Partiya sədri Gültəkin Hacıbəyli və Rəsul Quliyevdən yazdı
1 İyul 2013 22:46 (UTC+04:00)
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. AzNews.az həmin yazını təqdim edir.
Son günlər siyasi arenada ən çox marağımı cəlb edən tipajlar, özünü əxlaq dərsi keçməyə (zorla) sövq edənlərdir. Onları təxminən "Hacı"təxəllüsünün durmadan artan bəzi təmsilçilərinə bənzədirəm. Və ya, maşınının qabaq "bardaçok"undan zoğal arağı çıxan,"əsas içki-zad deyil, gərək adamın qəlbi təmiz olsun"- söyləyən iman sahiblərimiz nə qədərdirsə, aldığını alan, satdığını satan, sata bilmədiyini isə "rasxod"a vermək üçün məqam gözləyən əxlaq mücahidlərimiz, mücəssimələrimiz də təxminən bir o qədərdir...
Ya bildiyim əxlağın pəri avazıyıb, ya tanıdığım meyarlar gedib işinin dalınca, ya da elə ortalıqda olan budur- pisin içindən yaxşı seçmək məcburiyyətindəyik....
***
Hal-hazırda çox maraqlı bir video-çəkilişə baxıram. Və deyim ki, bu kaseti arxivdən məxsusən tapdım: Mənim üçün dəyəri çox böyük olan insan, eyni zamanda əsl(və nə təəssüf ki, həm də unudulan) Əliyevçilərdən biri Abutalıb Səmədovun Ulu Öndər haqqda qələmə aldığı kitabın təqdimatıdır. Aparıcı isə millət vəkili Gültəkin Hacıbəyli..
Bu cavan və istedadlı xanım Heydər Əliyevlə, İlham Əliyevin yürütdüyü siyasətlə, Azərbaycanın bu günü ilə bağlı o qədər gözəl fikirlər soyləyir ki...Sözlər, kəlmələr, sitatlar, haqqı olan təriflər bir-birinə muncuq kimi elə bir şəkildə düzülüb ki... Möhtəşəmliyin belə ötəsindədir. Tam səmimi deyirəm, möhtəşəmliyin belə ötəsində!
Anidən Gülüstan sarayının izdihamlı salonuna transfer edirəm özümü. Çünki o tədbirin həm də canlı iştirakçısıyam. Dəyərli siyasət müəllimim Abutalib Səmədov bir gün öncəki razılaşmamıza əsasən mənə çıxış verəcək. Bu isə siyasi elitanın tam heyətlə toplandığı həmin tədbirdə mənim üçün çox ciddi bir fürsət olmalıdır. Fəqət..nə çıxış? Nə danışacam? Gültəkin Hacıbəylinin o dolu nitqindən sonra nə danışmaq olar? Deyiləcək, söyləniləcək sözmü qoydu bizə? – özümə ünvanladığım sualların qarşısında qorxunc bir susqunluğa qapılmışam. Və, düşüncəmdə də qətiyyən yanılmıram. Çünki Gültəkin xanım gerçəkdən mümkün olan ən gözəl şeyləri deyib. Onun ardınca ən usta natiq belə sönük, parıltısız görünər.
Və həmin an bir də yanımda oturan tanımadığım 2 ağsaqqalın xanım millət vəkilinin nitqinə xitabən şövqlə, sakit səslə, heyrətamiz tərzdə etdiyi tərifi xatırlayıram: Sənə halal olsun qızım. Eşq olsun sənə Gültəkin Hacıbəyli. Bu iqtidarın sənə göstərdiyi etimad, verdiyi çörək halalın olsun"
***
" Heydər Əliyev yolu Azərbaycanı nicata aparan tək yoldur və eyni zamanda hesab edirəm ki, 2013-cü ildə də Azərbaycan xalqı alternativi olmayan bu siyasətin davamını istəməli, növbəti 5 il üçün Prezident kürsüsündə Mehriban xanım Əliyeva oturmalıdır"- Bu fikirlər isə nə mənə, nə də bir başqasına deyil,"müxalifətin vahid namizədi olmağa hazıram"deyən Rüstəm İbrahimbəyova məxsusdur. Hələ referendum keçirilmədən öncə söyləyib. Həm də bu, təxminən o vaxta təsadüf edir ki, Oskar mükafatlı rejissor bir yanda Şəhidlər Xiyabanı ətrafında "yağlı"və"bərəkətli"torpaq sahələrini gözaltı etmişdi, digər yanda isə Kinomotoqrafçılar İttifaqının büdcəsi xırıt-xırıt yeyilirdi. Üstəgəl qardaş da deputat...
