Eyni amal uğrunda oxşar tale yaşayanların ismi... - Nərgiz Cabbarlı qeydləri

8 İyun 2022 22:58 (UTC+04:00)

Türk dünyası, türk birliyi dedikdə yada, ilk növbədə, ortaq dil, ortaq ədəbiyyat, ortaq mədəniyyət, ortaq mənəvi dəyərlər, ortaq inanclar düşür. Amma türk olaraq bizi birləşdirən yalnız dilimiz, dinimiz, vərdişlərimiz, adət-ənənələrimiz, inanclarımız deyil. Eyni zamanda yaşadığımız faciələr, məruz qoyulduğumuz soyqırımları, repressiyalar, keçdiyimiz əzablı, mübarizə dolu yollar, yaşadığımız oxşar talelərdir. Bizə qarşı tarixin hər dönəmində aparılan məqsədli siyasətdir. Dil, ədəbi dəyər, ideya daşıyıcılarımız olan işıqlı insanlarımızın tale ortaqlığıdır. Bizi bir-birimizə yaxınlaşdıran, doğmalaşdıran həm də budur.

Xüsusilə də sovet dövründə türk xalqlarına qarşı törədilən repressiyalar, ən işıqlılarımızın, düşünən beyinlərimizin, görən gözlərimizin, anlayan, milləti irəli aparmağa çalışan düşüncə sahiblərimizin məhv edilməsi Azərbaycan müstəvisində hansı səviyyədə olubsa, nə qədər canlar alınıbsa - hər birimizə bəllidir. Lakin bu məsələyə bir də ümumtürk kontekstində yanaşdıqda XX əsr türk xalqları tarixində nə qədər yazıçının, şairin, alimin, yaradıcı ziyalının məhv edildiyi insanı heyrətə gətirir. Bu səbəbdən də sovet dövrünün, xüsusilə məqsədli aparılan repressiya siyasətinin türkçülüyə və türk ziyalılığına, bununla həm də tarixinə, inkişafına vurduğu ziyan heç nə ilə ölçülə bilməz. Hüseyn Cavid bir zamanlar deyəndə ki: "Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz ziyalılar üçün nə qədər təəssüf ediləcək", əslində, faciəmizin böyüklüyündən xəbər verirdi. Yaşananların gələcək ağrılı və silinməz nəticələrindən danışırdı.

1937-ci ildə yalnız Azərbaycanda 29 yazıçı məhv edilmişdi: Hüseyn Cavid, Hacı Kərim Sanılı, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi Simurq, Əmin Abid, Seyid Hüseyn, Əliabbas Müznib... Bir faktı xatırlatmaq bəs edər ki, məqsədin nə qədər düşünülmüş və millət əleyhinə olduğunu dərk edəsən: Vəli Xuluflu, Əhməd Cavad, Məmmədkazım Ələkbərli, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Xalid Səid Xocayev, Hənəfi Zeynallı kimi qələm sahibləri bir gecədəcə qətlə yetirilmişdi.

Bu siyahı ümumtürk müstəvisinə çıxarıldıqda isə daha da böyüyür və daha geniş masştab alır.

Elə Birinci Türk dünyası ədəbiyyat və kitab festivalı çərçivəsində, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən "Eyni amal uğrunda oxşar taleyi bölüşənlər" adlı konfrans da diqqətimizi bu məqama cəlb etməklə, əslində, bizi birləşdirən bu cür ortaq nöqtələrin varlığını da xatırlatdı. Eyni zamanda da unudulmamalı olduğunu...

Konfrans millət sevdası ilə alışıb-yanan üç yazarla bağlı idi: Əhməd Cavad, Hüseyn Cavid və qazax şairi Əhməd Baytursınılı.

Hər üç taleyə, hər üç qələm sahibinin düşüncəsinin genişliyinə, apardığı mübarizənin böyüklüyünə, xarakterinin möhkəmliyinə, getdiyi yoldan dönməzliyinə və milləti üçün nə qədər böyük işlər gördüyünə (və görə biləcəyinə!!!) nəzər yetirdikdə oxşarlıq heyrət doğurur. Bir də millətin əlindən alınan dəyərlərin ağrısını yaşayırsan. Dərk edirsən ki, "Cümhuriyyət deyəndə hamıdan əvvəl yada düşən Əhməd Cavad" (Yaşar Qarayev), bütün amalı, bütün düşüncəsi turançılıq olan Hüseyn Cavid və xalqının işıqlı gələcəyi, təhsili, savadlanması uğrunda dayanmadan mübarizə apan Əhməd Baytursınılı və onlar kimi nə qədər repressiya edilmiş türk ziyalısının yaşamaq zorunda qaldığı eyni sonluq təsadüf deyil. Onlar milli ideologiyaya, milli dirçəlişə və milli düşüncəyə düşmən olan qüvvələrin bizdən qoparmağa çalışdığı, lakin böyük anlamda buna nail olmadığı şəxsiyyətlərdir. Fiziki anlamda onları alsalar da, mənəvi anlamda hər birinin ismi milli şüurumuzun, milli dəyərlərimizin ən üst zirvəsinə daşınıb və öz layiqli yerini tutub.

