“Bir “paçka” Bakıya, bir “paçka” Naxçıvana“- Sabir Rüstəmxanlı

2 İyul 2013 10:53 (UTC+04:00)
Milli Məclisdə Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihədə Miqrasiya Məcəlləsinin sentyabrın 1-dən qüvvəyə minməsi təklif olunub.

Əli Hüseynli deyib ki, təşəbbüskar orqan Miqrasiya Məcəlləsinin avqustun 1-dən qüvvəyə minməsini təklif edir.

Millət vəkili Sabir Rüstəmxanlı hakimlərin siyahı ilə adbaad təqdim edilmədən ümumi siyahı əsasında təsdiqinə etiraz edib: "Yarım saat artıq vaxt gedərdi, adbaad təqdim olunardılar, biz də onları tanıyardıq. Yoxsa elə bil ki, "paçka-paçka" təyinatlar edilir. Bir "paçka" Bakıya, bir "paçka" Naxçıvana, bir "paçka" Şəkiyə, bir "paçka" Sumqayıta göndərilir".

Spiker Oqtay Əsədov isə Sabir Rüstəmxanlının etirazı ilə razılaşmayıb: "Hakimlərin tərcümeyi-halları qarşınızdadır. Yeni təyin olunanların əksəriyyəti hakim işləyirlər, sadəcə, yeni təyinatlar alırlar. Əgər onların tərcümeyi-halında nə isə olsaydı, qeyd olunardı. Niyə ümumi danışırsınız?! Etirazınız varsa, səs verməzdiniz".

Miqrasiya Məcəlləsinin avqustu 1-dən qüvvəyə minməsi ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

AzNews.az