Azərbaycanın xilas günü

13 İyun 2022 14:08 (UTC+04:00)

Tariximizdə elə mühüm günlər olub ki, xalq heç unutmayıb. Belə günlərdən biri də tariximizə əbədi həkk olunmuş15 İyun – Milli QurtuluşGünüdür. Həmin gün xalqımız üçün sadəcə təqvim bayramı deyil, ictimai, siyasi və tarixi əhəmiyyətə malik, Azərbaycanın xilas olduğu gündür. Məhz həmin gündən başlayaraq, ölkəmizin yeni mərhələyə qədəm qoydu. Həmin gün ölkəmizin parçalanmaqdan, dünya xəritəsindən silinməkdən, vətəndaşqarşıdurmasından, xaos, anarxiya, özbaşınalıqdan xilas olmasının başlanğıcıdır, qurtuluştarixidir. Bu tarixi yaradan isə dövlət idarəçiliyində zəngin təcrübəsi olan, daim xalqına arxalanan, mərd oğul və qızlarımızın qanı bahasına qazanılmışmüstəqilliyimizin qorunub saxlanmasında, əbədiyyətə çevrilməsində müstəsna rol oynayan ulu öndər Heydər Əliyevdir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırı­şına səs verərək, Bakıya qayıtması dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. O məşəqqətli günlərdən 29 il keçir. Lakin, hadisələr hələ də unudul­mayıb. Ölkədə baş verən siyasi qarşı­durma, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin öz istədiklərini etmələri vəziyyət daha da ağırlaşdırırdı.

Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyindəki nitqində həmin illəri bir daha xatırlatmışdı: “Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı – 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı – Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı”.

Dövlət başçımız ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik illərində də Heydər Əliyevin daim xalqın yanında olduğunu və xalqa xidmət etdiyini diqqətə çatdırdı. Dedi ki, bütün bunlar ulu öndərin başlıca missiyası idi: “20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı Daimi Nümayəndəliyə gəlib, ora­da mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki, o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir”.

O vaxt ölkədə cərəyan edən hadisələrin canlı şahidlərindən biri kimi, bildirirəm ki, 1992-ci ilin may-iyun aylarında Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qal­masının əsas günahkarı respublika rəhbərliyi idi. Hakimiyyətdə elə adamlar təmsil olunurdular ki, onların ali təhsili belə yox idi. Dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan, qeyri-qanuni silahlı birləşmələr vasitəsilə vəzifəyə gələn belələri ictimai-siyasi hadisələrin gedişinə təsir etmək gücündə idilər. Əsas amalı var-dövlət toplamaqdan ibarət olan belə “rəhbərlər”ın iqtisadi, so­sial və mədəni sahələrdə atmış olduğu addımlar vəziyyətin normallaşmasından daha çox, onun gərginləşməsinə xidmət edirdi. Çünki heç bir idarəetmə təcrübəsi olmayan belə savadsız şəxslər özlərini milli azadlıq hərəkatının lideri və ya apa­rııcı qüvvəsi hesab edərək hakimiyyətin müxtəlif qollarında mühüm vəzifə tutur və məmura çevrilirdilər.

Uçurumun bir addımlığından çıxış yolu tapmaq üçün xalqı arxasınca apara biləcək liderə böyük ehtiyac yaranmışdı. Xalqın bu liderin yalnız Heydər Əliyev olacağına inamının bir səbəbi də həmin vaxt Naxçıvanda baş verən ictimai-si­yasi proseslər, demokratik hadisələr, müstəqillik yolunda atılan qətiyyətli addımlar idi.

Həmin vaxt Naxçıvan Ali Məclisinə sədrlik edən ulu öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar res­publikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul olunması və bu barədə Azərbaycan parlamenti qarşı­sında qanunvericilik təşəbbüsü qay­dasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi add­dımlar atıldı. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bay­rağı Dövlət Bayrağı kimi təsdiq olundu.

1991-ci il avqustun 26-dan Naxçı­van Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün struk­turları ləğv edildi. Xalq bütün bu demok­tarik hadisələrin respublikamızın hər yerində baş tutmasını istəyidi. Buna isə yalnız ulu öndər Heydər Əliyevin siyasi iradəsi, cəsarəti, qətiyyəti və millətinə olan sonsuz məhəbbəti sayəsində nail omaq mümkün idi. Xalqın tələbi də bu idi. Lakin, həmin vaxt ölkəyə rəhbərlik edənlərin vəzifə və var-dövlət toplamaq hərisliyi bütün vasitələrlə buna mane olurdu.

