“Vəkillərin sosial şəbəkələrdə bir-birlərini müzakirəyə çıxarmaqlarını düzgün hesab etmirəm”

25 May 2022 13:26 (UTC+04:00)

“Bu gün Azərbaycan vəkilliyi yeni yol tutub. Çalışırıq ki, qanunumuz təkminləşsin. Qanunda müəyyən boşluqlar var. Ancaq mən diqqətə çatdırmaq istəyirəm ki, vəkillər də bir-birinə qarşı hörmətlə yanaşmalıdırlar. Vəkillərin sosial şəbəkələrdə bir-birlərini ictimai müzakirəyə çıxarmaqlarını düzgün hesab etmirəm”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.

Sədr bildirib ki, əgər vəkil həmkarlarla bağlı problem varsa, bunu ictimailəşdirmədən öz aralarında həll etmək olar.

“Bu kimi halları ictimailəşdirəndə vəkillik hörmətdən düşür. Vəkillərin etik davranış qaydalarında da göstərilir ki, vəkil digər həmkarı barədə əsassız, yalan məlumat yaymamalıdır. Onun nüfuzuna ləkə yaxmamalıdır. Bu məsələyə diqqət etməyinizi xahiş edirəm. Vəkilliyin nüfuzu vəkillərdən asılıdır.

Biz öz nüfuzumuzu qorumasaq, başqa heç kim bizim nüfuzumuzu qorumayacaq”,- deyə Anar Bağırov vurğulayıb.

Şəbnəm Zahir