Çingiz Əsgərov: "Bu, məhkəmənin nüfuzunu möhkəmləndirir"

24 May 2022 19:25 (UTC+04:00)

"Ali Məhkəmə, ümumiyyətlə məhkəmə sistemi tələbələrin inkişafında, onların hazırlıqlı olmasında, nəzəri biliklərlə yanaşı təcrübi biliklərinin də inkişaf etdirilməsində maraqlıdır".

Aznews.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Milli Məhkəmə Müsabiqəsinin XI buraxılışının final mərhələsi ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib.

O, tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı əsasında məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar barədə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsində aparılan struktur dəyişiklikləri barədə məlumat verib.

Sədr müavini sözügedən Fərmanın icrasından irəli gələn məsələlərin həlli ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər, xüsusilə də yazılı icraata keçidin əhəmiyyətidən danışaraq bildirib ki, Ali Məhkəmədə işlərə yazılı icraat qaydasında baxılması vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, tərəflərin şikayət və etirazlarının daha peşəkar səviyyədə hazırlanmasına, işlərə baxılması zamanı lazımsız vaxt itkisinin qarşısının alınmasına, eləcə də ümumilikdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edir.