Bir ayda 300 polis öldürüldü

1 İyul 2013 20:32 (UTC+04:00)
Əfqanıstanın Daxili İşlər nazirliyi keçən ay ərzində yaraqlıların yerli və milli polis qüvvələrinin təxminən 300 üzvünü qətlə yetirdiyini bildirib.

NATO-nun başçılığı ilə koalisiyanın ölkənin təhlükəsizliyinə görə məsuliyyəti əfqanların özlərinə təhvil verməsindən sonra Əfqanıstan təhlükəsizlik qüvvələrində tələfatların sayı artmağa davam edir.

Daxili işlər nazirliyinin sözçüsü Sadiq Seddiqi müxbirlərə bildirib ki, mayın 10-dan iyunun 13-ə qədər bir ay ərzində 299 polis işçisi öldürülüb, 618 polis işçisi isə yaralanıb. Keçən il eyni vaxtla müqayisədə ölüm halları 22 faiz artıb.

Seddiqinin bildirdiyinə görə, hərbi qüvvələrlə birgə əməliyyatlar nəticəsində 753 yaraqlı qətlə yetirilib, 300-dən çox yaraqlı isə həbs edilib. O, 180 mülki vətəndaşın da öldüyünü bildirib.

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri NATO-nun başçılığı ilə koalisiya qüvvələri arasında tələfatların son beş ildə ən aşağı səviyyədə olduğunu bildirib. İyun ayında NATO Əfqanıstanda təhlükəsizliklə əlaqədar bütün əməliyyatları əfqan qüvvələrinə təhvil verib.

AzNews.az