Şəhriyar Məmmədyarov "Norway Chess" turnirinin qalibi ola bilər

10 İyun 2022 09:05 (UTC+04:00)

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirinin qalibi ola bilər.

37 yaşlı qrossmeyster yarışın sonuncu - 9-cu günündə həmyerlisi Teymur Rəcəbovla ağ fiqurlarla oynayacaq.

Məmmədyarov hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov 9-cu sıradadır.

15 xala malik norveçli dünya çempionu Maqnus Karlsen liderdir. 32 yaşlı iti zəka sahibi sonuncu görüşündə bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir. (Report)