"Tək yaralı yerimiz meyit azlığıdır" - Lent.az Azərbaycanın ən unikal məkanından yazır...

26 May 2022 18:14 (UTC+04:00)

Bunu Lent.az-a Anatomiya muzeyinin yerləşdiyi İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri Anar Abdullayev deyir.

Bura ənənəvi muzeylərdən çox fərqlənir. Burada hər şey insanla bağlıdı, insana bağlıdı. Onlar balonların içindədi, onlar çox əcaibdi...

Anar bəy muzeyin tarixindən danışır əvvəlcə:

- BDU-nun yaradıcısı Razumovski bu kafedranın ilk müdiri olub. Sonra onu professor Malinovski əvəz edib. Daha sonra isə Anserov adlı alim müdir olub.

Bura 1936-cı ildən milli kadrlar rəhbərlik etməyə başlayıb. Deməli, 1936-1973 –Milli anatomiya məktəbinin banisi Kamil Balakişiyev, 1973-1990 professor G.S.Hacıyev, 1990-1995 R.Ə.Əsgərov, 1995-2022 Vaqif Şadlinski. Onun dövründə kafedra həqiqi inkişaf dövrü keçib. Bütün otaqlar modern qaydada kompüter və televizorlarla təmin olunub. Kafedranın sahəsi genişləndirilib.

Anar bəyin kabinetindən çıxıb muzeyə doğru irəliləyirik. İçəri girən ki, mumyalar haqda danışır:

- Bu mumyaların ikisini Malinovskinin tələbələri hazırlayıb. Onlardan biri 1925-ci ilə aiddir. Digəri isə Bakı kilsələrinin birində keçən əsrin 20-ci illərində tapılan qoca kişi mumyasıdır. Bu mumyaların hər biri təbii, gerçəkdir. Daxili orqanlar qalıbsa, deməli təbii modifikasiyadır. Misir piramidalarında mumyalarda daxili orqan tapmaq olmaz.

Çünki onlar onu çıxarıb ayrıca saxlayırlar. Burada olan bütün preparatlar ildə iki dəfə xüsusi məhlullarla təmizlənir. Həmçinin mumiyalar xüsusi hava şəraitində saxlanılır. Ən çətini preparatı hazırlamaq deyil, onu saxlamaqdır. Sümüyü saxlamaq üçün heç bir məhlula ehtiyac yoxdur. Sümük qalır. Amma digər strukturlar tez çürüdüyünə görə onları saxlamaq üçün məhlul lazımdır. Bu məhlullar da hamısı eyni ola bilməz. Beyni saxladığın məhlulla ürəyi saxladığın məhlul eyni ola bilməz.
Burda gördüyünüz bu balonların ağzı bağlanıb. Onların içindəki maye daim dəyişməlidir.

Anar bəy bəzi adətlərin bizə neandertal insanlardan keçdiyini söyləyir.

- İnsanlar hər zaman fərqlənməyə çalışıblar. Bunun üçün döymə, pirsinq və sair vasitələrdən istifadə olunub. Keçmişdə isə kəlləni deformasiya etmək dəbdə idi. Analar uşaqlarının başlarını xüsusi baş örtükləri ilə bağlayaraq müəyyən forma veriblər. Atillanın başına baxdıqda bunu görmək olur. Onlar da haranı işğal ediblərsə, bu baş forması ora dəb kimi düşüb.
Eramızın əvvəllərinə aid müxtəlif deformasiya olunmuş kəllələr var. Bunu belə xüsusi örtüklərlə, lövhələri insan alnına bağlayıb uzun müddət saxlamaqla ediblər.

Kafedra müdiri onu da deyir ki, qəbirlərin üzərinə gül qoymaq adəti də bizə neandertal insanlardan gəlir.

- Kəllə deformasiyası adəti insanlara neandertaldan qalıb. İraqda Şamidar mağarası var. Neandertallar 15 min il müasir insanla eyni dövrdə yaşayıblar. Müəyyən xüsusiyyətləri müasir insan onlardan əldə edib. Məsələn, ölünün qəbrinin üstünə gül qoymaq. Bu onlardan qalıb. Şamidar mağarasında axtarış edən alimlər görüblər ki, məzarların çoxunda gül qalıqları var.
Tapılan həddən artıq uşaq kəllələri göstərir ki, bəzi uşaqlar bu təbii eksperimentdən (kəllə deformasiyası) sağ çıxmayıblar. Amma kifayət qədər tarixi şəxsiyyətlər sübut edib ki, kəllə deformasiyasından sağ qalmaq da olur . İndi də Afrikanın bəzi qəbilələrində bu gözəllik simvolu hesab edilir.

Həmsöhbətimizin dediyinə görə, bu muzeyə uşaqların gətirilməsi qadağandır...

- Muzeyimiz tək tədris məqsədli deyil, bura müxtəlif kollektivlər də gəlir. Amma nəzərə almaq lazımdır ki, bura çox kiçik uşaqları gətirmək olmaz. İlk Anatomiya muzeyləri intibah dövründə yaranmağa başlayıb. Modern anatomiyanın banisi Andrey Vezalinin işlərindən sonra maraq artdı, daha çox muzeylər yaranmağa başladı. Bunların çoxu isə əyləncə məqsədi daşıyırdı. Hətta anotomik teatr da var idi.

