“Azərbaycan və Çin arasında əmtəə dövriyyəsi artıb“

1 İyul 2013 12:37 (UTC+04:00)
İyirmi bir illik diplomatimik əlaqələr müddətində Çin və Azərbaycan arasında əmtəə dövriyyəsi 800 dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən "Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni vətəndaşların sosial-iqtisadi hüquqlarının inkişafı kontekstində" beynəlxalq konfransında çıxışı zamanı Çinin Azərbaycandakı səfiri Xun Çyuin bildirib: " Müstəqilliyin qurulmasının ilk illərində bizim ölkələr arasında ticarət dövriyyəsi cəmi 1,5 milyon dollar təşkil edirdi. Ötən il isə bu rəqəm 1,2 milyard dollara çatıb. Bu heyrətləndirici rəqəm bizim ölkələr arasında əlaqələrin inkişaf tempini yaxşı xarakterizə edir".

Onun sözlərinə görə, Çin və Azərbaycan arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur: "Bizim ölkələr və xalqlar arasında artıq uzun əsrlərdir ki, tarixi, mədəni və iqtisadi əlaqələr qurulub. Bu da sonrakı qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm bünövrə formalaşdırıb. Çin hökuməti Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bizim ölkələr arasında heç bir həll olunmamış məsələ yoxdur. İki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensivləşib. Çinin və Azərbaycanın əsas siyasi məsələlər üzrə mövqeləri eynidir və ya oxşardır".

Çinli diplomat qeyd edib ki, Azərbaycan və Çin müstəqillik və ərazi bütövlüyü kimi vacib aspektlər də daxil olmaqla hər iki ölkənin köklü maraqlarına aid olan məsələlərdə bir-birini dəstəkləyirlər: "Eyni zamanda bizim əməkdaşlığımız yalnız iqtisadi sahədə məhdudlaşmır. Çin və Azərbaycan arasında humanitar və mədəniyyət sahələrində qarşılıqlı əlaqələr uğurla inkişaf edib. Azərbaycanın bəzi təhsil müəssisələrində Çin dili və mədəniyyət mərkəzləri açılıb. Bu bizim ölkələrimizin arasında münasibətlərin sonrakı inkişafı üçün maraq və yüksək potensialın olduğunu göstərir".

AzNews.az