Çinli etnoqraf: “Şuşa balaca olsa da, dünya miqyasında çox böyük şəhərdir”

7 May 2022 17:08 (UTC+04:00)

Mayın 5-dən başlayan Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bir sıra xarici kulinar ekspert və bloqerlər iştirak edib.

Aznews.az xəbər verir ki, festivalın üçüncü günü də həm yerli, həm də xarici turistlərin anşlaqı ilə yadda qalıb.

Almaniyalı kulinar ekspert, Dubayın qida mütəxəssisi Uwe Micheeel Azərbaycan milli mətbəxinin özəlliyindən danışıb: "Azərbaycanın olduqca ləziz nemətləri və təamları var və bütün bunların da həm də hər birini xüsusi özəlliyi, özünəməxsusluğu diqqət çəkir. Mən həm dünən, həm də bu gün festivalda sərgilənən müxtəlif pavilyonlarda olmuşam və çox məmnunam".

Qazaxıstanlı turist Olqa Kaleniçuk isə Şuşa haqqında əvvəllər çox eşitdiyini, ilk dəfə gəlib görməkdən məmnun qaldığını vurğulayıb: "Şuşa haqqında çox eşitmişdim, bu gün isə gəlib görmək nəsib oldu. Və deyə bilərəm ki, bura deyildiyindən də gözəl məkandır, düşünürəm ki, hər kəs gəlib Şuşanı görməlidir".

Başqa bir qazaxıstanlı turist, jurnalist Aleksandr Kerimov isə Azərbaycan mətbəxinin orijinallığını qeyd edib: "Mən Almatıda dünya mətbəxi üzrə nümunələr hazırlayıram. İki gündür ki, buradayam və deyə bilərəm ki, Azərbaycan milli mətbəxinin dünyada bərabəri yoxdur. Burada sizin məşhur xaş, şah plov, düşbərəni daddım, indi isə kabab yeyəcəm".

Qida texnoloqu Gean-Pierre Gabriel də Azərbaycan milli mətbəxinin özəlliyinə diqqət çəkib: "İki gündür ki, burada bir-birindən maraqlı pavilyonlara baş çəkirəm və yeməkləri dadıram. Deyə bilərəm ki, Azərbaycana məxsus yeməklərin dadının dünyada bənzəri yoxdur. Şuşada olmaqdan isə oldum. Sizin mətbəxinizin sorağını eşitmişdim, bu gün isə dadmaq qismət oldu".

Çinli etnoqraf, aparıcı Jun Pak isə Şuşa şəhərinin dünyaca nüfuzu olduğunu qeyd edib: "Festivalda iştirak etmək mənim üçün böyük zövqdür. Bir şeyi xüsusilə qeyd eləmək istəyirəm ki, Şuşa balaca şəhər olsa da, dünya miqyasında çox böyük şəhərdir".