"Mənim uğurlarımda Heydər Əliyevin misilsiz əməyi var. Onun məsləhətlərini, tövsiyyələrini görməzdən keçmək mümkün deyildi. Çünki o ən düzgün, ən lazım olanları söyləyirdi" - Bu gözəgəlimli kəlmələrin sahibi də hər zaman bir sifəti olan, əqidəsini heç nəyin müqabilində dəyişməyən İbrahimbəyovdur
***
Heydər Əliyevin Surət Hüseynovla bağlı keçirdiyi fövqəladə toplantıda Rəsul Quliyevin oturuşuna, davranışına baxın. "You Tube"da var. Amma Allah xətrinə baxın. Adam 3-cü sinif şagirdini xatırladır. Necə məsum, fağır, icraçı baxışları var. Desən get Şamaxı yolundan siqaret al gəl, düşünmədən gedər. Amma indi...əjdaha Nadirdən betər olub. Danışanda ağzına çullu dovşan sığmır. Elə bilərsən Ruzveltin, Çerçilin ruhunu buna transfer ediblər. Adam gerçək anlamda dahilik,"iki şəxsiyyətlilik","hallusinasiya"sindormu daşıyır. Avroatlantik məkana inteqrasiyadan tutmuş quş qripinə qədər hər şeyə münasibət bildirir. 20 il ərzində ingilis dilini nə cür öyrənibsə, siyasi əxlaqı da ətrafına, tərəfdaşlarına o şəkildə aşılayır...
Və, o həm də bir zaman bədbəxt(oxu: bədbaxt) dediklərinin sırasına qoşulub. Gərək ki, bədbəxtliyin fəlsəfəsini, nəzəriyyəsini daha yaxından, daha üzdən əxz etmək həvəsinə düşdüyü üçün...
Nəhayət, bu cılız siyasət fiquru haqqda bir neçə gün öncə eşitdiyim maraqlı bir əhvalatı da sizlərə nəql etmək istəyirəm. Mənə də millət vəkili olan çox yaxın bir dostum danışıb. Demək hadisə 1995-ci ildə vaqe olur. Rəhmətlik Anar Məmmədxanovun rəhbərliyi ilə Respublika sarayında"Bakılı oğlanlar"ın növbəti konserti keçirilirmiş. Gənc istedadlar səhnəciklərin birində əksər məmurlar kimi Rəsul Quliyevi də təqlid edirlər. Bu məqam isə eks-spikerin xoşuna gəlmir. Konsertdən sonra pərdə arxasına, qeyri-rəsmi görüşə gələn Quliyev İmanov qardaşlarından birinə öz kəskin etirazını bildirir. Cəmi bir neçə dəqiqəlik aralıqla məkana təşrif buyuran Ulu Öndər isə hadisədən dərhal xəbər tutub, gülə-gülə qayıdır ki..: "Çox bəyəndim sizləri, afərin. Əsas da Rəsulu oynayan oğlan-əla idin. Təbrik edirəm"
Və beləcə Rəsul Quliyevin xoruzu sərt şəkildə qoltuğuna verilir...
***
Siyahı genişdi. Hansı birindən danışım bilmirəm. Bimirəm ki, Heydər Əliyevin səhhətii ilə bağlı Klivlenddən gələn kritik xəbərdən 3-cə dəqiqə keçməmiş Fərhad Əliyevin dəstəyi götürüb çevriliş planı quran hansısa şərəfsizə "cənab Prezident"deməyindənmi danışım, yoxsa bütün ömrü boyu Ulu Öndərin yan-başında hərlənən Akif Muradverdiyevin, Əli İnsanovun xəyanətlərindənmi?
Övladının toyunda Əli Kərimlinin oturduğu masaya məxsusi qulluq elətdirən iqtidaryönlü partiya sədrinin "cəfakeşliyindənmi" danışım, yoxsa 2005-ci ildə "Rəsul gəlir"-deyə, təyyarənin enişini belə gözləmədən rayonlara, xəstəxanalara və şeytan bilir hansı cəhənnəmə qeyb olan iqtidar "fədailərindənmi"?
1 həftə öncə Elçibəylə bağlı keçirilən anım tədbirində Eldar Namazovun kövrək baxışla fotoqraflara poz verməyindənmi danışım, yoxsa, Hüseyn Abdullayevin yazdığı "əsrarəngiz" mahnılardanmı?!
Mövzu o qədər tarım ki...