Aydın məsələdir ki, azadlıq, müstəqillik, dövlət quruculuğu... əvvəlcə ideyalarda, düşüncələrdə meydana çıxır, daha sonra ruhları, ürəkləri fəth edir, yalnız bundan sonra əməllərə ötürülür. Düşüncədə yaranmamış, ruhlarda yaşanmamış azadlıq həyatda heç vaxt qazanıla bilməz! Repressiyanın əsas səbəblərindən biri də bu idi: Ruhdan başlayan azadlığı sözlərində, yaradıcılıqlarında daşıyan və yaşadan ziyalıların aradan qaldırılması...

Məhz bu səbəbdən də Azərbaycan ruhunu, cümhuriyyət dövrünün azadlıq uğrunda aparılan mücadiləsinin ən bariz, ən dolğun və ən dəqiq izlərini yaradıcılığında qoruyan, müstəqil dövlətimizin ideoloqlarından olan Əhməd Cavad ilk hədəfə alınanlardan biri idi. Milləti əzməyə, sındırmağa, sürükləməyə və susdurmağa çalışan sistem əvvəlcə onun

Soranlara, mən bu yurdun,

Anlatayım nəsiyəm:

Mən çeynənən bir ölkənin

Haqq bağıran səsiyəm, -

yazan şairini məhv etdi...

Məhz bu səbəbdən XIX əsrin sonlarında Turan - vahid türk dövləti yaratmaq ugrunda mücadilə aparan Yusuf Akçura, Əlibəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Ziya Göyalp ilə eyni düşüncədə və eyni mücadilədə olan Hüseyn Cavid aradan qaldırıldı. Türkçülüyün əsas ideya qaynaqlarını əsərlərində yaşadan, cücərdən və böyüdən bir dahi susduruldu.

Gənc ömrümü atəşli tikanlar gəmirirkən

Üsyan edərəm varlığa birdən

Üsyan, Üsyan

ölü adət və təriqətlərə üsyan!

Üsyan!

Uydurma həqiqətlərə üsyan!

- yazan oyaq bir ruh qətl edildi.

Millətinin qurtuluşunu türkçülükdə görən, millətin tarixdə qalmasını türk ruhunun ölməzliyi və birliyi ilə əlaqələndirən söz adamı aradan götürüldü. Çünki türkçülük və turançılıq ideyası möhtəşəm olduğu qədər də qorxulu idi. Öz enerjisi, cazibəsi və çəkim gücü ilə qurucu olduğu qədər də (müəyyən qüvvələr üçün!!!) dağıdıcı idi.

Turana qılıncdan daha kəskin,

ulu bir qüvvət,

Yalnız mədəniyyət,

mədəniyyət, mədəniyyət, -

yazan Cavidin yaradıcılığında bu güc, bu qüvvə açıq-aşkar göründüyündən, yaşadığından və gücləndiyindən, sözsüz, hədəfə alınmalı idi.

Eyni mübarizə yolu ilə addımlayan, Qazaxıstanda Alaş Orda hərəkətinin liderlərindən olan şair, qəzetçi, tərcüməçi, folklorçu Əhməd Baytursunılının məhvinin səbəbi də elə bu idi.

Amma maraqlıdır ki, bu yazarları birləşdirən yalnız türkçülük deyildi. İdeologiya deyildi. Həm də nümayəndəsi olduqları xalqa duyduqları sevgi idi. Ruhlarındakı mübarizlik idi. Düşüncələrindəki aydınlıq idi. Bir həmlə ilə milyonları oyatmaq bacarığı idi. Dil, əlifba uğrunda mücadilə, savadlanma uğrunda mübarizə, müəllimlik, qəzetçilik - bir sözlə, nümayəndəsi olduğu millətin gözünün açılması, dərk etməsi, inkişafı naminə edilə biləcək nə varsa - hər birinə əl atmaları idi. Sanki hər üç ziyalı "bu millət üçün daha nə etmək olar" deyə dayanmadan düşünmüş və dayanmadan çalışmışlar...

