, gah nala, gah da mıxa vurur. Nikol Brüsseldə “Rusiyasız sövdələşmə” modeli ilə hərəkət etməyə boyun olmuşdusa, artıq Moskvada Putinlə birgə verdiyi bəyanatda “Üçtərəfli format”a qayıtdı. Zira, onun bu formatda da üzərinə götürdüyü öhdəliklərə sadiq olmaması, konkret olaraq Zəngəzur dəhlizinin açılması, Ermənistanın işğalçı qoşunlarının qalıqlarının Xankəndidən çıxarılmaması göz önündədir. Nikol öz aləmində Azərbaycanı geopolitik təxribata çəkməyə, Moskva ilə üz-üzə qoymağa, “baxın, mən rəsmi Bakı ilə status davası eləmirəm, bacarırlarsa, Xankəndini Moskvadan alsınlar” deməyə çalışır. Sözü bu yerə gətirmişkən isə Kremlin bütün istədiklərinə “baş üstdə” deməklə öz hakimiyyətinə Vladimir Putindən təminat almaq istəyir. Bu, həm də Nikolun erməni toplumuna verdiyi o mesajdır ki, Moskva ilə İrəvan arasında münasibətlərin soyuqlaşması və ikinci Qarabağ savaşının başlanğıcında Vladimir Putinin neytral qalması onun adına bağlanmamalıdır.

İkinci Qarabağ savaşına zəmin yaradan ən önəmli geopolitik faktor 2016-cı ildən başlayaraq Rusiyanın Qaradənizdə sürətlə sıxışdırılması idi. Rusiyanın Ukraynaya savaş açmasının ən önəmli səbəblərindən biri də elə budur. Ukrayna savaşı Rusiyanın qarşısında dayanan Hamlet sualıdır. Bu suala Rusiyanın öz lehinə cavab tapması üçün Ermənistan ona nə vəd edir? Ərikdən başqa heç nə! Türkiyə Qaradənizdə, Azərbaycan isə Cənubi Qafqazda ciddi oyunçular kimi Rusiya üçün daha cəlbedicidir. İstər hərbi, istərsə də iqtisadi baxımdan Türkiyə və Azərbaycan arasında sıxışıb qalmağa məhkum olan Ermənistan yeni düzən arayışında olan dünyada rus bazası üçün torpaq sahəsi olmaqdan başqa üçün heç nə ifadə edə bilməz. Odur ki, Rusiyanın ənənəvi “ermənipərəst” siyasətinə tam geri dönməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən, Rusiya çox yaxşı fərqindədir ki, bu cür siyasətini yenidən davam etdirməsi regionda yaranmış yeni reallığı inkar etmək anlamına gələcəyindən onun strateji maraqlarına da ziddir.

Ermənistanın SSRİ dövründə Azərbaycanın tərkib hissəsi, Çar Rusiyasından öncə isə Qarabağ xanlığının əsas ərazisi olmuş keçmiş DQMV bölgəsini özünə birləşdirmək ideyası ölü doğulub. Ermənistan SSR bu barədə qərar qəbul etməsinə baxmayaraq, keçmiş DQMV ərazisini özünə birləşdirə və rəsmiləşdirə bilməyib. Azərbaycan torpaqlarının işğal altında olduğu zamanda isə yaradılmış “DQR”-in müstəqilliyini dünyanın heç bir dövləti, o cümlədən Rusiya və elə Ermənistanın özü də tanımayıb. 30 il ərzində Ermənistanın bütün siyasəti ona yönəlmişdi ki, “status-kvo” adlandırılan münaqişənin dondurulmuş vəziyyəti sonsuza qədər davam etsin, nəsillərin dəyişməsi müqabilində Azərbaycan ərazilərini azad etməyə cəhd etməsin. Bu siyasət də iflasa uğradı. İndi erməni revanşizmi son kartını işə salmağa çalışır, “Azərbaycanın yox, Rusiyanın tərkibində olaq” mesajı verir. Bu, Xankəndi və ətrafının daş üstdə daş qalmayacaq həddə qədər bombalanması deməkdir, ancaq təkcə bu deyil- Qafqazda bütün daşların yerindən oynaması, Türkiyənin İrəvana qoşun yeritməsi ilə nəticələnəcək yeni dünya savaşı deməkdir.

Bütün bunları göz önündə canlandıranda məlum olur ki, “Artsax heç zaman Azərbaycanın tərkibində olmayacaq” şüarı ilə aksiya keçirənlər reallıq hissini itirmiş, hakimiyyətə gəlmək üçün Qarabağ kartından istifadə etməyə çalışan tükənmiş qüvvələrdir. Bu qüvvələr erməni toplumunu küçəyə çıxarmaq üçün tez-tez vurğulayırlar ki, İrəvanda etiraz aksiyalarının genişlənməsi Azərbaycanın yeni hərbi əməliyyatlara başlamasına rəvac verməyəcək. Əlbəttə, Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması prosesi göstərir ki, Azərbaycanın Ermənistanın iç siyasi dəngələrinə təsir etmək üçün əlində ciddi rıçaqlar var. Bunu kim bilməsə də, Nikol Paşinyan və “Qarabağ klanı”nın liderləri çox yaxşı bilir. Odur ki, əgər Ermənistanda hakimiyyət dəyişəcəksə, bunun sifarişçilərindən biri məhz Azərbaycan olacaq. Azərbaycan isə bu “sifariş”i erməni cəmiyyətinə o zaman verə bilər ki, son nəticədə Zəngəzuru azad edəcəyinə əmin olsun. Bütün hallarda, Azərbaycan Ağdərədə “mövqelərini dəqiqləşdirməklə” Nikol Paşinyana açıq mesaj verdi ki, onun siyasi sürüşkənlik etməsinə bir həddə qədər dözümlə yanaşa bilər. Nikol Paşinyana rəsmi Bakının verdiyi vaxt daralır. O, erməni cəmiyyətini hazırlasa da, hazırlamasa da, Azərbaycan Xankəndidə öz suverenliyini qısa zamanda bərpa edəcək. Bu zaman Üçtərəfli Bəyanatın gerçəkləşməsinə qarşı çıxacaq qüvvələr- Rusiyanın nəzarətində olan “Qarabağ klanı”nın ənənəvi liderləri - Paşinyanın əsas rəqibləri Köçəryandan və Sərkisyandan qurtulmaq isə həm də Kremlin maraqlarına uyğundur. Əgər Ermənistandakı aksiyalar genişlənərsə və kütləvi iğtişaşa çevrilərsə, Rusiya Qazaxıstanda olduğu kimi, Paşinyan hakimiyyətinə dəstək verərək Köçəryan və Sarkisyanın üstündən birdəfəlik xətt çəkə, onun qarşısına məsələn elə Arayik Arutyunyanın timsalında yeni fiqurların çıxmasına şərait yarada bilər.

Taleh ŞAHSUVARLI