Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır, dönməzdir

31 May 2022 14:29 (UTC+04:00)

Azərbaycanla birgə Cənubi Qafqazda sülh və inteqrasiya quruculuğuna töhvə verən Türkiyənin qardaşlıq əlaqələri regionda sülhün bərqərar olunması, ərazi və enerji təhlükəsizliyinə təminat, iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasında əsas zəmin rolunu oynayır. Bugün beynəlxalq siyasi gərginliyin dünyada artan xətt üzrə ikişaf etdiyi bir vaxtda Türkiyə ilə Azərbaycan dünya nizamını dəyişdirəcək səviyyədə mövqelərini bölüşür, birgə strategiya müəyyən edirlər. Bu əlaqələrin tarixinə baxdıqda görürük ki, münasibətlər həmişə tərəflərin arzuladığı kimi həyata keçməyib. İstər Osmanlı, istərsə də Türkiyə Cümhuriyyəti ilə yardımlaşmalar olsa da, o dövrlərdə qardaş ölkənin düşdüyü ağır siyasi, geostrateji vəziyyət əlaqələrin indiki vəziyyətə qalxmasına mane olmuş, Azərbaycana yetərli yardımın qarşısını almışdır. Bu durumu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım belə xarakterizə edib: “Vaxtilə Əbülfəz Elçibəy dörd helikopter istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan “Qarabağ sizin haqq işinizdir” deyə bildi. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib: “Biz sizin yanınızdayıq”. O vaxt Azərbaycana 4 helikopter verə bilməyən Türkiyə indi “F-16” qırıcıları ilə tarix yazmağımıza təkan verir, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayır.

Vətən müharibəsi təsdiq etdi ki, Türkiyə-Azərbaycan qardaşlığı tarixinin kulminasiya dövründədir. Bu kulminasiyanı yaradan isə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yaratdığı geosiyasi mühit və hər iki liderin tarixinə, kökünə bağlı olan şəxsiyyət amilidir. Çünki, yalnız xalqların qardaşlığının dövlətlər üçün də keçərli olmasının hər zaman mümkün olmadığının elə ən son dövrdə şahidi olduq. Prezidentlər əhəmiyyətli açılış mərasimlərində iştirak edir, dünyaya səs salacaq mesajlar verir. Azərbaycanın işğaldan azad olunan ərazilərində birgə quruculuq işlər görülür.

Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Rize-Artvin Hava Limanının açılış mərasimində cənab Ərdoğanın “Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda da özünü göstərib” deməsi Qarabağ münaqişəsinə rəvac verən güclərə barmaq silkələmə effekti yaratdı. Həmin güclər həm də Türkiyə-Azərbaycan qardaşlığının var olmasında da maraqlı olmamışlar. Artıq bu iki dövlətin ötən əsrlərdən qalma ideyalarının reallaşması üçün nəinki maneələr aradan qalxır, hətta həmin qüvvələrin özlərinin də yararlanacağı mühit ortaya çıxır. Azərbaycan neftinin, təbii qazının Avropaya nəqli, tarixi “İpək yolu”nun bərpasında birgə fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və başqa lahiyələr regional və qlobal səviyyədə dövlətlərə böyük dividientlər qazandırır. Türkiyə-Azərbaycan tandeminin regionda sülh və sabitliyin, inkişaf və rifahın əsas qarantına, erməni separatizmi və faşizminin əsas önləyici faktoruna çevrilməsi bütün dünya üçün əlverişli sülh mühitinin yaranmasına təkan verir.

Ən son Texnofest festivalının Bakıda keçirilməsi isə qardaşlıq əlaqələrinin fərqli şöləni idi. İki qardaş məmləkətin hərbi-siyasi rəhbərliklərinin ən yüksək səviyyədə təmsilçiliyi bunun sıradan hadisə olmadığını, üstəlik məhz 28 Mayda – Azərbaycanın Müstəqillik Günündə ölkə liderlərinin Bakıda bir araya gəlməsi “Bir millət – iki dövlət”in 104 il öncəki kimi şad gündə də, dar gündə də həmişə birgə olduğunun daha bir təzahürü idi. Bu festival beynəlxalq aləmə bir daha ağıl, texnologiya və cəsarətin bir araya gəldiyi halda nələrin yaşanacağını göstərmək baxımından da əhəmiyyətli oldu.

Nəhayət, Texnofest festivalı və liderlərin mesajları sülh gündəliyini maksimum dərəcədə sabotaj etməyə çalışan bədxah qonşumuza da unudulmaz anlar yaşatdı, Bakı və Ankaranın uzatdığı sülh əlini sıxmalı olduqlarından savayı yol qalmadığını xatırlatdı. Bu yolda Ermənistan bizimlə irəliləmək istəməsə, düşdüyü dalan vəziyyətlə hələ uzun müddət barışmalı və yaşamalı olacaq.

Züriyə Qarayeva