Əhməd Baytursınılı da uzun illər müəllimlik edib, Hüseyn Cavid də, Əhməd Cavad da. Faktlara nəzər salaq: Hüseyn Cavid Gəncədə ruhani məktəbində, Pişnamazzadə məktəbində, Tiflisdə "Aliyev uçeniye" məktəbində, "İttifaq" məktəbində, Bakıda "Şəfa" məktəbində, Naxçıvanda "Rüşdiyyə" məktəbində, Bakıda qız məktəbində, Bakı Müəllimlər Seminariyasında işləyib. Əhməd Cavad Bakıda fəhlə fakültəsində, Nərimanov adına Texnikumda, Kənd Təsərrüfatı Texnikumunda, Kənd Təsərrüfatı İnstitutunda, Qubada müəllimlik edib. Dilçi kmi, kafedra rəhbəri kimi fəaliyyət göstərib...

Əhməd Baytursınılı isə müəllimliklə bərabər, ilk qazax məktəblərinin açılmasına nail olub. İlk dəfə qazax türkcəsində dərs vəsaitlərinin hazırlanması və yazılması onun adı və fəaliyyəti ilə bağlıdır. Hətta sürgün illərində pedaqoji təcrübəsinə əsaslanaraq qələmə aldığı və müəllimlər üçün hazırladığı "Oxu qaydaları" kitabı onun bu yolda etdiklərinin, sadəcə, bir zərrəsidir. A.S.Puşkin, M.Lermantov, İvan Krılovdan etdiyi tərcümələr, "Qırx misal" kitabı, satirik şeirləri... maariflənmə istiqamətində gördüyü işlərin, sadəcə, bir qismidir (Əhməd Cavadın da tərcüməçilik fəaliyyətini xatırlayaq: Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan"ı, V.Şekspirin "Otello"su, "Romeo və Cülyetta"sı, K.Hamsunun "Aclıq"ı, F. Rablenin "Qarqantua və Pantaqruel"i... məhz onun qələmi ilə Azərbaycan dilinə çevirilib).

Hər üç şairin həyatında mətbuat - qəzet böyük rol oynayıb. Çünki maariflənmənin əsas xətti idi. Əhməd Cavad "İnqilab və mədəniyyət" dərgisinin məsul katibi kimi fəaliyyət göstərib. Əhməd Baytursunılı "Kazax" adlı qəzetinin baş redaktoru kimi çalışıb. "Masa" (Ağcaqanad) imzası ilə satirik şeirlər yazıb və bu şeirlər "Masa"(Ağcaqanad) kitabında nəşr edilib.

Onları birləşdirən daha bir məqam 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak etmələri idi. Bir araya gələn və bir məqsədə xidmət etməyə çalışan millət sevdalılarının bu cəhdləri də üç taleyi bir "dayanacaqdan" keçirib.

Amma bu sadalananlar yenə də yalnız bir qismidir. Onların taleyində qələmlə bərabər, lazım gəldikdə silahla döyüşmək təcrübəsi də yaşanıb.

Əhməd Baytursınılının lazım gəldikdə əlinə silah alıb döyüşməsi Əhməd Cavadın türklərlə birlikdə Bakının hərbində iştirak etməsini, Bolqarlara qarşı hərbi əməliyyatlarda iştirakını, 1912-13-cü illərdə Balkan müharibəsində olmasını, Birinci Dünya müharibəsinin şərq cəbhəsində ermənilərə qarşı vuruşmasını yada salır.

Bir də mübarizlikləri, ruhlarının ölməzliyi, seçdikləri yolda son ana qədər dirayətlə davam gətirmələridir onları birləşdirən. Bu da, təbii ki, ürəklərindəki sevgidən alırdı öz gücünü... Məsələn, Əhməd Cavad haqqında, onun mübarizəsi, poeziyası, acınacaqlı taleyi haqqında düşünərkən hər zaman özünə aid olan "Sən öylə bir şeirsən ki, sevməyənlər anlamaz" misralarını qeyri-ixtiyari pıçıldamağa başlayıram. Çünki onu və onun kimi millət, milli düşüncə, istiqlal, türkçülük və türk birliyi ideyasının daşıyıcılarının mübarizəsi anlayış üçün məhz özünə bərabər bir sevgi tələb edir. Özü böyüklükdə bir sevgi... Anlamaq üçün o sevginin daşıyıcısı olmalısan. İçində belə bir sevginin, ən azı, cücərtiləri olmalıdır... O da yoxdursa, səpilmiş toxumları olmalıdır ki, zaman-zaman böyüsün, böyüdükcə, ruhunu bürüdükcə də özü ilə bərabər qəlbini də o böyüklükdə sevda ilə doldura bilsin.

