Bakı Kəndlər Birliyi - Milli Şura davası böyüyür

1 İyul 2013 11:29 (UTC+04:00)
"El" hərəkatının Məclis sədri, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Eldəniz Quliyevlə Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva arasında yaşanan söz atışması hələ də qarşılıqlı ittihamlarla davam edir.

Bu barədə AzNews.az-a açıqlama verən E.Quliyevin sözlərinə görə, M.Babayevanın Bakı Kəndlər Birliyi adından danışmağa heç bir ixtiyarı yoxdur: "Məlahət Babayevanın əsas istəyi odur ki, mətbuatda adı hallansın, Eldəniz Quliyev, yaxud da başqa kimsə onun ittihamlarına cavab versin. Əsassız aqressivlik, hikkə, hirs… Neyləyib bu Eldəniz sənə? Tərbiyədən, mədəniyyətdən, mərifətdən uzaq ifadələr işlədirsən, sonra isə deyirsən "mən mədəniyyət sahəsində işləmişəm".

Qeyd edək ki, E.Quliyevlə M.Babayeva arasında yaşanan söz atışmasının səbəbi Milli Şuranın ilk sessiyasında quruma üzv qəbul edilən üç şəxsin özlərini BKB-nin üzvü və hətta rəhbəri kimi təqdim etməsi idi.

E.Quliyev bildirib ki, M.Babayevanın onu bakılıları Milli Şuraya dəvət etməkdə günahlandırması gülməlidir: "Onun adını çəkdiyi şəxsləri ilk dəfə Milli Şuranın iclasında gördüm. Bakılıların adından danışırsa, onların ziyalıları var, qoy onlar danışsın. Bakı Kəndlər Birliyi adından danışırsa, bunun ona haqqı yoxdur. Belə birlik mövcud deyil. Biz bu cür çıxışlara fikir versək, mənzil başına yetişə bilmərik".

Milli Şura nümayəndəsi onu da qeyd edib ki, Hacı Vaqif və Hacı Əmrulla quruma Bakı Kəndlər Birliyi adından üzv olmayıb. Onların üzvlüyü fərdi qaydada həyata keçirilib.

E.Quliyevin sözlərinə görə, adı çəkilən şəxslərin Milli Şuraya üzv qəbul edilməsi zamanı onun dediyi yeganə söz Rüstəm İbrahimbəyov onları dəstəklədiyi ilə bağlı olub.

Bahar Rüstəmli
AzNews.az