“Keçmişimizi və tariximizi unutmadan gələcəyə baxmalıyıq” - Oqtay Qasımov

30 Aprel 2022 22:50 (UTC+04:00)

“Dünənki konfransda Azərbaycan prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı Rusiyadan Ermənistana təyyarələrlə daşınan hərbi silah-sursatla bağlı verdiyi açıqlamalar əlbəttə ki, önəmlidir”.

Aznews.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüz etdiyi bir zamanda Azərbaycan prezidenti tərəfindən bu məsələnin yenidən xatırladılması 44 günlük Vətən savaşı zamanı Rusiyanın Azərbaycan ərazilərinin işğaldan azad edilməsi prosesinə münasibətinin bir daha göstəricisi kimi dəyərləndirilməlidir: “O zaman məlumatlı şəxslər bilirdilər ki, Rusiya bütün vasitələrlə Ermənistanın bu cür ağır məğlubiyyətə uğramasını istəmirdi. Buna görə də, bütün gücü ilə onlara dəstək verirdi. Ermənistanı hər yöndən silah-sursat və digər vasitələrlə dəstəkləyirdi ki, o bu cür ağır məğlubiyyətə uğramasın. Ancaq Gürcüstan o zaman Azərbaycanın strateji mütəffiqi olaraq öz üzərinə düşənləri kifayət qədər layiqincə həyata keçirdi. Gürcüstan ərazisindən Ermənistana hansısa hərbi yüklərin daşınmasına və Azərbaycana qarşı istifadə olunmasına imkan vermədi. Buna görə, əlbəttə ki, Gürcüstana böyük bir təşəkkür düşür. Çünki Gürcüstan mütəffiqlik və yaxın qonşuluq münasibətlərini bu formada göstərmiş oldu”.

Bu prosesdə Rusiyadan sonra Azərbaycana qarşı ən mənfi yöndə dayanan və erməni işğalını dəstəkləyən dövlətin İran olduğunu vurğulayan politoloq əlavə edib ki, İran həm hava məkanından, həm də öz ərazisindən Ermənistana hərbi yardımların daşınmasına icazə verib. Xatırlayırsınızsa, o zaman Güney Azərbaycanın əksər şəhərlərində İran hakimiyyətinin bu siyasətinə qarşı ciddi etirazlar olmuşdu. Həmin dövrdə Qazaxıstan və Türkmənistan rəhbərlərinin Azərbaycanın bu xahişlərini yerinə yetirməməsi, əlbəttə ki, bizi içdən incidirdi. O zaman Azərbaycan cəmiyyətində haqlı suallar yaranırdı ki, nədən eyni soydan olan bir millət və dövlət Azərbaycana qarşı istifadə olunacaq hərbi yüklərin daşınmasına imkan verir? Nəzərə almaq lazımdır ki, Qazaxıstan və Türkmənistan keçmiş SSRİ-dən çıxmış dövlətlərdir. Orada hələ də Rusiya təsiri çox güclüdür. Onlar Rusiyanın qəzəbindən ehtiyat edirdilər. Ona görə də, bir çox hallarda Rusiyanın tələblərini qeyd-şərtsiz yerinə yetirməyə məcbur olurlar. Mən onu daha çox bununla bağlayıram. Bu Azərbaycana qarşı hansısa pis niyyətin, qərəzin olduğu kimi deyil, sadəcə Rusiya təhdidindən qorxaqlıq kimi qiymətləndirilməlidir”.

“Sonrakı dövrdə müsbət olan odur ki, işğal prosesindən sonra Azərbaycanın qələbəsi nəticəsində bölgədə yeni reallıqlar yarandı. Azərbaycan artıq bölgənin önəmli ölkəsi kimi təqdim edilir. Bundan sonra hər iki ölkə Azərbaycanın bu qələbəsini təqdir etdi və müsbət fikirlər bildirdi. Artıq bu məsələlər Azərbaycan üçün keçmişdə qalıb. Düşünürəm ki, biz keçmişimizi və tariximizi unutmadan gələcəyə baxmalıyıq. Bilirisiniz ki, bu yaxınlarda Türk Dövlətləri Birliyi yaradıldı. Onun inkişaf etdirilməsi bizim gələcək strateji hədəflərimizdəndir və bu istiqamətlərdə işlərimizi qurmalıyıq. Türk dövlətləri bu istiqamətdə hərəkət edib güclənməlidir ki, gələcəkdə bu cür hallarda artıq qeyd edilən durumlarda olmayaq,”- deyə O.Qasımov əlavə edib./Demokrat.az