“Bunlar onu göstərdi ki, revanşistlərin sosial bazası güclü deyil” - Deputat

12 May 2022 12:19 (UTC+04:00)

Milli Məclisin üzvü Vüqar İskəndərov Ermənistanda baş verən etiraz aksiyaları ilə bağlı fikirlərini AzNews.az analitik-informasiya portalı ilə bölüşüb.

Millət vəkili bildirib ki, Ermənistanda baş verən “müxalifətin” təşkil etdiyi mitinqlərə və radikal hərəkətlərə bir neçə kontekstdən yanaşıla bilər.

“Ermənistandakı etiraz aksiyaları bunda maraqlı olan qüvvələrin hazırladığı ssenaridir. Digər məqam isə dırnağarası müxalifət kimi qeyd etdiyim Sarkisyan, Köçəryan, Ohanyan və digər canilərin, terrorçuların dəstəsidir. Onların əli azərbaycanlıların, günahsız insanların qanına boyanıb. Onlar elə öz ölkələri üçün də düşmən, cinayətkar funksiyasındadırlar. Çünki uzun illər hakimiyyətdə olaraq, Ermənistanı viran günə qoyublar. Büdcəni talayıb, korrupsiya ilə məşğul olublar. Bu reallığı artıq erməni xalqı bilir. Onlar bununla cinayətkar əməllərinə siyasi don geyindirərək özlərini sığortalamaq istəyirlər. Onlar yaxşı anlayırlar ki, Paşinyan hakimiyyətdə möhkəmləndikcə, onların sonu həbsxana olacaq. Xalq da əslinə qalsa , ondan bunu tələb edir. Əhalinin böyük əksəriyyəti onları Ermənistanın düşməni sayır. Onlar təkcə ölkənin büdcəsin yox xaricdən gələn ianələri də mənimsəyiblər. Revanşistlər hansısa səbəb axtarırdılar ki, Paşinyana hücum etsinlər. Bunun üçün mitinqlər təşkil edib, əhalini səfərbər etdilər. Paşinyan özü də meydandan gələn biri kimi burada taktika işlətdi. Artıq gördükdə ki, etirazçıların sayı böyük kütləyə çatmadı , əhalinin mütləq əksəriyyəti mitinqlərə qoşulmadı polis gücü ilə mitinqlər dağıdıldı. Radikalların bəziləri həbs olundu. Hətta bir nümayişçi öldü. Bunlar hər biri onu göstərdi ki, revanşistlərin sosial bazası güclü deyil”.

Vüqar İskəndərov 70 nəfər erməni ziyalısının Nikol Paşinyana müraciətinə də toxunub.

“Onlar Paşinyandan revanşistlərə meydan verməməyi, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması, qarşılıqlı ərazilərin tanınması və aparılan danışıqların davam etdirilməsini xahiş ediblər. Bu da onu deməyə əsas verir ki, bu toplumda az da olsa rasional düşünməyə meyilli insanlar mövcuddur. Düşünürəm ki, bu mitinqlər get-gedə səngiyəcək. Sosial bazası zəif olan bu qrup məqsədinə çata bilməyəcək. Paşinyanın həm də qərb dövlətlərindən dəstəyi var. Paşinyan növbəti dəfə revanşistlər üzərində qələbə qazanacaq. Azərbaycan düşmən ölkə olsa da, Ermənistanda sabitliyin olmasının tərəfdarıdır.

Çünki ilkin danışıq formatına start verilib. İkitərəfli danşışıqlar aparılır, təmaslar qurulur. Proses Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsiplərinə uyğun həyata keçirilir. İlkin görüşlərdə Ermənistanda həmin prinsiplərə qəbul etdiyini təsdiq edib. Biz danışıqların davam etdirilməsinin və sülh müqaviləsinin bağlanmasının , baza prinsiplərinin həyata keçirlməsinin tərəfdarıyıq. Bundan sonra bölgəyə dayanıqlaı sülh gələ bilər”, - deyə millət vəkili qeyd edib.

Şəbnəm Zahir