Nasxanım nənə deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır: “Düzdür, ömrü verən Allahdır, lakin sən də özünü gözləməlisən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz”. Nasxanım nənədən uzunömürlü, gümrah və cavan qalmasının sirrini soruşanda məlum oldu ki, o, gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyir, rejimini heç vaxt pozmur.
Ağbirçək nənə deyir ki, masanın üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır, yeməkləri qarışdırmaq olmaz.
Nənənin qızı Yavər İmaməliyeva bildirir ki, anası hər zaman təbii ərzaqlarla qidalanır. Hər gün təbii bal və müxtəlif tərəvəzlərdən yeyir. Boyat çörək və ya yeməyi ümumiyyətlə yemir. Toyuq və mal ətini yeməsə də, qoyun əti sevimli yeməklərindən olub.
Bu il nənə 106 yaşını qeyd etməyə hazırlaşır. Yaşının çox olmasına baxmayaraq, o, özünü gümrah hiss edir.
Qeyd edək ki, 105 yaşlı Nasxanım nənənin 4 övladı, 15 nəvəsi, 20 nəticəsi, 2 kötücəsi var. /azertac.az/