“Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır” - Putin

30 May 2022 20:24 (UTC+04:00)

“Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır”.

Aznews.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib.

“Qərb dövlətlərinin uzaqgörən maliyyə-iqtisadi siyasəti nəticəsində dünya ərzaq bazarında yaranmış problemlər fonunda Rusiyaya qarşı sanksiyaların ləğvi ilə Rusiyanın əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə biləcəyi təsdiqlənib”-deyə, məlumatda qeyd olunub.

Həmçinin Putin Ərdoğanla söhbətində Rusiyanın Türkiyə ilə razılaşdırılmış şəkildə malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib.

“Ukraynadakı vəziyyət müzakirə edilərkən Qara və Azov dənizlərində təhlükəsiz naviqasiyanın təmin edilməsi, onların sularında mina təhlükəsinin aradan qaldırılması məsələləri vurğulanıb. Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılaraq malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir”.

Rusiya və Türkiyə Prezidentləri Rusiya Baş nazirinin müavini Aleksandr Novakın Türkiyəyə son səfərini də müzakirə ediblər və digər təmaslar barədə razılığa gəliblər.