Çox maraqlıdır ki, hər üç ziyalı seçdikləri yolda o qədər böyük bir millət və vətən sevgisi ilə və əzmlə addımlayıb ki... Dəfələrlə həbslərə, dəfələrlə təzyiqlərə məruz qalsalar da, sınmayıblar, dağılmayıblar.... Bu yolda siyasi fəaliyyət də böyük rol oynayıb. Məsələn, Əhməd Baytursunılı Moskvada "İttihad və Tərəqqi" adlı gizli bir təşkilatın üzvü olub. Hətta Qazaxıstanın maarif naziri olduğu illərdə belə bu fəaliyyətindən əl çəkməyib.

Əhməd Cavad isə cümhuriyyətin qurucularından biri idi... Türkiyədə 1915-ci ildə rus və erməni istilasına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" yaratması, bununla türk xalqına kömək göstərməyə çalışması kimi faktlar da onun fəaliyyətinin istiqamətindən xəbər verir...

Beləcə, hər üç türk aydını göstərdikləri fəaliyyətin, yaradıcılıqlarında boy verən ideyaların qurbanına çevriliblər.

Qazax, qırğız, türkmən, özbəklərin xarici ölkələrdə təhsilinə mane olan qanunlara qarşı mübarizə aparan Əhməd Baytursunılı hökumət əleyhinə təbliğatına görə dəfələrlə həbs edilib. Orenburqa sürgünə göndərilib. Partiya üzvlüyündən və vəzifələrindən azad edilib. Gizli millətçi təşkilatın qurulmasında ittiham olunub. Türk xalqlarını mübarizəyə təşviq etdiyi üçün, maarif və elm sahəsindəki böyük xidmətlərinə baxmayaraq, 1929-cu ildə yenidən həbs edilib. Güllələnmə hökmü almasına və səkkiz ay güllələnəcəyi günü gözləməsinə rəğmən hökm 10 illik həbslə əvəzlənib. 1934-cü ildə Maksim Qorkinin xanımı E.P.Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinə müraciətlərinin nəticəsi olaraq həbsdən azad edilsə də, 1937-ci ildə yenidən tutulub. Sovet dövlətini devirmək istədiyi üçün 1937-ci il dekabrın 8-də güllələnib.

Əminəm ki, bu faktlar hamımıza tanış olan Hüseyn Cavid və Əhməd Cavad həyatının müxtəlif anlarını hər kəsin yadına saldı. Dəfələrlə həbs, dəfələrlə müxtəlif günahlandırmalar, müxtəlif təşkilatlanmalarla bağlı suçlamalar və ən son məqamda - ölüm. Əhməd Cavad da 1937-ci il soyuq dekabr ayının 5-də güllələnib. Pantürkist adı ilə həbs edilən Hüseyn Cavid də 1937-ci ildə tutulub və 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Şevçenko kəndində donvurmadan dünyasını dəyişib. Soyuq dekabr günlərində üç böyük türk ziyalısının, qələm sahibinin məhvi...

Düzdür, digər repressiya edilmiş yazıçılar kimi Hüseyn Cavid də (6 mart 1956-cı ildə), Əhməd Cavad da (1956-cı ildə), Əhməd Baytursınılı da (1988-ci ildə) bəraət aldılar. Bu gün onların ismi də, yaradıcılığı da Azərbaycan və Qazax ədəbiyyatlarının ən layiqli, ən qürurlu və ən vazkeçilməz səhifəsini tutur. Bu gün bu yazarları, demək olar, tanımayan yoxdur. Lakin...

Bu gün üçün anlamalı, qarşıya qoymalı olduğumuz bir məqsəd də var: repressiyaya məruz qoyulmuş, böyük ideologiyanın məhvi naminə məqsədli şəkildə məhv edilmiş türk yazarlarının isminin bir müstəviyə gətirilməsi, bir millətin - Türk millətinin və ədəbiyyatının əlindən alınmağa çalışılan dəyərlər kimi qiymətləndirilməsidir. Həmçinin, dil, mədəniyyət, ədəbiyyat ortaqlığı kimi yaşadığımız tale ortaqlığının xatırlanmasıdır. Çünki bizi bir-birimizə yaxınlaşdıran, doğmalaşdıran həm də budur.