Ziyalılara olan hörmətsizlik, tanınmış ictimai-siyasi xadimləri hakimiyyətə ya­xın buraxmamaq, iqtisadiyyatın getdikcə tənəzzülə uğraması və sosial sahədə mövcud olan çoxsaylı problemlər xalqın mərkəzi hakimiyyətdən narazı­lığını getdikcə artırırdı. Digər tərəfdən, hakimiyyətdə olanların birincilik da­vası qardaş qırğınını gündən-günə yaxınlaşdırırdı. Həmin dövrdə Milli Qəhrəman, korpus komandiri Surət Hüseynov ilə hakimiyyət başında olan AXC nümayəndələri arasında kəskin bir qarşıdurma təhlükəsi yaranmışdı. Demək olar ki, rayonların əksəriyyətində Surət Hüseynovun rəhbərlik etdiyi silahlı birləşmənin gücü ilə mövcud hakimiyyətə itaətsizlik göstərərək yeni icra strukturları yaradılmışdı. Surət Hüseynovun bu özbaşınalığı Gəncə ilə Bakı arasında uçurum yaratmışdı. Həmin vaxt hakimiyyətin buraxdığı ən böyük səhv Gəncəyə – Surət Hüsey­novun üzərinə qoşun göndərməsi oldu. Bununla da qardaş qırğını təhlükəsi artdı.

İqtidarın Gəncəyə göndərdiyi ordu birləşmələri Surət Hüseynovun bri­qadası tərəfindən zərərsizləşdirilib tərksilah edildi. Ölkəmiz artıq vətəndaş qarşıdurmasının bir addımlığında idi. Bir tərəfdən də Ermənistan ordusu torpaqlarımızı hissə-hissə işğal edir, dinc əhalini dogma ev-eşiklərindən didərgin salırdı. Vəziyyətin son dərəcə gərgin olduğunu duyan AXC-Müsavat hakimiyyəti də Heydər Əliyevin Bakıya gəlməsini təkidlə xahiş edirdi.

Bu yerdə möhtərəm Prezidentimizin çıxışından bir məqamı diqqətə çatdır­maq istərdim: “Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Lide­rin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir”.

Heydər Əliyev həyatını riskə ataraq, o ağır və qorxulu günlərdə Gəncəyə getdi. Hamı düşünürdü ki, Gəncədə ulu öndərə qarşı sui-qəsd təşkil oluna bilər. Ancaq ulu öndərə qarşı olan xalq sevgisi bu məkrli niyyətin qarşısını aldı. Gəncənin ağır günlərində Heydər Əliyevin müdrikliyi, sərkərdə qüdrəti bir daha özünü göstərdi. Gəncə sakinləri ulu öndəri gül-çiçəklə qarşıladılar. Tarixi şəxsiyyət şiddətli atışmaların getdiyi yerlərə baxdı, vəziyyətlə ətraflı tanış oldu. Hər iki tərəfi diqqətlə dinlədi. Müdrik sözün, aydın zəkanın qüdrəti ilə atışmanın qarşısını aldı. Qaşla göz arasında olan vətəndaş müharibəsinə yol verilmədi.

İyunun 9-da ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahat­lıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri se­çildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-i ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Azərbaycanın daxili siyasi böhrandan qurtulması, beynəlxalq aləmə inteqrasi­yası, iqtisadi, siyasi, mədəni sahələrdə yüksəliş məhz bundan sonra müm­kün oldu. Həmin gündən başlayaraq, respublikamızda hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına, qeyri-qanuni silahlı birləşmələrin, həmçinin orduda yaranmış pərakəndəliyin ləğvinə nail olundu. Ümmilli lider Azərbaycanı parçalanmaq və məhv ol­maq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

Heydər Əliyevin inkişaf strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda Azərbaycan dünyada söz sahibi olan dövlətlərdəndir. İkinci Qarabağ müharibəsində qazandığımız qələbə Azərbaycanın dünya birliyindəki rey­tinqini daha da artırıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu daha da inkişaf etdirilmişdir və bu gün dünyanın ən güclülərindəndir. Rəsadətli ordumuz bu qəhrəmanlığı Vətən müharibəsində 44 gün ərzində düşməni darmadağın etməklə dünyaya sübut etdi. Bütün bu uğurlar 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycana töhfələridir.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,

hüquq üzrə fəlsəfə doktoru