Böyük Qayıdışın astanasında

6 May 2022 12:15 (UTC+04:00)

Hazırda dünya birliyi də bu reallıqları qəbul edir. Ermənistan üzərində qazandığımız tarixi Zəfərdən sonra dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarından Prezident İlham Əliyevə ünvanlanmış təbrik teleqramları da bunu təsdiqləyir. Hazırda Qarabağda yenidənqurma, bərpa-quruculuq işləri geniş miqyas alıb. Bu işlərdə dünyanın müxtəlif ölkələrinin şirkətlərinin iştirakı Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Qısa müddət ərzində tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, mürəkkəb relyefə malik Zəngilan və Laçın rayonlarında da beynəlxalq aeroportların tikintisinə başlanılması, Şuşanın tədricən beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi və digər bərpa-quruculuq işləri ölkəmizin qazandığı tarixi Qələbənin təntənəsidir. Artıq Zəngilan rayonunun Ağalı kəndinin sakinləri doğma ata-baba yurdlarına qayıtmağa hazırlaşırlar.
Bu sözləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Hüquq müdafiəçisi bildirib ki, bir neçə gün əvvəl dövlətimizin başçısı İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu barədə daha ətraflı məlumat verdi. Qeyd edildi ki, erməni faşistləri torpaqlarımızı 30 il işğal altında saxladıqları müddətdə Qarabağın digər əraziləri kimi, Zəngilan rayonu da böyük dağıntılara məruz qalıb. Ermənistan işğalçı qüvvələri bu rayonu demək olar yerlə-yeksan ediblər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb. Həmin binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Rayonun bütün kəndləri yerlə-yeksan edilib. Bütün bunlar erməni vandalizminin eybəcər sifətini bir daha bütün dünyaya göstərdi. Zəngilandakı acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Zəngilan rayonunda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən söhbət açan Ç.Qənizadə deyib ki, artıq rayonun tarixi-dini abidələrinin bərpası işlərinə başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Qarşıya qoyulan prioritet vəzifələrdən biri doğma dədə-baba yurdlarından didərgin salınmış zəngilanlıların azad edilmiş torpaqlara tezliklə qayıtmasıdır. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Göründüyü kimi, artıq Böyük Qayıdışın bir addımlığındayıq. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında yaxın günlərdə hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görəcək.
Komitə sədri bildirib ki, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ata-baba yurdlarına qayıtması zamanı təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf əsas amil kimi qərarlaşdırılıb. Bütün bunlardan ötrü dövlətimiz nə mümkünsə onu edir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün güclər Böyük Qayıdışın reallaşdırılmasına səfərbər olunub. Ölkəmizin iqtisadi qüdrəti də buna imkan verir. Ç.Qənizadə vurğulayıb ki, keçən il və bu il həmin məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni 4,4 milyard. Təbii ki, bu, son hədd olmayacaq. Təxirəsalınmaz işlərin görülməsi üçün də əlavə vəsait ayrılacaq.
Hüquq müdafiəçisi dövlətimizin başçısının Zəngilan rayonunda böyük infrastruktur layihələrin icra edildiyini, Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu barədə də məlumat verdiyini xatırladaraq bildirib: “Prezident İlham Əliyev dedi ki, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur”.
Ç.Qənizadə Zəngilan ərazisinin beynəlxalq əhəmiyyətindən də söhbət açıb. Deyib ki, rayonun ərazisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Eyni zamanda, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq.
Hüquq müdafiəçisi bildirib ki, Ağalı kəndinə köçürüləcək əhalinin məşğulluğu vacib məsələlərdən biridir. Dövlət başçımız da bu məsələni diqqətə çatdırıb. Bildirib ki, bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar yaradılacaq. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Ümumiyyətlə, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib. Kəndlər planlı şəkildə bərpa ediləcək. Ölkə Prezidenti deyib ki, hər bir yeni yaradılacaq və bərpa ediləcək kəndin Baş planı olmalıdır və baş planlar hazırlanır. Azad edilmiş bütün torpaqlarda görüləcək işlər ancaq baş planlar əsasında olmalıdır.
Prezident işğal müddətində dəhşətli cinayətlər törədən erməni vandallarına xəbərdarlıq da edib: “Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir”.