Gəldik kafedranın Anomaliya şöbəsinə. İçəri girəndə Anar bəyin də dediyi kimi, müxtəlif formalı cansız, əcaib körpələr görürük, balonlarda.

- Bu gördüyünüz siam əkizləridir. Bu isə hidrosefaliya, yəni beyin mədəciklərinə həddən artıq mayenin yığılmasıdır.

Bu professor Malinovskinin böyrəyi və sidik kisəsidir. Böyrəyinin biri inkişafdan qalıb və o, sidik kisəsinin xərçəngindən vəfat edib.

Bu da təpəgöz. Anomaliya müxtəlif səbəblərdən yarana bilər. İndi bu hallar çox az olur, döl ana bətnində olur və ultrasəs müayinə vasitəsilə onun inkişafdan qalması haqda məlumat əldə etmək mümkün. Hamiləliyin qarşısı alına bilər. Keçmişdə isə bu imkanlar yox idi. Hətta mənbələrdə deyirlər ki, belə doğulan uşaqları xüsusi olaraq saxlayırlarmış, teatrlarda istifadə etmək üçün.

Anensefali var. Yəni beynin olmamağı və onurğa kanalının arxadan yırtığı. Bunlar başın beyin hissəsi inkişaf etməyənlərdir. Təsəvvür edin, bunların hamısı həqiqi, təbii eksponatlardır. Heç biri kukla deyil.

Sən demə, elə anomaliyalar var ki, insan onunla yaşaya bilir.

- Məsələn, qadındı, iki uşaqlığı var və bundan xəbərsizdir. Bununla insan yaşaya bilir. Məsələn, beyinsiz insan necə yaşasın? Belə olanları da ya ölü doğulur, ya da doğulandan bir neçə dəqiqə sonra dünyasını dəyişir. Bura əyləncə məqsədi daşımır. Elə bilin ki, bura bir qəbiristanlıqdır, hörmət etmək lazımdır. Torpaq qismət olmayanların məkanıdır bura.

Bura isə “Dayaq-hərəkət aparatı muzeyi”dir.

- Müxtəlif yaşlı uşaqların skeletləridir və hamısı təbiidir. Uşaq kəllələri. İnsanın üz kəlləsi beyin kəlləsindən fərqlidir. İnsanın üz kəlləsi beyin kəlləsinin dörddə birini təşkil edir. Amma yeni doğulanlarda bu nisbət daha fərqlidir. Üz beyin hissədən 8 dəfə kiçikdir.

Bizim düşmənlərimiz həmişə deyirlər ki, siz burda yaşamamısınız, burda olmamısınız, gəlməsiniz. Bunlar arxeoloji qazıntılar zamanı akademik Şadlinski tərəfindən Şəki rayonunda müəyyən edilmiş kəllələrdir. Kəllələrin etnik xüsusiyyətləri var. Azərbaycanlı kəlləsi erməni kəlləsindən fərqlidir. Bu tapılan kəllələr isə atəşpərəstlik dövrünə aiddir. Yəni, İslamdan da əvvəli dövrə. Tədqiqatlar göstərir ki, həmin kəllələr türk dilli tayfalara məxsusdur. Bu da o demədir ki, ermənilər burda olmayıblar və heç buranı tanımırmışlar. Bu da artıq elmi cavabdır.

Alim deyir ki, müasir insan aclıq dövründə neandertalları yeyib…

- Kannibalizm tarixi boyu olub. Amma bu müasir insan üçün xarakterik deyil. Müasir insan köpək dişindən istifadə etməyib. Hətta bəzi təkamülçülər deyir ki, köpək dişinin qısalması ilə insanın dəri örtüyünün tüksüzləşməsi paralel gedib. Köpək dişi qısalırsa, bu o deməkdir ki, bu canlı az aqressivdir. Onu da deyim ki, müasir insan aclıq dövründə neandertalları yeyib. Kannibalizm indi də bəzi vəhşi tayfalar tərəfindən davam edir. Həyatın qaydası budur da.


Kafedra rəhbəri deyir ki, klassik anatomiya meyit üzərində keçirilməlidir. Andrey Vezalini gecə meyiti qəbiristanlıqdan çıxardıb öz evində preparasiya edirmiş və öz yatağında saxlayırmış ki, birdən görən olar. Onun üçün çox ağır cəza idi. O cəzanın da qurbanı oldu. Onun ölüm günü oktyabrda dünya anatom günü hesab olunur. Heç kəs tərəfindən də tanınmadan öldü. Yalnız bir tələbəsi onu tanıyıb, dəfn etdi...

Dəhlizdə yan-yana düzülmüş çoxlu dibçək var...

Sən demə, farmalin preparatları çox olduğu üçün bura çoxlu gül-çiçək qoyulur ki, oksigen bərpa edilsin. Preparatların demək olar ki, hamısı zəhərlidir.

Anar bəy deyir ki, tək problemləri meyit azlığıdır...

- Bizim tək yaralı yerimiz meyit preparatlarının azlığıdır. Bu bir yandan da sevindirici haldır ki, maddi durum düzəlib, kimsəsiz adamlar demək olar ki, qalmayıb.

FOTO: Orxan Kərimov