Əliyevin sərrast həmlələri və demarkasiyanın ən çətin zolağı - ŞƏRH

2 İyun 2022 18:48 (UTC+04:00)

Prezident İlham Əliyevin Zəngilanda etdiyi çıxış ilk növbədə İrəvanla aparılan danışıqlar barədə cəmiyyətə verilən hesabat idi. Öz çıxışında Ermənistandakı ictimai rəyin bütün diskurslarına dərindən bələd olan Azərbaycan lideri qarşı tərəfə xeyli mesaj da ünvanlamışdı. Özü də təkcə Ermənistan tərəfə yox, eyni zamanda danışıqlar prosesinin qalan aktiv və passiv iştirakçılarına da. Bəli, dövlət başçısı İlham Əliyev Zəngilanda Azərbaycanın rəsmi mövqeyini bütün parametrlər üzrə açıqladı, şərh etdi və həddən artıq mürəkkəb kontentə malik olan bir prosesdə milli maraqlarımızın prinsipial şəkildə qorunduğuna növbəti dəfə inam yaratdı. Əsas narahatçılıq nədən ibarətdir? Azərbaycan öz torpaqlarını hərbi-siyasi yolla düşməndən azad edib, 30 il boyunca ərazisini işğalda saxlayan düşmən ordusunun şəxsi heyətinin və texnikasının yarıdan xeyli çoxu sıradan çıxarılıb və düşmən ölkəni siyasi-ideoloji böhrana yuvarladıb.

Xeyli vaxtdır ki, Ermənistanda davam edən aksiyalar aydın şəkildə ortaya qoyur ki, Nikol Paşinyanın 44 günlük müharibədən sonra iqtidarını qoruması hələ İrəvanda siyasi böhranın aradan qaldırılması anlamına gəlmir. Bütün bunlara baxmayaraq Ermənistanın üzərində dayanmağımıza xüsusi ehtiyac olan bir təcrübəsi var- Azərbaycana qarşı ərazi iddilarının irəli sürülməsi və bizim tarixi torpaqlarımızın hesabına öz sərhədlərini genişləndirmə praktikası. Bu praktika sadəcə SSRİ-nin dağılması ərəfəsini və “soyuq savaş”dan sonra yeni dünya düzəninin formalaşması mərhələsini əhatə etmir. Cənubi Qafqazda müstəqil dövlət qurmaq hədəfinə malik olmamış bir toplum İrəvanı Azərbaycan Xalq Cümhuriyyətindən “güzəşt” kimi qoparandan bəri öz sərhədlərini genişləndirmək üçün sistemli fəaliyyət göstərib və bunu bacarıb da. Ermənilərin bu “nailiyyət”lərinin arxasında çox incə bir taktika dayanır: sahədə, regionda, dünyada nə baş verirsə, versin, özlərinə sərf edən status-kvo yaratmaq! Hələ 1919-cu ildə Azərbaycanla Ermənistan arasında rəsmi sülh danışıqları aparılmış, sərhədlərin müəyyənləşdirilməsi üçün konfrans belə təşkil olunmuş, İrəvan öz üzərinə öhdəliklər götürmüş və Xalq Cümhuriyyəti Zəngəzurdan ordunu çıxaran kimi ermənilər oranı hərbi nəzarətə götürmüşdülər. Əgər diqqət edirsinizsə, ermənilər yenə də tarixi təkrar etmək, “qoşunların güzgü prinsipi ilə müəyyənləşməmiş sərhəd xəttindən çəkilməsini” təklif edir. Ermənistan müxalifəti İrəvandakı “Fransa meydanı”ndan Nikol Paşinyanın imzalayacağı sülh sazişini tanımayacağını bəyan edir, Fransa paytaxtının meri isə qəfildən Xankəndidə peyda olur. Bütün bunlar sıradan və spontan olaylar deyil, erməni təcrübəsinin yeni status-kvo yaratmaq arayışıdır. Prezident İlham Əliyevin Zəngilanda verdiyi açıqlamanın kontent-analizi göstərir ki, Azərbaycan ermənilərin bütün məkrini dərindən başa düşür və Qarabağ savaşının tarixi qalibi olaraq heç bir halda İrəvanın “yeni status-kvo” yaratmaq təşəbbüsünə imkan vermək niyyətində deyil. Üstəlik, dövlət başçısı ona da açıq eyham vurdu ki, əgər Ermənistan yuxarıdakı məqsəd üçün vaxt udmağa çalışacaq və Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, o zaman biz də artıq Qərbi Zəngəzurda tarixi ədalətin bərpası üçün addımlaq atacağıq.

Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyasında ən ağrılı bölgə Laçın-Kəlbəcər istiqaməti olacaq. Bunun bir neçə səbəbi var. Əvvəla, hələ sovet dövründə ermənilər min bir fitnə ilə bu cinahda müəyyən ərazilər ələ keçiriblər. İkincisi, 44 günlük müharibədən öncə Ermənistan qondarma “DQR”-lə “sərhəd”lərini bir neçə kilometr qabağa çəkmişdi. Əgər diqqət edirsinizsə, İrəvan mediası və siyasətçiləri tez-tez Ermənistanın “suveren torpaqları”nın Azərbaycanın nəzarətində olmasından danışır. Ərazini az-çox tanıyanlar bilir ki, söhbət birinci Qarabağ savaşından sonra İrəvanın öz qafasına görə çəkdiyi uydurma sərhəddən gedir, nəinki hər hansı formada gerçəkdən Ermənistana məxsus olmuş ərazilərdən. Konkret bir fakt deyim. Ermənistana görə, onun “DQR”-lə sərhədi Zabux çayı idi. Halbuki bu çayın o üzündə Laçının minlərlə hektar ərazisi, kəndlər, yaylaqlar var ki, sovet dövründə mübahisəsiz şəkildə Azərbaycana məxsus idi.

Son günlər prezidentin köməkçisi Hikmət Hacıyevin təşkilatçılığı ilə Kəlbəcər-Laçın istiqamətinə diplomatların, bloqqerlərin səfərlərinin gerçəkləşməsi də məhz yuxarıda dediyimiz zərurətdən irəli gəlir. Rəsmi Bakı hava şəraitindən maksimum effektiv istifadə edərək 44 günlük savaşdan sonra atəşkəsin ən çox pozulduğu səmti yerli və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlayır. Nəzərə alanda ki, prezident öz köməkçisi Hikmət Hacıyevə daha bir ciddi vəzifə həvalə edib və o, Brüssel danışıqlarının hazırlanmasında xüsusi tapşırıq yerinə yetirir, məsələyə mütləq geniş rakursdan baxılmalıdır. Himət Hacıyevin, belə demək olarsa, tərəf müqabili- Ermənistan Təhlükəsizlik Şurasının katibi, Nikol Paşinyanın etibarlı nümayəndəsi olan Armen Qriqoryanın bu gün İrəvan mediasına verdiyi açıqlamlar da onu təsdiq edir ki, Azərbaycan prezidentinin öz köməkçisini Kəlbəcərə göndərməklə verdiyi mesajlar qarşı tərəfin, yumşaq desək, əsəblərini bir balaca gərginləşdirib.

Armen Qriqoryanın İrəvanda keçirdiyi birifinqdə “Siz təsdiq edirsinizmi ki, Qarabağ Ermənistandır” sualından yayınsa da, “Artsax ermənilərinin hüquq və azadlıqlarının təminatı üçün status müəyyən edilməlidir” deyə Azərbaycan üçün qapanmış mövzu barədə qıcıqla danışması da məhz bunun göstəricisidir. Bütün hallarda, artıq bir gerçəkliyi xüsusi olaraq nəzərə almaq lazımdır: Azərbaycan dövlətinin hədəfi 30 il boyunca işğal altında olmuş və 44 günlük savaşla azad edilmiş torpaqlarımızın bizə məxsus olmasını isbat etmək deyil- buna artıq kimsə şübhə etmir. Azərbaycanın siyasəti yeni status-kvo yaratmaq cəhdlərinin qarşısını almaq və şərtlərimizi Ermənistana ən qısa zamanda qəbul etdirməkdir. Prezidentin, komandasının, diplomatik korpusumuzun bütün addımlarına məhz bu rakursdan baxanda əlavə sual yaranmır və dedi-qoduya yer qalmır.

Taleh ŞAHSUVARLI