“Küçələrə çıxıb bağırmaq, bəyəm, fəaliyyətdir?”

1 İyul 2013 13:28 (UTC+04:00)


"El" hərəkatının Məclis sədri, Milli Şurasının üzvü Eldəniz Quliyevin Bakı Kəndlər Birliyi adında bir qurumun artıq mövcud olmaması barədə dedikləri qarşı tərəfi hiddətləndirib. Birliyinin sədr əvəzi Xanlar İbrahimov AzNews.az-a bildirdi ki, onlar quruma qısqanclıqla yanaşırlar: "Necə yəni, Bakı Kəndlər Birliyi adında qurum yoxdur. Eldəniz Quliyev özü də bura gəlib gedirdi. Qurum neyləməlidir? O boyda Milli Şura yaradıblar, fəaliyyətləri hanı? Mən necə deyə bilərəm ki, qurum fəaliyyət göstərmir? Qurultay keçirəndə hamınız gələcək və iştirak edəcəksiniz. Bakı Kəndlər Birliyinə qısqanclıqla yanaşırlar. Qurum 1992-1993-cü ildə yaddan çıxdı. Amma hər dəfə bu qurum Prezident və Milli Məclisə seçkilər ərəfəsində yada düşür. Hər şeyi açıq-aşkar demək lazımdır. Küçələrə çıxıb bağırmaq bəyəm fəaliyyətdir? Fəaliyyət camaatın səni necə qəbul etməyidir. Allaha şükür, bizim hörmətimiz var və camaat arasına çıxa bilirik."

X.İbrahimov Eldəniz Quliyevlə Məlahət Babayeva arasında baş verən qalmaqala da münasibət bildirdi: "Məlahət Babayeva sözlə özünü müdafiə edir. Bakı Kəndlər Birliyi hər bir üzvünün qayğısına qalıb, qalacaq da. Hətta bizdən inciyib gedən üzvlərimizi də müdafiə edir. Onun barəsində nə deyirlərsə, biz birlik olaraq, onun qarşısına çıxmağa hazırıq".

Bahar Rüstəmli
AzNews.az