Paşinyanın regionun gələcəyi naminə son sınağı

10 May 2022 16:06 (UTC+04:00)

“Fransa meydanında” keçirilən etirazlara Ermənistan parlamentinin vitse-prezidenti, “Daşnakstyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, müxalif “Şərəfim var” blokunun (Sarkisyanın Respublika Partiyası koalisiya ortağı) liderlərindən biri və “Hayrenik” (vətən)partiyasının lideri Artur Vanetsyan, sabiq prezident, Qarabağ müharibəsi iştirakçısı “Hayastan bloku” lideri Robert Koçaryan, və digər şəxslər liderlik edirlər. İğtişaşların qızışmasında səbəb aprel ayında Brüsseldə sülh gündəliyinin təsdiq olunması, ardınca Paşinyanın Bakının irəli sürdüyü 5 təməl prinsipi qəbul etdiyini elan etməsi, həmçinin prezident İlham Əliyevin bütün çıxışlarda prinsipial mövqe göstərməsi və hətta 1918-ci il xəritələrini yada salması olmuşdur. Baş verən iğtişaşlardan sonra Paşinyanın XİN rəhbəri Mirzoyanı ABŞ-a göndərməsi təhlükənin şimal tərəfdən gəlməsi ehtimalını gücləndirir. Baş nazirin son dönəmlərdə ziqzaqvari siyasəti Putinin gözündən yayınmış deyil. Görünür ki, sonuncu Moskva görüşündə Nikolun qarşısına qoyulan şərtlər yerinə yetirilmədiyi üçün Moskva İrəvanda dalğalanmalara qərar verib.

İğtişaşlar nəticəsini verə bilərmi?

Belə görünür ki, Paşinyan artıq müxalifətin təzyiqlərini önləyə bilmir. Dayaqları artıq möhkəm deyil. Çünki, məlumdur ki, xarici siyasətdə birmənalı mövqe nümayiş etdirməməsi gec ya da tez hakimiyyətinin laxladılması ilə nəticələnəcəkdi. Müxalifətin də maliyyə və silah resursları kifayət qədərdir. Orduda müxalifətin təsiri qalmaqdadır.

Lakin digər tərəfdən, Paşinyanın ölkəsinin yenicə məğlubiyyətlə üzləşdiyi, xalqının ağır yaralar aldığı vaxtda 54 faizlik nəticə göstərməsi, erməni lobbisinin son dövrlərdə xeyli zəifləməsi və təsir mexanizmlərini itirməsi (Fransadakı seçki nəticələri bunun əyani sübutudur), xalqın artıq Qarabağ klanının yalanlarına inanmaması, düşdükləri uçurumun əsl səbəbini anlaması deməyə əsas verir ki, Paşinyan hələ bir müddət hakimiyyətini qoruyub saxlaya biləcək. Son dövlərin təcrübəsi göstərdi ki, Rusiyan Paşinyanı devirmədən onu hakimiyyətdə saxlayıb təzyiq etmək siyasəti yürüdür. Rusiya həm 2018-ci il inqilabında, həm 2021-ci il seçkilərində Paşinyana qarşı Koçaryan və Sarkisyanı gücləndirmək üçün hər şey etdi, amma alınmadı. Ona görə də siyasəti dəyişərək, Paşinyanın hakimiyyətdə qalaraq ona təzyiq siyasətinə keçid etdi. Paşinyan bunu anladığı üçün ehtiyat tədbirlərini də görür.

XİN Mirzoyan Vaşinqtonda Blinkenlə görüşdü. Bu görüşdə Ermənistan və ABŞ nüvə və digər enerji sektorları üzrə əməkdaşlıq haqqında anlaşma imzaladılar. ABŞ-da erməni yönümlü senator Frank Pallonenin məlumatına əsasən, Vaşinqton İrəvana enerji sahəsində müstəqil olmaq üçün kömək edəcək. Bəllidir ki, Ermənistan enerji cəhətdən Rusiyadan aslıdır və bu yardım aslılığın aradanq qaldırılmasına yönəldilib. Bu səfərdə Mirzoyan “USAİD” proqramı rəhbəri, Biden və Obama administrasiyalarının önəmli üzvlərindən olan Samantha Powerlə görüşüb. Bu görüşdə ABŞ-ın demokratiya, insan hüquqları və korrupsiya ilə mübarizə sayəsində İrəvana dəstəyi müzakirə edilib. Bəyanatda deyilir: ABŞ, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir; Ermənistanla Azərbaycan arasında sülh təşəbbüsünü alqışlayır; Qarabağda ermənilərin də yaşamasını istəyir; Bakı və İrəvan arasında Qarabağla bağlı yekun anlaşma gözləyir və bu anlaşmadan sonra Rusiya Sülhməramlılarının bölgədən çıxarılmasını arzulayır.
Buradan bir daha aydın olur ki, ABŞ artıq Qafqazda Rusiyanın dominantlığını qəbul etmir. Vaşinqton Ankara ilə İrəvanın dialoqunu dəstəkləyir, Birləşmiş Ştatlar Qafqazda Türkiyənin fəaliyyətini Qərb və NATO üzvü kimi qəbul edir, ABŞ Qarabağın Azərbaycanın tərkibində gələcəyi reallığını qəbul edir, tez bir zamanda İrəvan və Bakı arasında sülh müqaviləsinə və Rusiya sülhməramlı qüvvələrinin bölgəni tərk etməsini istəyir. AB isə aktiv şəkildə vasitəçiliyə başlayıb. AB 30 ildir münaqişədə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirdi. Brüssel ayrıca danışıqlarda iştirak edir. AB görüşündən sonra həmdə tərəflər arasında XİN və MN arasında birbaşa kommunikasiya xətti yaradılıb. Sülh müqaviləsi üçün işçi qrupu yaradılıb. Əgər AB 30 ildir Rusiyanın həll edə bilmədiyi və ya etmək istəmədiyi münaqişəni qısa zamanda həll edə bilsə, bu artıq Rusiyanın bu münaqişənin həllində ən böyük maneə olduğunu açıq ortaya qoyacaq və Rusiyanın təsir dairəsi olan bölgədə Qərb müsbət imic əldə edəcək və digər münaqişələr üçün presedent yaradacaq. Bu, Moskva üçün Cənubi Qafqazda fiasko demək olacaq.
Ukrayna müharibəsindən sonra Qərblə Rusiya arasında körpülərin dağıldığını nəzərə alsaq, bu Bakıya hər iki tərəf arasında manevr etməyə və Rusiyanı da konstruktiv mövqeyə məcbur etməsinə şərait yarada bilər. Hələlik Bakı İrəvanda baş verənləri diqqətlə izləyir və gözləmə mövqeyindədir. Beləliklə, İrəvanda baş verənlər bölgənin gələcəyinə ciddi təsir edəcək. Bölgədə situasiya Rusiya-Qərb qarşıdurmasının gələcək durumundan aslı olacaq. Əgər Paşinyan bu mərhələdən də sağ çıxa bilsə, Qarabağ klanı demək olar ki, bitəcək. İrəvanda hansı klanın liderliyindən aslı olmayaraq, bölgənin lideri isə Azərbaycandır. Şəxs olaraq Paşinyanı deyil, Ermənistan dövlətini və ordusunu məğlub etdiyimizə görə, klan dəyişikliklərinin yeni reallıqlara heç bir təsir gücü olmayacaq.

Züriyə Qarayeva

AzNews.az portalının siyasi şərhçisi