Gürcüstan XİN: Azərbaycanla münasibətlər regional əməkdaşlığın nümunəvi modelidir

27 May 2022 19:18 (UTC+04:00)

Azərbaycan öz müstəqilliyini 1918-ci ildə Tbilisidə elan edib və həmin tarixdən həm Azərbaycan, həm də Gürcüstan dövlətçiliyin gücləndirilməsi, inkişafı istiqamətində bir çox çətinliklərlə üzləşib.

Aznews.az xəbər verir ki, bunu Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya deyib.

O bildirib ki, bu illər ərzində iki ölkə arasında qarşılıqlı etimada, dəstəyə və hörmətə əsaslanan güclü tərəfdaşlıq əlaqələri qurulub.

Darsaliya bu il Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini vurğulayıb. O, iki ölkə arasındakı əlaqələrin tarixi bağlara əsaslandığını qeyd edib.

“Bizim əməkdaşlığımız ikitərəfli qarşılıqlı mənfəətə əsaslanan regional əməkdaşlığın nümunəvi modelidir. Regiondakı hazırkı çətin vəziyyət bölgənin sabitliyinin və firavanlığının təmin edilməsi baxımından bizim əməkdaşlığımızı daha da vacib edir", - Darsaliya vurğulayıb.