Əlikram Hümbətov ermənilərin radiosuna danışdı

2 İyul 2013 08:31 (UTC+04:00)
O işğalçılara öz təşəkkürünü bildirib

Onun çıxışını İranın dövlət radiosu da verib

Özünü separatçı "Talış-Muğan Respublikası"nın "prezidenti" elan etmiş, Azərbaycan vətəndaşlığından çıxarılan və Hollandiyada yaşayan Əlikram Hümbətov işğal olunmuş Şuşadan yayımlanan "Talış radiosu"na müsahibə verib.

Erməni mətbuatının məlumatına görə, 20 illik susqunluğunu pozan Ə.Hümbətov Şuşadan talışlar üçün radionun yayımlanmasını müsbət addım kimi dəyərləndirib. Öz separatçı çıxışına sadiq qalan Ə.Hümbətov radionun yaradıcısı olan ermənilərə "talış xalqını düşündüklərinə görə" təşəkkür etməyi də unutmayıb.

1993-cü ildə "TMR"in elan edildiyi günlərdən danışan Ə.Hümbətov özünü qondarma respublikanın legitim prezidenti adlandırıb və sağ olduğu müddətdə belə qalacağını iddia edib. Müsahibədə özünü "Talışıstanın lideri" elan edən Ə.Hümbətov talışları birləşməyə çağırmağı da unutmayıb.

Qeyd edək ki, müsahibə İran Dövlət Teleradiosunun Rəştdən yayımlanan talış xidmətində də efirə verilib. Ermənilər isə bunu guya etirazla qarşılayaraq, İran tərəfini Şuşada yayımlanan "Talışıstanın səsi" radiosundan bunun üçün müvafiq icazənin alınmamasında ittiham ediblər.

Elnarə Əlosmanqızı
AzNews.az