Rumıniya lideri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

21 May 2022 19:00 (UTC+04:00)

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Aznews.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu bayram ərəfəsində mən Rumıniya ilə Azərbaycan Respublikası arasında bir çox səviyyələrdəki dialoqun və əməkdaşlığın ikitərəfli strateji tərəfdaşlıq vasitəsilə möhkəm təməllər üzərində inkişaf edəcəyinə və şaxələnəcəyinə qəti inamımı ifadə edirəm.

Xüsusilə regional əhəmiyyətli enerji və nəqliyyat kimi strateji sahələrdə ikitərəfli iqtisadi inkişafın intensivləşdirilməsi və şaxələndirilməsi qarşıdakı dövrdə ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil edir.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun inkişafına dəstəyini davam etdirəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunması kontekstində Sizin Rumıniyaya səfər etməyinizlə bağlı dəvətimizi bir daha çatdırmaq istəyirəm.

Cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz”.