Qadirin ən acı xəbəri

20 May 2022 11:12 (UTC+04:00)

Bizim binaya ilk köçənlərdəndi. “Köhnə uşaqlar” olaraq ona öz aramızda “lider” deyərdik. Bu namı, statusu ona əslində heç kim verməmişdi, özü-özünü “lider” elan etmişdi və hamı da razılaşmışdı. İlk baxışdan zarafat idi, baməzə söhbətlərə, xoş ovqata vəsilə olan, xüsusən Etibar Cəbrayıloğlu liderə cangüdənlik etməyə başlayanda hamımızı uğunduran şirin bir ərk idi. Amma arxasında Qadirin hamıya ərkinin çatması, xeyirdə-şərdə təşkilatçılıq eləməsi, bir növ dostlar, tanışlar, həmkarlar arasında əlaqələndirici rolunu üzərinə götürməsi dayanırdı.

Qadiri uzun illərdir tanıyırdım. Bu illər ərzində onu yalnızca vicdan anlayışı ilə hərəkət edən görmüşəm. Yumşaq adam deyildi, amma mehribandı. Dəyərlərə, prinsiplərə, mənəviyyata üstünlük verən, maddi mənfəətləri arxa planda tutan insandı. Açıq fikirli, açıq sözlü, olaylara Azərbaycanın milli maraqlarından baxmağa çalışan təcrübəli imza idi. İqtisadiyyat üzrə təhsil almışdı, bu sahədə ölkənin ən yaxşı jurnalistlərindən biri sayılırdı.

Qadir təkcə peşəkar jurnalist deyildi, vətəndaş cəmiyyətində öz yeri olan QHT sədri idi, dəfələrlə parlament seçkilərinə qatılmış ictimai-siyasi xadim idi.

Biz tərəfdə- Qarabağ- Zəngəzur bölgəsində “Qadir” ismi yoxdu, “Qədir” var. Odur ki, mən ona daha çox “Qədir” deyə müraciət edərdim. Bəzən zarafata salıb “qədrimi bil, yoxsa sənə Qadir deyəcəm” deyə damarını tutardım. Əslində bunu deməyə ehtiyac yoxdu, hamının- cəmiyyətə bütün faydalı adamların qədrini bilir, hörmətini saxlayardı.

Mətbuat Şurasının sədri Əflatun Amaşovla şəxsi münasibətləri çox yaxşı idi. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini eşidəndən sonra Amaşovun açıqlamasını oxuyub toxtadım. Dövlətin nəzarətində müalicə olunması Qadirin sağalacağına, ayağa qalxacağına ümid yaratdı. Amma canını tapşırırmış. Bir neçə gün öncə yazdığı kimi, torpaq anasına və ana torpağa qovuşmaq üçün yol üstündəymiş, son yolçuluğa hazırlaşırmış. Övladlarını yerbəyer etmədən əbədi yuvasına can atırmış.

Yerin behişt olsun, Qadir!

Sən bu dünyadan peşəkarlıq apardın, şərəf apardın, ləyaqət apardın, vicdan apardın, xeyirxahlıq və təəssübkeşlik apardın.

Sən bu dünyaya bir dərs verib getdin.

İnsanlıq dərsi!

Mərdlik dərsi!

Təmənnasızlıq dərsi!

Vətənpərvərlik dərsi!

Və bir də ancaq Jurnalistlər Binasında qalan köhnə uşaqların- 90-cı illərin ikinci yarısında mətbuata gələnlərin heç unutmayacağı LİDERLİK DƏRSİ!

Taleh ŞAHSUVARLI