İƏT Ombudsmanlar Assosiasiyası Azərbaycanla bağlı hesabatını təqdim edib

16 May 2022 21:12 (UTC+04:00)

Mayın 16-da Ankara şəhərində Türkiyənin Baş Ombudsmanı və İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən ötən ilin sentyabrın 14-dən 19-dək Azərbaycana səfər çərçivəsində Şuşa, Ağdam və Tərtər şəhərlərində aparılmış yerində araşdırmaların nəticələri əsasında hazırlanmış hesabatın təqdimatı keçirilib.

Aznews.az xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təqdimat mərasimində iştirak edərək hesabatla bağlı fikirlərini bildirib.

Qeyd olunub ki, hesabatın hazırlanmasında əsas məqsəd zorla doğma yurdlarından qovulmuş ailələrin evlərinə geri qayıtması üçün Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsinin təşviq olunması, bu məsələ ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın və təzyiqlərin artırılması, işğal dövründə, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş insan hüquq pozuntularına qiymət verilməsidir.

Təqdimat zamanı diqqətə çatdırılıb ki, yerində araşdırmalar çərçivəsində işğaldan azad edilmiş ərazilərdəki dağıdılmış tarixi-mədəni abidələrə baxış keçirilib. Həmçinin nümayəndə heyətinin Azərbaycan torpaqlarında yerləşdirilən və xəritələri verilməyən yüz minlərlə minanın basdırıldığı ərazilərə səfər edərək minatəmizləmə prosesi ilə tanış olduğu da vurğulanıb.

Mətbuata verilən açıqlamalar zamanı Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə məlumat verməməsi, habelə mina probleminin ciddi təhlükə olaraq qalması barədə danışılıb.

Yekunda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.